Xəbər lenti

 

Naxçıvan şəhərində yerləşən və İslam mədəniyyətinin əhəmiyyətli nümunələrindən biri olan tarixi “İmamzadə” Kompleksində təmir-bərpa işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi Naxçıvan şəhərinin ən görməli yerlərindən birinə çevriləcək. Bu həm də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar görülən işlərin tərkib hissəsi kimi əhəmiyyətlidir.

İlkin mərhələdə bərpaçılar tarixi abidənin fasad və daxili hissəsində divarları köhnə üzlük boya və materiallardan təmizləyib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri aparıblar. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının abidəyə zərər vurmaması üçün sistemlər quraşdırılıb.

Obyektin iş icraçısı Fəxrəddin Əliyev bildirib ki, ətrafda bərkitmə başa çatdırıldıqdan sonra abadlıq işlərinə başlanılıb: müasir işıqlandırma sistemləri qurulub, əraziyə yeni dizayn verilib, günbəzlər parlaq sarı və yaşıl rəngli materialla işlənib. Bundan başqa, türbənin daxilində və xaricində bərpa işləri həyata keçirilib. Hazırda kompleksə daxil olan tikililərdə təmir-bərpa işləri davam etdirilir, əraziyə buta formasında kilid daşlar düzülür.

Qədim və zəngin tarixi keçmişə malik Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi-mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 26-11-2017, 10:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma