Xəbər lenti

 

Amerikanın müdafiə naziri Ceyms Mettis yanvarın 19-da ölkəsinin yeni milli müdafiə strategiyasını təqdim edib. Sənəd tam olaraq açıqlanmayıb, ancaq onun başlıca müddəaları barədə müdafiə naziri məlumat verib. Ekspertlərə görə, Vaşinqtonun yeni müdafiə strategiyası ziddiyyətli məqamlarla doludur. Burada dünya üçün beş təhlükə göstərilir. Bir sıra ölkələrə qarşı sərt addımların atıldığı vurğulanır. Lakin bütün bunlar hadisələrə birtərəfli yanaşmaqla və obyektivliyi gözləmədən edilir. Məsələn, sənəddə Ukrayna və Gürcüstanın adı çəkilir, Azərbaycana qarşı olan hərbi təcavüz xatırlanmır. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi zərurəti vurğulanmır. Bütün diqqət Amerikanın dünya ağalığını təmin etməyə yönəldilib. Mövcud geosiyasi nizamın zəiflədiyi vurğulansa da, onu saxlamaq, yaxud daha möhkəm yeni düzən qaydaları tətbiq etməkdən söhbət getmir. Bütün cəhdlər ABŞ-ın rəqiblərinin zəiflədilməsi üzərində qurulub. Terrorla mübarizə isə onlardan sonra yer tutur. Bu kimi məqamlar müəyyən narahatlıq yaradır və sənədin geosiyasi mənzərəyə təsirinin analizini aktuallaşdırır.

Dəyişməyən iddia: yeni müdafiə strategiyasının köhnə prinsipləri

Pentaqon yanvarın 19-da Amerikanın yeni milli müdafiə strategiyasını təqdim edib. Sənəd bütövlükdə açıqlanmır, ancaq onun qısa variantı dərc edilib (bax: Summary of the 2018 National Defense Strategy: Sharpening the American Military’s Competitive Edge / defense.gov). Dünyanın müxtəlif ölkələrindən ABŞ-ın yeni hərbi strategiyasına reaksiya verilib. Ekspertlər onun bir sıra aspektlərini analiz edirlər. Məsələ burasındadır ki, ABŞ son doqquz ildə ilk dəfədir ki, özünün hərbi strategiyasını hazırlayıb konkret hədəfləri göstərir. Həmin sənədin bəzi müddəaları maraq doğurur. Vaşinqtonun dünya nizamı və qlobal təhlükəsizliklə əlaqəli mövqeyi xüsusilə əhəmiyyətlidir.

Etiraf edilməlidir ki, sənəddə bir sıra obyektiv müddəalar mövcuddur. Müasir dünya nizamının xarakteristikası real mənzərəni əks etdirir. Belə ki, ABŞ-ın yeni hərbi strategiyası əks olunan sənəddə etiraf edilir ki, dünya nizamı müəyyən dərəcədə sarsılıb. Sənəddə yazılır: "…Biz güclənən qlobal nizamsızlıqla qarşı-qarşıyayıq. Bu nizamsızlıq çoxdan mövcud olan və qaydalara əsaslanan dünya nizamının zəifləməsi ilə xarakterizə olunur. Bu da öz növbəsində yaxın perspektiv üçün daha çox dolaşıq və təlatümlü təhlükəsizlik mühiti yaradır" (bax: əvvəlki mənbəyə).

Bizcə, doğru qiymətləndirmədir. Çünki bütövlükdə dünyanın böyük güclərinin bir-birinə inamı minimuma enib, BMT-nin müdaxiləsi səmərə vermir, müxtəlif regionlarda silahlı münaqişələr və terror getdikcə daha da güclənir, nüvə silahı ətrafında ziddiyyətlər artır, diplomatik fəaliyyətlə qlobal problemləri həll etmək imkanları azalır və s. Bəs bütün bunlar nələrdən qaynaqlanır? Necə oldu ki, dünya belə bir həssas məqama gəldi və uzun müddət işləyən nizamlama qaydaları böhran vəziyyətinə düşdü?

Təəssüf ki, sənəddə bu suallara cavab yoxdur, yaxud dolayı yolla Vaşinqton başqalarını günahlandırır. Elə təsəvvür yaratmağa çalışırlar ki, ABŞ-ın bunlarda heç bir qəbahəti yoxdur. Əksinə, bütün dünyanı Amerikanın milli təhlükəsizlik maraqlarına uyğun yenidən düzənə gətirmək gərəkdir. Bu prinsipə tabe olmayanı ABŞ cəzalandıra bilər. Bu bağlılıqda sənədi təqdim edən müdafiə naziri Ceyms Mettisin təhdid xarakterli fikirləri ekspertlərin diqqətindən yayınmayıb. O deyib: "…Bizim diplomatlarla işləyin..., axı sizlər Müdafiə Nazirliyinə tuş gəlmək istəmirsiniz" (bax: əvvəlki mənbəyə). Bu cür ritorika yeni müdafiə strategiyasının aqressiv notlara kökləndiyini göstərir. Analitikləri də məsələnin məhz bu tərəfi narahat etməkdədir.

Həmin kontekstdə sənəddə Amerika üçün beş əsas təhlükənin ifadə edilməsi diqqəti çəkir. Bunlar Çin, Rusiya, Şimali Koreya, İran və terror qruplarıdır. Onlardan Çin və Rusiya amerikalılar üçün daha həssas hesab olunur (bax: əvvəlki mənbəyə). Bu iki ölkə hərbi gücünü sürətlə artırır, raketdənmüdafiə imkanlarını genişləndirir və kiber potensialını artırır. Çin Asiya-Sakit okean hövzəsində lider olmağa çalışır, Rusiya isə Avrasiya məkanında dominantlıq etməyə cəhd göstərir. Moskva qonşularına hücum edir, NATO-nu içəridən silkələyir, Avropaya təzyiqlər göstərir, Yaxın Şərqə müdaxilə edir. Bu səbəbdən də C.Mettis vurğulayıb ki, indi Vaşinqton üçün supergüclər arasındakı rəqabət terrorla mübarizədən daha aktualdır.

Həmin məqam çox düşündürücüdür. Çünki bu fikir onu ifadə edir ki, ABŞ artıq terrorla deyil, özünə rəqib saydığı güclü dövlətlərlə savaşacaq. O cümlədən Çin və Rusiya ilə bütün sahələrdə rəqabət daha sərt və amansız məzmun kəsb edə bilər. Şübhə yoxdur ki, belə bir vəziyyət qlobal miqyasda təhlükəsizliyə ciddi təhdidləri meydana çıxara bilər. Yeni münaqişə ocaqları ortaya atılar. Bunun üçün isə yeni-yeni radikal terror qrupları formalaşdırıla bilər. Təbii ki, belə tendensiyalar dünya üçün ciddi təhlükələr yarada bilər.

Dünya nizamının taleyi: tunelin sonu görünmür

Deyilənlərin fonunda sənəddə Rusiya və Çin "təftişçi böyük dövlətlər" termini altında eyniləşdirilib (bax: əvvəlki mənbəyə). Yəni, hər iki ölkə mövcud dünya nizamı qaydalarını təftiş edərək öz xeyirlərinə uyğun dəyişdirməyə çalışırlar. Onu vurğulayaq ki, Pekindən və Moskvadan bu ittihamlara dərhal cavab verilib. Hər iki ölkə söhbətin heç bir təftişçilikdən deyil, əksinə, mövcud dünya nizamını qorumağın vacibliyindən getdiyini vurğulayıb. Xüsusilə Çin siyasi dairələri Pekinin beynəlxalq hüquqi qaydaların möhkəmlənməsini və indiki dünya nizamının saxlanmasını daha doğru saydığını bəyan edir.

Lakin Amerika bunlarla kifayətlənmir. Şimali Koreya və İran kimi "üzdəniraq" dövlətlər dünya üçün təhlükə olaraq qalırlar. Onların hərəkətləri regional və qlobal sabitliyə təhlükə yaradır. Onlar həm öz xalqlarını istismar edir, həm də ideologiyalarını xaricə yaymağa çalışır, üstəlik, nüvə silahı istehsal etmək strategiyasından imtina etmirlər. Bu iki ölkə kimyəvi və bakterioloji silahlara da malikdirlər.

Ayrıca, İslam respublikası Yaxın Şərqdə sabitliyə olan ən böyük təhlükədir. Bu səbəbdən onunla daha sərt və ciddi mübarizə aparmaq gərəkdir. Nəzərə almaq lazımdır ki, İran terror təşkilatlarını (məsələn, "Hizbullah" hərəkatını) maliyyələşdirir. Deməli, İranla mübarizə həm də terrorla savaşdır. Buradan sənəddə nəyə görə terror qrupları ilə mübarizənin Çin, Rusiya, Şimali Koreya və İran "təhlükələri"ndən sonraya salınması aydın olur.

Bunların əsasında sənəddə iki nəticə xüsusi vurğulanır. Birincisi, Amerikanın hərbi üstünlüyü zəifləyir və rəqabət imkanları məhdudlaşır. Bu, quruda, dənizdə, havada, informasiya sahəsində özünü göstərir. İndi sürətli texnoloji inkişaf büdcəni çox yükləyir, nəticədə, arzu olunanı həyata keçirmək hər zaman mümkün olmur. Sonucda Amerikanın liderlik imkanları əvvəlki dövrlərə nisbətən müəyyən dərəcədə azalmış kimi görünür.

İkincisi, Amerika artıq təkbaşına deyil, öz müttəfiqləri ilə birgə və onlar vasitəsi ilə hərəkət etməlidir. Yaxşı ideyalar heç də həmişə hərbi cəhətdən daha güclü olan ölkədən gəlmir. İndi müttəfiqlər də çox səmərəli təkliflər verə bilirlər. Bu gəlişigözəl sözlərin arxasında, bizcə, incə bir məqam dayanır. Görünür, ABŞ müxtəlif regionlarda olan müttəfiqlərini irəli verərək onların üzərindən əsas rəqibləri ilə mübarizə aparmaq praktikasını genişləndirmək niyyətindədir. Çünki artıq Vaşinqtonun bu taktikadan istifadə etdiyini düşünürük. Bunun bariz nümunəsi kimi Yaxın Şərqdə baş verənləri göstərmək olar.

Beləliklə, ABŞ-ın yeni müdafiə strategiyası nəinki mövcud problemləri həll etməyə imkan vermir, hətta yeni çətinliklərin yaranmasına da aparıb çıxara bilər. Əgər Amerika dünya liderliyini sənəddə vurğulanan üsulla təmin etməyə çalışarsa, yeni müharibələrin yaranması qaçılmaz olacaq. Bu, kifayət qədər təhlükəli yoldur.

Bundan başqa, gözləmək olar ki, ABŞ Çinlə bağlı hansısa münaqişəni yaradacaq. Bəlkə də bu səbəbdəndir ki, Çin siyasi və hərbi dairələri Rusiyaya Amerikaya qarşı birgə duruş göstərməyi təklif edib. Pekin vəziyyətin getdikcə daha da gərgin hala gələcəyini və nə kimi nəticələr verə biləcəyini yaxşı anlayır.

Məsələ yalnız böyük dövlətlərlə məhdudlaşmır. Sənəddə Ukrayna və Gürcüstan kimi ölkələrin də adı çəkilir. Moskvanın onlara qarşı atdığı addımlar analiz edilir və qınanılır. Həmin addımları Vaşinqton təhlükəsizliyə təhdid hesab edir. Ancaq yenə də Ermənistanın işğalçılığından bəhs edilmir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində fikir bildirilmir. Bunlar onu göstərir ki, ABŞ-ın yeni milli müdafiə strategiyası həm də ikili standartlara uyğun hazırlanıb. Belə bir strategiyanın dünya nizamına səmərə verəcəyini gözləmək çox çətindir.

Newtimes.az




Ana səhifəyə qayıt        Baxış: 643          Tarix: 7-02-2018, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma