Xəbər lenti


“Blinken və Ursula fon der Leyen İlham Əliyevlə yaxşı və konstruktiv danışıqlar apardılar və dedilər ki, biz bu gün təsvir olunan yolla gedirik”.

 

Ovqat.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

 

ABŞ rəsmisinin sözlərindən belə çıxıb ki, Azərbaycan prezidenti Brüssel görüşü barədə təfsilatları öyrəndikdən sonra özünün bəzi konstruktiv təkliflərini irəli sürərək Paşinyanla aparılan danışıqlara bir növ xeyir dua verib:

 

“Əliyev bunu (Blinken və Leyenin açıqladığı təfsilatları) başa düşdü, bizim bunu necə edə biləcəyimizə dair onun bəzi qeydləri və təklifləri olub. Amma o, həm də deyib ki, hər bir ölkənin Avropa və ABŞ ilə münasibəti o ölkənin  daxili işidir”.

 

Ədalətli və davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycanın səylərini dəstəklədiklərini və bu ruhda işləməyi davam etdirəcəyini bildirən O`Brayen bunun region üçün ən optimal yol olduğunu vurğulayıb.

 

Dövlət Departamentinin rəsmisi açıqlamasında Rusiya ilə Ermənistan arasında davam edən əlaqələrə də toxunub və erməni xalqının seçiminə hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb: “Biz görürük ki, Rusiya Ermənistanda və Cənubi Qafqazda tarixi, uzunmüddətli rol oynayır. Ümid edirik ki, biz Ermənistan xalqına demokratik islahatlar və iqtisadi tərəqqi yolunu seçərkən onlara dəstək ola bilərik. Biz bilirik ki, İrəvan və Moskva arasında dialoq davam edir, lakin hesab edirik ki, Ermənistan xalqının seçiminə dəstək və hörmət etmək vacibdir”.

 

Regionda Rusiya tərəfindən dəstəklənən dezinformasiya səylərindən danışan O`Brayen “mediada bu cür manipulyasiyaların gözlənilən” olduğunu bildirib:

 

“Bu sammitlə bağlı ittihamların səsləndirildiyini gördünüz. Bu sammit Ermənistan xalqını seçdiyi siyasi yolda dəstəkləmək və bunu Ermənistan hökumətinin arzulayacağı və Azərbaycan hökumətinin qəbul etməyə hazır olacağı regional və dinc iqtisadi inteqrasiyanı təşviq edəcək şəkildə həyata keçirmək üçün çox aydın bir yoldur”, - diplomat qeyd edib.

 

O həmçinin bildirib ki, Paşinyanla Qərb rəsmiləri arasında Brüsseldə keçirilən görüşün məqsədi Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, siyasi islahatlar və humanitar yardımın bölüşdürülməsi məsələlərinə diqqəti yönəltmək olub.

 

O`Brayenin sözlərinə görə, Blinken, Ursula fon der Leyen və Borrell Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini vurğulayıblar.

 

“Biz həmçinin 2018-ci ilin Məxməri İnqilabından sonra Ermənistanda baş verən demokratik transformasiyalara heyranlığımızı qeyd etdik. Biz Ermənistan xalqının demokratik istəklərini əks etdirəcək qlobal iqtisadiyyat və siyasi sistemin qurulması istiqamətində mühüm islahatların və səylərin şahidi olduq. Məqsədimiz bunu davam etdirməkdir.

 

Biz onu da bilirik ki, bu görüş Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması istiqamətində davam edən səylər kontekstində baş tutub”, - ABŞ rəsmisi bildirib.

 

O`Brayen vurğulayıb ki, tərəqqi və siyasi islahatlar insanların iradəsinə cavab verməli və bütün dünyada müxtəlifliyi və tərəfdaşlığı təşviq edəcək inklüziv idarəetmə üçün şərait yaratmalıdır.

 

Ermənistan Rusiyanın 2022-ci ildə Ukraynaya əsassız müdaxiləsindən sonra bu ölkəyə gələnlərə və Dağlıq Qarabağdan didərgin düşmüş 100 min insana dəstək olmaq kimi böyük məsuliyyəti öz üzərinə götürüb”, - deyən Amerika rəsmisi Vaşintonun İrəvanda aparılan islahatlara dəstək verəcəyini bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 504          Tarix: 6-04-2024, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma