Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
8-10-2024, 20:43
Ədalət SALMAN: 1957-ci ildə Cəlilabadda doğulub. Ali təhsillidir, ixtisasca filoloqdur.
Böyük ədəbiyyata gəlişinə ustad Xəlil Rza Ulutürk xeyir-dua verib. “Açın, bu dunyanın qapılarını”, “Bu dunyada yaxşılıqlar qalacaq”, “Məni tənha buraxın”, “Gəl, dərdləşək”, “Gedək, bəxtim, əlini ver” şeir kitablarının və “Şərəfli ömür yolu” publisistik kitabın müəllifidir. Ustad şairimiz Rəsul Rzaya ayrı-ayrı şairlərin həsr etdiyi şeirlərdən ibarət toplunu, şair Abbasağa Azərtürkün 70 illiyinə “Abbasağa Azərtürk xatirələrdə” və “Söz çələngi” kitablarını çapa hazırlayıb öz vəsaiti hesabına nəşr etdirib. 130-dən çox kitabın redaktoru olub.
Tanınmış şair-publisist Ədalət Salman AYB-nin və AJB-nin üzvü, “Qılınc və Qələm” mükafatı laureatı, “Sözün işığı” jurnalının təsisçisi və baş redaktorudur.
Bu il Ədalət Salmanın 60 yaşı tamam olur. Ovqat.com olaraq şairi yubileyi münasibətilə təbrik edir və bəzi şeirlərini oxucularımızla paylaşırıq:
İLAHİ, SƏN BİZİ SÖZƏ BAĞIŞLA
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Ramiz Qusarçaylı
Zəmanə utansın bu misralardan,
Üzü qara olsun fani dünyanın.
Ehtiyac şairi salır vüqardan.
İnsafı, mürvəti hanı dünyanın?
Mələklər tanrıdan yetirər ruzu,
Bəndələr şairin üzünə baxmaz.
Dönəndə əlləri ətəkdən uzun,
Evdə qadını da sözünə baxmaz.
Haqq nahaq önündə durub müntəzir,
Bu yalan dünyada düz axtarırıq.
İndi hamı düşüb var-dövlət gəzir,
Bizsə gecə-gündüz söz axtarırıq.
İlahi, sən bizi sözə bağışla,
Sözlə yediririk balamızı da.
İlahi, sən bizi, bizə bağışla,
Onsuz da çəkirik bəlamızı da.
NECƏDİ
Qələm dostumuz Hidayət
Ağalara ağrılı məktub
Ay şair, qoy səndən bir xəbər alım,
O sizin tərəflər – Aran necədi?
Şeirdir şairin qaymağı, balı,
Şerə xor baxanla aran necədi?
Yıxır haqq dünyada haqsızlıq bizi,
De, çərxi-fələyin nədir qərəzi?
Şeytan əlindədir mizan tərəzi,
Çəkən pis gündədir, alan necədi?
Zaman məngənə tək qananı sıxır,
Eşidən tapılmaz, ha qışqır, çığır.
Hər gün də ekrana bir məddah çıxır,
Söyləyir üzünə yalan, necədi?
Orda da qarğalar darğalıq edir,
Orda da vəzifə davası gedir?
Orda kim əl tutur, kim haya yetir,
Deyən var, ay kasıb, balan necədi?
Kimlər yağ içində böyrək tək üzüb
Şairə, şeirə hey dodaq büzüb.
Bilərmi, bəndədən əlini üzüb,
Allah ümidinə qalan necədi?
Dövran başımızı sözlə qatıbsa,
Bəs şair neyləsin, bəxti yatıbsa.
Kredit paylayan banklar batıbsa,
Gör borca özünü salan necədi?
Şairlər bu yurdun deyən dilidi,
Döyünən nəbzidi, vuran əlidi.
Haqqı söyləyənə demə, dəlidi,
Bir soruş, Ədalət Salman necədi?
BAŞINI DİK TUT
İki ayağını da itirmiş Qarabağ döyüşçüsü
Maşallah Əliyevə ürək ağrısı ilə
Vətənin döyüş bayrağıdı,
Qarabağ döyüşçüləri,
Döyüş bayraqları
başını aşağı əyməz!
Özünü yuxarı tutanlar,
səni unudanlar
itirdiyin ayaqlarının
tozuna da dəyməz!
Bir gün haqq divanı qurulacaq,
bu xalqın hesabı
onlardan sorulacaq.
Bir gün Qarabağı da alacağıq geri...
Dik tut başını!
...Vətənin döyüş bayrağıdı
Qarabağ döyüşçüləri!.
BƏLKƏ DƏ
Sınıq körpünün o üzündən
söz-söz boylanan İbrahimxəlilə
Nahaqdan unudulub
qalanda kölgədə
yer tapa bilmirsən özünə
bu boyda ölkədə.
Ümidə söykənib
yaşayırsan
paytaxtdan kənarda,-
bölgədə.
-Məni də
itirib axtaran tapıldı
bəlkə də...
NƏ XOŞDUR
Şeytanla bardaş qurub,
üzünə üz çəkənlərdən,
üzülə-üzülə
üz vurub
üzümün abrını
tökənlərdən
biryolluq əlimi üzdüm,
üzü sənə gəldim.
Göy üzünə,
üzü qəlbiyə yüksəldim.
Üzünün nuruna
üz tutduğum insan,
nə xoşdur,
nurlu adamlarla
üz-üzə,
çiyin-çiyinə olasan!
OLA
Bizə öyüd verən insan,
Gör nə qəşəng danışırsan.
Gözəl sözlər demək asan,
Gözəl də əməlin ola!
Böləsən elnən çörəyi,
Olasan elin dirəyi.
Hamıya yanan ürəyin,
Səxavətli əlin ola!
Dar gündə qapı açasan,
Köməkçün haya qaçasan.
Hamını dost tək qucasan,
“Can” deyən də dilin ola!
MƏNİM
Haqq sözün üstə əsirəm,
Əyrini düzlə kəsirəm.
Əl tutmağa tələsirəm,
Yamanlar haxlayır məni.
İçimi sökdükcə səbrim,
Əlimlə qazılır qəbrim.
İstəyirəm dinəm,
abrım,
Dilimi bağlayır mənim.
Zaman ömrü yun tək didir,
Dövran belə hara gedir?
Pislər tərki-dünya edir,
Yaxşılar saxlayır məni!
QOCALIRIQ YAVAŞ – YAVAŞ DEYƏSƏN
Dünən qızlar çıxardılar yoluma,
Keçərdilər gah sağıma, soluma.
İndi gəlin axtarıram oğluma,
Almalıyam toya daş-qaş deyəsən,
Qocalırıq yavaş-yavaş deyəsən.
Cavanlığa ömrün tacı deyirəm,
Sevənlərə eşq möhtacı deyirəm.
Gözəllərə indi “bacı” deyirəm,
Bəlkə sən də mənə “qardaş” deyəsən,
Qocalırıq yavaş-yavaş deyəsən.
Alacağım daha düşmür kitaba,
İş görürəm bir “sağ ol”a, savaba.
Diş də batmır indi tikə kababa,
Sifarişi gərək bozbaş deyəsən,
Qocalırıq yavaş-yavaş deyəsən.
Vaxt var ikən gün ağlayım özümə,
Təsbeh alım, eynək taxım gözümə.
Hərdən dəyir əcəl mehi üzümə,
Yada düşür halva- lavaş deyəsən,
Qocalırıq yavaş-yavaş deyəsən.
Sabahına ömür saxla, yaş ayır,
Sənətkar öz nəğməsiylə yaşayır.
Qocalıqdan az gileylən, a şair,
Eşidənlər qalıb çaşbaş deyəsən,
Vaxtsız gəlib bu əlli yaş deyəsən?!
...Göz dəyməsin, gənclik eşqi sinəndə,
Gəncləşirsən, yavaş-yavaş deyəsən.
* * *
Günahı axtarma sən özgələrdə,
Hamıya tor qurar öz adamları.
Mənəvi dəyərlər itdiyi yerdə
İlahi, nə çəkir söz adamları.
Adam var fikirdən sübhədək yatmır,
Yalançı şüarlar başını qatmır.
Dərdini deməyə cürəti çatmır,
İçini yandırır köz adamların.
Hər gün gah vaydayıq, gah da ki toyda,
İtib başımız da bu soyasoyda.
Baxırsan, namərdi, mərdi bir boyda,
De, necə ayırsın göz adamları?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar