Ötən il Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub.
AzərTAc xəbər verir ki, bu faktlar Naxçıvan qarnizonu qoşunlarında 2017-ci tədris ilində döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair keçirilən müşavirədə səsləndirilib.
Əvvəlcə muxtar respublikada ordu quruculuğundan bəhs edən “Ordumuzun təməl ünvanı Naxçıvan” adlı film nümayiş etdirilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2017-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair məruzə edib.
“Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın qabaqcıl, regionumuzun isə lider orduları səviyyəsinə yüksəlib”, – deyən Kərəm Mustafayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.
“Ali Baş Komandan İlham Əliyevin 2017-ci il yanvarın 11-də Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda əsgər yataqxanasının və əsgəri-məişət kompleksinin açılışını etməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəhbərliyi və Azərbaycan Respublikası müdafiə nazirinin iştirakı ilə iyunun 15-də Azərbaycan-Türkiyə “Birgə əməliyyat-taktiki təlimi”nin və oktyabrın 18-də Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyinə həsr edilmiş hərbi paradın keçirilməsi ötən ilin ən yaddaqalan tədbirləri olub”, – deyən Kərəm Mustafayev, 2017-ci ildə motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı bölmələrin əsas fənlər üzrə döyüş hazırlığında saxlanılması və öyrədilməsi tapşırıqlarının uğurla yerinə yetirildiyini, bölmələrin döyüş potensialı və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirildiyini vurğulayıb. Əsas güc praktiki məşğələlərin sayının artırılmasına və hərbi kollektivlərin əlaqələndirilmiş fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilərək döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktik təlim və məşğələlər keçirilib. Naxçıvan qarnizonu qoşunları bütün bu tədbirlərdə qarşısında duran tapşırıqların öhdəsindən layiqincə gəlib. Hesabat ilində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üzərlərinə düşən vəzifələri uğurla icra edib, 2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlər tam yerinə yetirilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev qeyd edib ki, 2018-ci tədris ilində də Naxçıvan qarnizonunun qoşunları qarşılarında duran bütün tapşırıqları layiqincə yerinə yetirərək döyüş qabiliyyətini yüksəldəcək, Naxçıvan Muxtar Respublikasının müdafiə və mühafizəsini daha da təkmilləşdirib, onun təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısını qətiyyətlə alacaqdır.
Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, general-mayor Yaşar Həsənovun, Hərbi Məhkəmənin sədri Qasım Əliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyevin, fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin, Əlahiddə Ümumqoşun Ordunun idarə və şöbə rəislərinin 2017-ci tədris ilində görülmüş işlər və 2018-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirəyə yekun vuraraq, 2018-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis sədrinin tapşırıqlarını diqqətə çatdırıb.
Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş hərbi qulluqçulardan 4-nə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, 1-nə qiymətli hədiyyə, 4 nəfərə fəxri fərman təqdim olunub, 5 nəfərə isə təşəkkür elan edilib.
Paylaş: