Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Müqəddim Bağeri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom qarşılayıblar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Məhəmməd Cavad Zərif Ali Məclis Sədrini salamlayıb və onu İranda görməkdən məmnunluğunu bildirib.
Ali Məclisin Sədri İran İslam Respublikasına səfərə dəvətə görə xarici işlər nazirinə minnətdarlıq edib və qeyd edib ki, hazırda hər iki ölkə Prezidentlərinin səyi ilə ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq vardır. Naxçıvan Dövlət Universitetində iranlı tələbələr təhsil alırlar. Culfa Gömrük Keçid Məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsinin isə iş saatının artırılması tranzit əlaqələrinin inkişafına və gediş-gəlişin artmasına səbəb olub.
Ali Məclisin Sədri Naxçıvanın təbii qaz təchizatında İranın rolundan danışıb, bütün bunların ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyin tərəfdarıdır. Əməkdaşlığın mövcud vəziyyəti bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar açır. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında səylərin artırılması vacib amildir.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın “Fərab” şirkətinin rəhbərini və nümayəndələrini qəbul edib. Söhbət zamanı Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
İran İslam Respublikası İslami Şura Məclisinin sədri ilə görüş
Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikası İslami Şura Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, İran Azərbaycan üçün dost və qardaş ölkədir. Ali Məclisin Sədri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi İrana səfərlərini və əlaqələrin yaradılmasındakı xidmətlərini xatırladıb, ötən dövrdə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirildiyini bildirib, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin dostluq qruplarının rolunun mühüm əhəmiyyətə malik olduğunu bildirən Ali Məclisin Sədri, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vasif Talıbov İran İslami Şura Məclisinin sədri Əli Laricanini Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.
Əli Laricani Naxçıvana Muxtar Respublikasına səfərə dəvətə görə minnətdarlıq edərək deyib ki, Azərbaycan və İran arasındakı əlaqələrin qədim tarixi və dərin kökləri vardır. İran İslam Respublikası Azərbaycan Respublikası ilə dostluq əlaqələrinə sadiqdir. İki ölkənin mədəni yaxınlığı var və bu, iqtisadi-siyasi əlaqələrin də inkişaf etdirilməsi üçün möhkəm təməldir. Əlaqələrin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Naxçıvan Muxtar Respublikası ilə İran arasında turizm, iqtisadi-ticarət və qarşılıqlı investisiya qoyuluşu sahəsində imkanlar genişdir.
Azərbaycan-İran Parlamentlərarası Dostluq qruplarının fəaliyyəti gücləndirilir
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi ilə görüşüb.
Salman Xodadadi Azərbaycana səfəri zamanı dostluq qrupunun üzvləri ilə keçirilən görüşləri xatırladıb, qarşılıqlı əlaqələrin inkişafında birgə səylərin və fikir mübadiləsinin aparılmasının faydalı olduğunu qeyd edib.
Ali Məclisin Sədri dostluq qrupunun fəaliyyətini ölkələrimiz arasındakı əlaqələrin inkişafında vacib amil kimi dəyərləndirib.
Azərbaycan-İran iqtisadi əlaqələri davamlı inkişaf tempinə əsaslanır
Səfərin ikinci günü – dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian ilə görüşüb.
Məsud Kərbasian bildirib ki, İran İslam Respublikası Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafında qətiyyətli və ciddidir. Azərbaycan və İran arasında əlaqələrdən danışan nazir qeyd edib ki, son illər hər iki ölkənin Prezidentləri 10 dəfə görüşüblər. Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana sonuncu səfəri zamanı iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzərinə mühüm öhdəliklər qoyulub. Məsud Kərbasian İran və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məsud Kərbasianı İranın iqtisadi işlər və maliyyə naziri və hökumətlərarası komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək deyib: Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının sonuncu iclası Naxçıvanda keçirilib və yekun protokol imzalanıb. Həmin protokolda Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin inkişafı nəzərdə tutulub. Protokola uyğun olaraq Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikası arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən Ali Məclisin Sədri bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə davam etdirildiyini vurğulayan Ali Məclisin Sədri İranla elektrik enerjisi mübadiləsinin həcminin və iş adamları arasında əlaqələrin daha da artırılması zəruriliyindən bəhs edib.
Söhbət zamanı Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər və əldə olunan razılıqlar münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirilib.
X X X
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri başa çatıb.
Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Qaşqavi yola salıb.
Paylaş: