Xəbər lenti

   

  “İkiliklər” Xanəli Kərimli yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Şairin 2008-ci ildə nəşr edilən “Mənə elə gəlir ki...” kitabına 200-ə yaxın ikilikləri daxil edilmişdir ki, bunlar da elmi-ictimaiyyət tərəfindən qədərincə dəyərləndirilmişdir. Təqdim etdiyimiz İkilikləri isə müəllif son illərdə qələmə almışdır.

 

Qəlbində insanlıq ölübsə əgər,

Sənin yaşamağın,de,nəyə dəyər?

*

“Böyüklər” yanında yallanan yalaq,

Düşmənə arxadır, Vətənə qınaq.

*

Elmə yamaq olar nadan həmişə,

Çətinliyə düşcək düşər təşvişə.

*

O şey ki, qismətin deyildir sənin,

Onun tərgini qıl, çəkmə sən qəmin.

*

Tək Allahdan başqa bir kimsəyə sən

Ürəkdən bağlanma, zillət çəkərsən.

*

Layiq olan yerdə otursa hər kəs,

Onda bir kimsəyə zaval da gəlməz.

*

İnsana insandır həmişə qənim,

Gərək insanın da tapasan çəmin.

*

 

Ən çətin xislətdir insan xisləti,

Onunçün dərk etmir çox həqiqəti.

*

Qaya kölgəsində yatdı çoxları,

Axırda da daşa dəydi  oxları.

*

Gödənçün cihada çıxan millətin

Düşmən ayaq altda salar qeyrətin.

*

Yoxdursa zatında abırdan əsər,

Ona bel bağlama, ipini kəsər.

*

Oturub-durduğun bir kimsənin sən,

Zatın tanımasan, bəla çəkərsən.

*

Çörək itirənlə kəsmə duz- çörək,

Axırda qalarsan ortalıqda tək.

*

Özgə kolgəsində şah olsan da sən,

Öz kölgən yoxdursa, kişi deyilsən.

*

Hər kəs öz haqqının olsa köləsi,

Tutar yeri, göyü sədası, səsi.

*

Kim ki, öz ağlının olsa ağası,

Ondan uzaq olar dünya qovğası.

*

Sən elə yaşa ki, gələndə məqam

Kimsə deməsin var belə bir adam.

*

 

Özündə özünü kəşf edən insan,

Dünyanı ovcunda saxlayar, inan.

*

Kimin qəlbində var Allah qorxusu,

Onun şeytandan da yoxdur qorxusu.

*

Neçə ki, sənin öz əlindədir can,

Qoyma salsın səni ayağa dövran.

*

Bir tikə çörəkçun baş kəsən, nadan,

Hər kəsin qismətin verir yaradan.

*

Yüz körpədən biri doğulur İNSAN,

Onların çiynində dayanır cahan.

*

Xalqının içindən ucalmayan kəs,

Onun da dərdini anlaya bilməz.

*

Çalış baş kəsməyə eyləmə vərdiş,

Bu dünya fırlanır ... dəyişir gərdiş.

*

Qudurmuş adamın yoxdur dərmanı,

Halaldır vaxtında tökülsə qanı.

*

Bu gün “ətəyini” yalayan bir kəs,

Ağzı aşa çatcaq kəsəcək nəfəs.

*

Hər gecə özün çək öz hesabını,

Bir kimsə döyməsin səhər qapını.

*

 

O kəsin ki, gəlir “dəni” ellərdən,

Qurtarmaz boğazı bir gün əllərdən.

*

Bir tikə çörəyə, bir çımdik duza,

Şükr elə, səbr elə, ğetmə güdaza.

*

Şərəfsiz adamdan gözləmə şərəf,

Səni tora salar, eyləyər tələf.

*

Yoxsa sifətində  kişilik rəmzi,

Lap üzünə tüpur, solmaz bənizi.

*

 

Çoxu gəzdirsə də adında Vətən,

Gözdən pərdə asıb yaşatdı gödən.

*

“Vətən”, ”Vətən” deyən çox “söz adamı”.

Vətənçün qıymadı bir damla qanı.

*

Gənclikdə qazansan halal şöhrəti,

Sənə daim olar xalqın hörməti.

*

Yaxşının qiymətin verər yaxşılar,

Yenə bu dünyada yaxşı ad qalar.

*

Pisdən pislik törər, şeytndan şeytan,

Kişilərdən kişi, nadandan nadan.

*

Qarnı tox olarsa küçə itinin,

Günü qara olar yetim-yesirin.

*

 

Qarın otaranın olmaz hörməti,

İtər ayaqlarda namus-qeyrəti.

*

Kim ki, Allahına etmir bəndəlik,

Onun ruzisi də olmaz gündəlik.

*

Əl uzatma əlin çatmayan yerə,

Sən əlini uzat əl verənlərə.

*

Sən özün-özünə qoymasan hörmət,

Verməyəcək sənə bir kimsə qiymət.

*

Kişilik yükünü çəkənməz hər kəs,

Hər papaq qoyana kişi deyilməz.

*

Hər kəsin qandığı bir səviyyə var,

O səviyyədən də dünyaya baxar.

*

Verdiyin çörəyi başa qalxma sən,

Özün də kimsədən çörək yeyirsən.

*

Nə qədər müqəddəs olsa da çörək,

Duzun da qiymətin verəsən gərək.

*

Duzdadır hər şeyin dadı-cövhəri,

Duzsuz hikmətin də yoxdur dəyəri.

*

İnsanın duzu da səmimiyyətdir,

Səmimi olmayan saxta niyyətdir.

*

 

Qəlbini düz tutsan çatarsan kama,

Faş etmə sirrini heç vaxt bədnama.

*

Yaxşı bələdsənsə öz mədənə sən,

Elə yemək ye ki, həzm eyləyəsən.

*

Sən öz həkimin ol, həkimdən əvvəl,

Ağrıcaq təşvişə düşmə əlbəəl.

*

Hər kəs yaxşı bilsə ağrıyan yerin,

Açar sirrini də dürrün, gövhərin.

*

Özünə edərsən hər nə eyləsən,

Daim hər işində həddini bil sən.

*

Hesabın bilməsə bir kimsə əgər,

Başı da qovğadan qovğaya düşər.

*

Həmişə sayqı ver qarşındakına,

Onda hörmət ğələr sənin adına.

*

Sayqısızlıq etsən bir kimsəyə sən,

Özün də sayqısız günə düşərsən.

*

Çalış hər işində özün ol, özün,

Onda ötkün olar hörmətin, sözün.

*

Özündə cəm olub dünyanın sirri,

Heç nə arama sən özündən qeyri.

*

 

Özündə həm şeytan, həm də var Allah,

Allaha tapınsan etməzsən günah.

*

Çalış hər mqamda Allahı gör sən,

Odur həm itirən, həm də bitirən.

*

Özün öz sirrini eyləməsən faş,

Agah ola bilməz sirrindən qardaş.

*

İnsana düşmən də, dost da özüdür,

Bu, bəndə sözü yox, Allah sözüdür.

*

Tutmasan özünü kimsədən uca,

Tanrı layiq görər səni taxt-taca.

*

Taleyinin üzü dönübsə səndən,

İncimə Tanrıdan, küsmə bəndədən.

*

Bir də gəlməyəssən bu dünyaya sən,

Yaxşı  ad qazan ki, yada düşəsən.

*

Ən böyük saxlancdır xalqın yaddaşı,

O heç vaxt səhv salmaz üzüklə qaşı.

*

Dünyada ədalət  olsaydı əgər,

Bu qədər zülmü də çəkməzdi bəşər.

*

Qorxu olan yerdə ədalət də var,

Ədalətlə olar dünya bəxtiyar.

 

*

Çəkilsə dünyadan qorxunun əli,

Çalxayar aləmi şeytan əməli.

*

Kim ki qəlbi ilə bağlıdır Haqqa,

Onun işi düşməz heç vaxt nahaqqa.

*

Kim ayırd edirsə haqqı nahaqdan,

Kamil yaratmışdır onu Yaradan.

*

Nə haqqını yedirt, nə də haqqı ye,

Ölüm  hökm etsə də yenə haqqı de.

*

Haqq yolu olsa da əzablı bir yol,

Yenə də bu yoldan götürmə sən qol.

*

Olsan da nə qədər haqqın aşiqi,

Yenə əldən vermə açar-kilidi.

*

Sənə agahdırsa dərk etdiyin haqq,

Daha bir kimsədən eyləmə soraq.

*

Çeynənmə saqqız tək ağızlarda sən,

Elə iş tutma ki, gözdən düşəsən.

*

Hər işində gözlə sən öz səbrini,

Bil öz məqamını, bil öz yerini.

*

 

Gözləmə ki, sənə göstərsinlər yer,

Hamıya yerini özün nişan ver.

*

Elə yerdə otur gəlsə bir kimsə,

Əziyyət vermə sən onda heç kəsə.

*

Ömründə bir fidan bitirməyən kəs,

Bağ salıb bağbanlıq eyləyə bilməz.

*

“ Çox bilirəm” deyib öymə  özünü,

Yaxşı  əməlinlə de öz sözünü.

*

İnsan əməliylə alar qiymətin,

Qoyar ortalığa öz ləyaqətin.

*

Çalış əməlində uca ol ki, sən,

Xalqın üzünə də baxa biləsən.

*

Xalq elə Xaliqdir, Xaliq də Xalqdır,

Onlara baş əyən ucalacaqdır.

*

Axıtma məzlumun gözünün yaşın,

Tökdürən tapılar  sənə göz yaşın.

*

Tülkünü bəzəyib etsən də aslan,

Yenə tülkü kimi qalacaq, inan.

*

Şərəfsiz yol ilə yeyilən çörək,

Bir gün zəhər olub gözdən gələcək.

*

Kimin ki, halaldır duzu, çörəyi,

Onun da təmizdir, safdır diləyi.

*

 

Dualı çörək ye, neçə ki, sağsan,

Duasız çörəyi , bil, qusacaqsan.

*

Çalış qazanasan el məhəbbətin,

Məhəbbət olmadan yaşamaq çətin.

*

Sən çiyninə al ki, elin yükünü,

El də arxa durub çəksin yükünü.

*

Özü haqq olmasa bir kimsə əgər,

Haqqı, ədaləti mın yerə çəkər.

*

Çapıb- talasan da dünyanın varın,

Bir tikə loxmayla doyulur qarın.

*

Nə qədər çox yığsan qarına yemək,

O qədər üfunət çəkəssən, demək.

*

Üfunətdən uzaq olmaq istəsən,

Gərək nəfsinə sən diqqət edəsən.

*

Nəfisdir insanı dəyərdən salan,

Yenə təmiz addır insana qalan.

*

Xoşbəxt o adamdır ona vətəndə

Qəbir qismət olur, həm də kəfən də.

*

Bir kəfəndən ötrü tökmə abrını,

Cəhd edib artırma dünya varını.

*

“Qalacaq dünyada dünyanın varı”,

Bundan bir nəticə çıxart sən barı.

*

Min dinarlıq papaq qoysan da belə,

Yoxdursa  namusun, ləkəsən elə.

*

 

Kişinin dəyəri namusundadır,

Bir təmiz adında, bir qanındadır.

*

Təmiz qandan gəlir təmiz ləyaqət,

Çirkli qan törədir hər cür cinayət.

*

Təmizqanlı ilə qur həyatını,

Onda sən taparsan əsl zatını.

*

Saf ağacdan calaq vur ağacına,

Yayılsın meyvənin ətri hər  yana.

*

İçəndə dağların suyunu iç sən,

Qumlaq sularından ziyan çəkərsən.

*

Çörək verdiyin it tutar adamı,

Bunu mən demirəm, söyləyir hamı.

*

Nə qədər yalmanıb etsə də qılıq,

Zatı qırıqlara etmə yaxşılıq.

*

Gördün ki, düşmüsən şərə, böhtana,

Düşmə min sifətə, girmə min dona.

*

“Ən böyük biclik də düzlükdür elə”,

Düzlük keçməyirsə, gətirmə dilə.

*

Çox düzlər gördüm ki, düzdə qoydular,

Axırda heyvan tək kəsib soydular.

*

Şəraitə uyğun hərəkət etsən,

Onda bir kimsədən ziyan görməzsən.

*

 

Ən çətin məqamda, ən çətin anda

Yenə ümid axtar Haqqın yanında.

*

O gizlin deyildir, lap aşikardır,

Hər kiçik zərrədə nişanı vardır.

*

Kimə gizlindirsə o böyük nişan,

Onda nə ruh qalıb, nə də ki, bir can.

*

Bəsarət gözüylə aləmə baxsan,

Orda min bir sirrə agah olarsan.

*

Cəhd etmə çox sirrin sirrin açmağa,

Yoxsa yolun gedib dirənər dağa.

*

Sən çox həvəslənmə dünya sirrinə,

Çox bilib özünü salma dərinə.

*

Çox da sual vermə: niyə?, nə üçün?,

Hər ağıl fələyin çəkənməz yükün.

*

Hər kəs öz içindən olsaydı agah,

Nə pislik edərdi, nə də ki günah.

*

Cənnət,cəhənnəm də öz əlindədir,

Səvab da günah da əməlindədir.

*

Hər kəs cavabdehdir öz əməlinə,

Gözü, qulağına, bir də dilinə.

*

 

Çalış qürurunu vermə əlindən,

Ümid gözləmə sən, yoxsa, kəlindən.

*

Nə qədər olsa da dostun, tanışın,

Özünsən dar gündə arxan, qardaşın.

*

Bir kəsi özünə həmdəm istəsən,

O həmdəm bir Allah, bir də özünsən.

*

Allahdan, özündən üz döndərmə sən,

Yoxsa ki, hörmətdən , gözdən düşərsən.

*

Olsan toxum kimi şumun üzündə,

Onda yem olarsan quşun gözündə.

*

Demə ki, kişiyəm, kişi adım var,

Kişilik kişilər yanında olar.

*

Nakişi nə bilir nədir kişilik,

Şərəfdir onlara hər fahişəlik.

*

Onsuz da öləssən—ya tez, ya da gec,

Şərəflə yaşa ki, ”ÖLMƏYƏSƏN” heç.

*

Ucuz ölüm tapar ucuz adamı,

Bahalı ölümün başqadır tamı.




Ana səhifəyə qayıt        Baxış: 1 459          Tarix: 31-10-2017, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma