Xəbər lenti

 

"İlqar Məmmədov ictimaiyyətin diqqətinə iki fikrini çatdırmağımı xahiş edib. Birinci firki onunla bağlıdır ki, iqtidarın hazırda Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı təqdim etdiyi qanun layihəsi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı qərarının icrasını təmin etmir. Yəni həm Avropa Məhkəməsinin, həm Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun qeyd-şərtsiz, dərhal azad edilməsi tələbini təmin etmir".

Bu barədə vəkil Fuad Ağayev oktyabrın 2-də 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşündən sonra Turan-a müsahibəsində bildirib.

Vəkilin sözlərinə görə, İlqar Məmmədovun ikinci fikri digər vəkillərinin xidmətindən imtina etməsidir. Onun digər vəkilləri Cavad Cavadov və Şəhla Hümbətovadır.

"Məmmədov indiki mərhələdə digər vəkillərinin xidmətlərindən imtina edir. Onların fəaliyyətini yüksək qiymətləndirir, onların fədakarlığını, əziyyətlərini vurğulayır. Hazırda işin Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Komitəsi ilə bağlı olduğu mərhələdə başqa vəkillərin xidmətlərinə ehtiyac olmadığına görə, onların xidmətindən imtina edir", deyə o qeyd edib.

Vəkilin İlqar Məmmədovla bugünki görüşünə mane olunmayıb. Halbuki, ötən cümə günü vəkilin onunla görüşünə şərait yaradılmayıb. "Biz bu gün müdafiə taktikasını müzakirə etdik".

Vəkil deyib ki, Məmmədovun Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı Azərbaycana vaxt verməsinə anlaşıqlı yanaşır.

Fuad Ağayev REAL liderinin səhhətində problem olmadığını deyib. "Səhhəti ideal olmasa da, şikayəti də yoxdur", deyə vəkil bildirib.

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib. Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən, katibliyə tapşırılıb ki, İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın. Layihədə ölkənin Avropa konvensiyasının 46-cı paraqrafının 1-ci maddəsi (Avropa Məhkəməsinin qərarını icra etməmək) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa Məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

Əgər 2017-ci il oktyabrın 25-dək İlqar Məmmədovun azadlığının təmin olunmasında irəliləyiş olmasa, qətnamə komitənin həmin tarixdə keçiriləcək iclasına çıxarılacaq. Bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Avropa Şurasının 68 illik praktikasında 46-cı maddə hələ tətbiq edilməyib.

46-cı maddənin tətbiqinin mahiyyəti ondan ibarətdir ki, Nazirlər Komitəsi AİHM-in qərarlarının icra edilməməsi məsələsini məhkəmənin özünə verir. Əgər sonuncu belə nəticəyə gəlsə ki, qərarın icra edilməməsi halı baş verib və o, hüquqi əsasdan məhrum edilib, ölkənin təşkilat qarşısında öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə məsələ baxılmaq üçün yenidən Nazirlər Komitəsinə çıxarılır. Bu tədbirlər sanksiya xarakteri daşıyır. Lakin presedent olmadığı üçün ekspertlər bunun hansı formada həyata keçiriləcəyini söyləməyə çətinlik çəkirlər.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 4-10-2017, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma