Xəbər lenti

 

Paris Kiyevə "Mirage 2000-5" qırıcıları verəcək və 4500 Ukrayna hərbçisinə təlim keçəcək.

 

Ovqat.com-un məlumatına görə, Fransa prezidenti Emmanuel Makron ölkəsinin media orqanlarına açıqlamasında bu barədə bildirib.

 

 Dünən, iyun ayının 7-də ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edən Makron vurğulayıb ki, Ukrayna hərbçilərinin öz ərazisində təlim keçməsini eskalasiya cəhdi kimi dəyərləndirmək olmaz. “Bu, Ukraynanın qanuni tələbidir və bizim dəsti-xəttimizə uyğundur. Biz Rusiya ilə müharibə aparmırıq, sadəcə Ukraynanı tam dəstəkləyirik”, - Makron açıqlamasında deyib.

 

Fransa prezidenti həmçinin Paris tərəfindən 200 milyon avro büdcəsi olan və Ukraynanın infrastrukturunun yenidən qurulmasını hədəfləyən xüsusi fondun yaradıldığını da elan edib. 

 

Fransanın Ukraynaya nə qədər təyyarə göndərəcəyi barədə heç bir məlumat verməyən Makron bu təyyarələrin digər ölkələrin təmin edəcəkləri ilə eyni qabiliyyətə malik olacağını açıqlayıb. O əlavə edib ki, bu təşəbbüs Belçika, Hollandiya, Danimarka və Norveçin rəhbərliyi altında Ukrayna Hərbi Hava Qüvvələrinə F-16 qırıcı təyyarələrinin verilməsi səylərinin davamıdır.

 

Ukraynalı pilotların və quru personalının tezliklə təlimlərə başlamaq üçün Fransaya gedəcəyi gözlənilir.

 

Fransanın Ukraynaya tədarük edəcəyi təyyarənin öz inventarındanmı, yoxsa üçüncü ölkələrdənmi tədarük ediləcəyi də açıqlanmayıb. Məlumata görə, Fransa Hərbi Hava Qüvvələrinin arsenalında hazırda təxminən 30 Mirage 2000-5F və 65 Mirage 2000D döyüş təyyarəsi var və onlar 2000-ci illərin əvvəllərində xidmətə başlayıblar.

 

Fransanın “Mirage 2000-5F” döyüş təyyarələri “Mirage 2000” versiyasının modernləşdirilmiş formasıdır və raket hücumlarından müdafiə qabiliyyəti ilə fərqlənir. Mirage 2000D təyyarələri isə nüvə silahlarının daşınması üçün nəzərdə tutulub. Odur ki, sonuncuların Ukraynaya verilməsindən söhbət gedə bilməz. Bu hesabla, Parisin Ukraynaya nə qədər təyyarə verəcəyi və bunun hansı ehtiyatdan təmin edəcəyi böyük sual doğurur.

 

Əslində Fransanın Ukraynaya bu təyyarələri vermək planı yeni deyil. Ötən il Ukrayna Fransadan “Mirage 2000-5” döyüş təyyarələri istəmiş və bəzi ukraynalı personalın artıq Fransada təlimlərə başladığı iddia olunmuşdu. Məlumata görə, Ukrayna Müdafiə naziri Rustəm Ümerovun 2023-cü ilin noyabrında Fransaya səfərinin gündəliyində də “Mirage 2000-5” döyüş təyyarəsinin tədarükü vardı. Fransanın Müdafiə naziri Sebastian Lekornu ilə Rüstəm Ümerov arasında keçirilən görüşdə ukraynalı nazir ondan 6 ədəd Mirage 2000 döyüş təyyarəsi və bu təyyarələri idarə edəcək heyətin hazırlanmasını istəmişdi.  “Le Figaro” qəzeti 2023-cü ilin sentyabrında Mont de Marsan və Nensi hava bazalarında 30 ukraynalı pilotun təlim keçdiyini və Kiyevin Parisdən ümumilikdə 40 təyyarə tələb etdiyini bildirmişdi.

 

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri müharibədə verdiyi itkiləri kompensasiya etmək və Rusiya Hərbi Hava Qüvvələrinə qarşı texnoloji və say çatışmazlıqlarını aradan qaldırmaq üçün Qərb ölkələrindən müasir döyüş təyyarələri tələb edir. Bu tələbə cavab olaraq Hollandiya, Danimarka və Norveçin 60-dan çox F-16 təyyarəsinin Ukraynaya təhvil verilməsi üçün hərəkətə keçdiyi gələn xəbərlər arasındadır. Hollandiyanın noyabrın əvvəlində artıq ilk 5 ədəd F-16 təyyarəsi ilə yanaşı ukraynalı pilotlarına və yerüstü heyətə təlim keçmək üçün öz hərbçilərini Rumıniyadakı Feteşti Hava Bazasına göndərdiyi məlumdur.

 

Müşahidəçilərin fikrincə, Ukraynanın təkidlə “Mirage 2000-5” istəməsinin səbəbi bu təyyarələrin SCALP EG qanadlı raketlərini daşımaq qabiliyyətində olması ilə bağlıdır. “Mirage 2000” təyyarələri həmçinin “MBDA MICA”, “Matra R.550 Magic-II” kimi hava-hava, “AM39 Exocet” gəmi əleyhinə raketləri və idarəolunan sərbəstdüşmə bombalarını da daşıya bilir. 

 

Görünən budur ki, Ukrayna həmin təyyarələri alandan sonra Krıma hücumlarını daha da artıracaq. Hazırda o, rus istehsalı olan Su-24 təyyarələri vasitəsilə “Storm Shadow” və “SCALP EG” raketlərini Krımda bir çox hədəflərə göndərə bilir. Ukrayna son zamanlar həmin raketlərlə “Rostov-on-Donu” sualtı qayığına, “Ropuça” sinfinə aid “Minsk” desant gəmisinə və “Karakurt” sinfinə aid Askold korvetinə uğurlu hücumlar həyata keçirib. Bildirilir ki, Ukrayna “Mirage 2000” almaqla bu raketləri daşıya bilən platformaların sayını artırmaq niyyətindədir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 421          Tarix: 8-06-2024, 09:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma