Xəbər lenti


Əslində Prezident İlham Əliyevin dünən Türkiyəyə işgüzar səfəri gözlənilməz idi. Səfərdən sadəcə bir gün əvvəl axşam saatlarında Türkiyə Prezidentinin Mətbuat xidməti bu barədə yaydı və üzərindən bir neçə saat keçdikdən sonra İlham Əliyev Ankaraya getdi. İki liderin görüşünün mediaya qapalı keçirilməsi, görüşdən sonra mətbuat konfransının düzənlənməməsi, hər iki tərəfin mətbuat xidməti vasitəsilə yaydığı məlumatlarda müzakirə edilən məsələlərlə bağlı detallara çox yer verilməməsi bu təmasın təcililiyinə və məxfiliyinə dəlalət edir.

 

Bununla belə, görüşdən sonra yayımlanan rəsmi açıqlamalarda iki qardaş ölkə liderinin hansı məsələləri müzakirə etdikləri barədə müəyyən ipucları tapmaq mümkündür. Fikrimcə, görüşdə ələ alınan mövzuları belə təsnifatlandırmaq olar:

 

  1. Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqları;
  2. Xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutuna əsaslanan Orta dəhliz;
  3. Ukrayna Sülh Təşəbbüsündə ortaq fəaliyyət;
  4. İsrail-Fələstin məsələsi;
  5. Türk dünyası arasında inteqrasiya;
  6. Hər iki ölkənin BRİCS-ə qoşulmaq imkanları;
  7. Hərbi əməkdaşlıqların genişləndirilməsi və ortaq müdafiə strategiyası.

 

Liderlərin görüşündə ən çox diqqəti cəlb edən məsələ isə İsrail-Fələstin problemi və Turkiyə ilə Azərbaycanın yeni hərbi strategiyasının müzakirə olunmasıdır. 

 

İsrail-Fələstin problemi

 

Sirr deyil ki, II Qarabağ savaşında Azərbaycanın gizli müttəfiqlərindən biri İsrail idi. Ermənilər üzərində qazandığımız qələbədə İsraildən aldığımız silahların da böyük rolu vardı. Bununla belə, İsrailin son zamanlar Fələstində törətdiyi qətliamlar onun ən yaxın dostları tərəfindən də təqdir ediləsi vəziyyətdə deyil. Təsəvvür edin ki, İsrailin mövcudluğunun səbəbi sayılan ABŞ-dakı yəhudi lobbisi belə, bu qətliamlara laqeyd qalmır və Netanyahu hökumətindən savaşı dərhal dayandırmağı, “iki dövlətli çözüm” prinsipinə əsasən sülh danışıqlarına başlamağı tələb edir. İş o yerə çatıb ki, ABŞ-ın bu istiqamətdə İsrailə basqıları nəticə vermədiyindən Netanyahu hökuməti parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Artıq Netanyahu hökumətinin 4 ortağından biri Benni Qantz İrail Baş nazirinin müharibədən sonrakı dövr üçün aydın strategiyasının olmadığını əsas gətirib istefa verdi. Baxmayaraq ki, Qantzın bu qərarı Netanyahu hökumətinin düşməsi üçün kifayət deyil və bunun üçün daha 4 nəfər istefa verməlidir, amma onun məlum addımı İsrailin siyasi həyatında ciddi qırılmalara yol aça bilər.

 

Bəzi müşahidəçilərin fikrincə, İsrail ordusu üzərində mühüm təsir imkanı olan Qantzın istefası həm əsgərlər, həm də xalq arasında Netanyahunun imicinə ağır zərbə vuracaq. Hətta xalq etirazlarının güclənməsi hökuməti istefaya getməyə məcbur edə bilər. Netanyahunun nüfuzunu itirməsi nəticəsində Qantzın hakimiyyətə gəlməsi ehtimalı da istisna edilmir. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barədə həbs qərarı, habelə, Beynəlxalq Ədalət Məhkəməsinin İsraili soyqırım törətməkdə günahkar bilməsi və dərhal atəşkəsə çağırması, Təl-əvivin isə bu çağırışlara əhəmiyyət verməməsi bütün dünya dövlətlərini öz mövqelərini açıq şəkildə bildirməyə məcbur edir. Azərbaycan da bu məsələdə aydın mövqe ortaya qoymalıdır və Prezident İlham Əliyev özünün Misir səfərində çox açıq şəkildə öz sözünü dedi. O, Misirə səfəri zamanı Qəzzada müharibəni dayandırmağın, müstəqil Fələstin dövlətinin qurulmasının, paytaxtının isə Şərqi Qüds olmasının  vacibliyindən danışdı. Bununla da İsrail-Fələstin məsələsində qardaş Türkiyə ilə eyni sırada dayandığını bütün dünyaya nümayiş etdirdi.

 

İlham Əliyevin bu mövqeyi bir çoxları tərəfindən yəhudi lobbisi ilə körpüləri yandırmaq kimi alqılana bilər, əslində isə yəhudi lobbisinin böyük əksəriyyəti də Netanyahunun insanlığa zidd siyasətlərindən zinhara gəlib. Lobbinin bir çox önəmli şəxsləri Netanyahunun Fələstinə qarşı siyasətinin faşist zülmünə məruz qalan və buna görə də dünya tərəfindən xoşgörüylə qarşılanan yəhudiləri nüfuzdan saldığına inanırlar. Odur ki, mövcud hakimiyyətin istefasında və Qantz kimi mülayim şəxslərin hakimiyyətə gəlməsində maraqlıdırlar. Qantz isə İsrailin təhlükəsizliyinin əsasını Fələstin xalqı ilə deyil, HƏMAS-ı dəstəkləyən İrana qarşı mübarizədə görür. Öz məntiqinə görə haqsız da deyil. Zira Fələstinə qarşı qətliamlar törətmək nəinki HƏMAS-ı zəiflətmir, əksinə bu zülmlə qarşılaşan əhali və müsəlman dünyası onun ətrafında daha sıx birləşir. Üstəlik, Çin, Rusiya kimi dövlətlər Netanyahunun bu soyqırım siyasətini əsas gətirib ərəbləri öz ətrafında birləşdirirlər. Beləcə, Yaxın Şərq ABŞ-ın təsir dairəsindən çıxır, İsrail isə regionda və dünyada təklənir. Bu isə yaxın perspektivdə İsrailin özü üçün böyük təhlükə yaradır. 

 

Yeni status-kvo

 

Siyasi analitiklərin fikrincə, Netanyahu hökuməti istefaya getmək məcburiyyətində qalmasa belə, 2026-cı ildə öz səlahiyyət müddətini bitirir. Barəsində Beynəlxalq məhkəmələrin qəti hökmü olan, həm xalq, həm də yəhudi lobbisinin dəstəyini itirən bu komandanın yenidən seçkiləri qazanmaq şansı yoxdur. Xüsusilə Netanyahunu toxunulmazlığını itirdikdən sonra ən azından, bulaşdığı korrupsiya faktlarına görə məhbəs həyatı gözləyir. Bu durumda İsraildə gələcək hakimiyyətin rəhbəri Qantz ola bilər. Qantzın hakimiyyətə gəlməsi ilə İsrail-İran müharibəsinin başlanması da istisna deyil. Təbii ki, gözlənilən bu müharibədə ABŞ da İsrailə dəstək verəcək. İran isə böyük ehtimalla, əsl düşməninə qarşı yox, onun regiondakı sözdə “müttəfiqlərinə” hücum etməyə çalışacaq. Deməli, Azərbaycan həm özünün üzərindəki bu saxta imici ortadan qaldırmalı, həm də hər ehtimala qarşı müdafiə potensialını artırmalıdır. Fikrimcə, İlham Əliyev-Ərdoğan görüşündə müzakirə edilən mövzulardan birinin də hərbi məsələ olması bu baxımdan təsadüfi deyil. Yeri gəlmişkən o da təsadüfi deyil ki, İlham Əliyev Misirdəki məlum bəyanatından dərhal sonra Ərdoğan tərəfindən işgüzar səfərə dəvət olundu. Bununla da sanki Türkiyə bütün dünyaya Azərbaycanla eyni mövqedə dayandığını, xarici basqılara qarşı vahid cəbhədən çıxış edəcəklərini göstərdi


Ortaq qərar: BRİCS-ə üzvlük

 

Açıq şəkildə bəyan edilməsə də Ərdoğan-Əliyev görüşündə müzakirə mövzularından birinin də hər iki ölkənin BRİCS-ə qoşulması ola bilər. Məlumdur ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu yaxınlarda Çinə səfər etmiş və orada ölkəsinin BRİCS-ə qatıla biləcəyinini bildirmişdi. Bundan əvvəl isə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov ölkəmizin BRİCS-ə yönələ biləcəyi barədə açıq mesajlar vermişdi. O, XİN-in konfranslarından birində “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edərkən bir sıra tezislər səsləndirmişdi. Həmin tezislərdə XİN analitiki Azərbaycanın Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq etdiyini vurğulamış, “BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıqların təşviq olunduğunu” bildirmişdi. “Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır”, - deyən diplomata görə, BRICS-in fəaliyyəti əsasən 3 istiqamətə ayrılıb: “Siyasi və təhlükəsizlik əməkdaşlığı, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər”. Zənnimcə, bu fikirlər Qərb dünyasının basqılarından sığortalanmaq üçün Azərbaycan hakimiyyətinin BRİCS-ə yönəlmək istədiyinin diplomatik üslubda ifadəsi idi. Azərbaycanın bu incə mesajından sonra Türkiyə Xarici İşlər nazirinin də Çinə səfəri və orada dilə gətirdiyi sözlər iki qardaş ölkənin siyasi oriyentasiyası məsələsinə yenidən baxacağının ən bariz göstəricisidir. Rəsmi Bakının birgə ittifaq qurduğu Mərkəzi Asiya ölkələrinin Çinə və BRİCS-ə eyni mövqedən yanaşması da artıq sirr deyil.  Bu baxımdan BRİCS-ə üzv olmaq təkcə Azərbaycanın deyil, həm də Türk Dövlətləri İttifaqının da birgə qərarı ola bilər.

 

Heydər Oğuz,

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 180          Tarix: 11-06-2024, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma