Xəbər lenti

 

Dekabrın 30-da ABŞ-da Azərbaycanın xalq artisti, görkəmli pianoçu Çingiz Sadıxov vəfat edib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sosial şəbəkələrdəki hesabında bildirib.

 

Cingiz Sadıxov 1929- cu il aprelin 5-də Bakıda anadan olub.

 

İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.

 

1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

 

Məşhur Azərbaycan müğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.

 

1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayıb. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.

 

Azərbaycanın tanınmış musiqiçisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.

 

1959-cu ildə Azərbaycanın “Əməkdar artisti”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

2009-cu ildə oktyabrın 28-də Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 

 

Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 31-12-2017, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma