Vyetnam Putinin sevincini gözündə qoydu: “Biz ABŞ-la strateji müttəfiqik və əməkdaşlığı inkişaf etdirəcəyik”
Rusiya prezidenti Vladimir Putinin Vyetnam səfəri ilə ABŞ-a “hava atması” uzun sürməyib. Putinin səfərindən 3 gün sonra Vyetnam Xarici işlər nazirindən Kremli pəjmürdə edəcək açıqlama gəlib.
Ovqat.com-un məlumatına görə, Vyetnamın xarici işlər naziri Bui Thanh Son mətbuata verdiyi açıqlamada ABŞ-ı ölkəsinin “strateji tərəfdaşı” adlandırıb.
Nazir bildirib ki, iki ölkə arasında münasibətlər heç vaxt indiki qədər güclü olmayıb. Bundan əlavə, o, Hanoyun Vaşinqtonla əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu bildirərək, Putin üçün əsl sürprizə imza atıb.
“Vietnam Plus” nəşrinin məlumatına görə, nazir Bui Thanh Son açıqlamasında təsdiqləyib ki, Vyetnam ABŞ-ı həmişə strateji əhəmiyyətli tərəfdaş hesab edib və bir-birinə qarşılıqlı hörmətə əsaslanan hərtərəfli strateji tərəfdaşlığın səmərəli, sabit və əhəmiyyətli inkişafı üçün Birləşmiş Ştatlarla işləməyə hazırdır.
Bui Thanh Son bu açıqlamanı dünən, iyunun 22-də ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Krietenbrink ilə görüşdən sonra yayıb.
Xatırladaq ki, Vladimir Putin iyunun 19-da Vyetnama rəsmi səfər etmiş, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, baş nazir və Milli Məclisin sədri ilə danışıqlar aparmışdı. Görüşlərdə tərəflər çox mühüm əməkdaşlıq müqavilələrinə imza atmışdılar.
Paylaş: