Xəbər lenti

 

 Bir gün tələbələrimdən biri sual verdi: yaradıcı adam üçün istedad əsasdır, yoxsa zəhmət? Cavab verdim ki, hər ikisi, üstə gəl şəxsiyyət. İstedad torpaq altında gizlənilmiş dəfinədirsə, zəhmət o dəfinəni üzə çıxarıb xalqın, kütlənin istifadəsinə verməkdir. İstedadı və zəhməti isə hörmətə mindirən, dəyərə çatdıransa, böyük hərflərlə yazılmağa layiq olan ŞƏXSİYYƏTDİR. İstedadsız zəhmətin, yaxud da, zəhmətsiz istedadın dəyəri olmadığı kimi, şəxsiyyətsız də sənətin və sənətkarın dəyəri, qiyməti yoxdur. Xüsusilə, sənət  və ədəbiyyat  aləmində  şəxsiyyət amili elə bir onurğa sütunudur ki, onu heç bir şeylə əvəz etmək olmaz. Buna görə də, istedadı, zəhməti olub şəxsiyyəti olmamaq nə qədər qüsurludursa, şəxsiyyəti olub, istedad və zəhməti olmamaq da bir o qədər qüsurludur.

   Şəxsiyyət xarakterin bütövlüyüdür, onun əbədi yol yoldaşıdır. Ona görə də kimin xarakteri nədirsə, onun şəxsiyyəti də odur. Yüz illərin ədəbi, elmi müşahidələri də sübut edib ki, xarakter bütövlüyü olan, istedadı, zəhməti və şəxsiyyəti, müsbət mənada, bir-birini tamamlayan fikir və düşüncə adamları ədəbi və elmi yaddaşımızda  yaşarlılıq haqqı qazanıblar. Xoşbəxtlik də ondadır ki, istər dünənki, istərsə də bugünkü ədəbi, elmi düşüncə yaddaşımızda əbədi yaşarılıq haqqı qazanan qələm adamlarımız olub və bu gün də var. Bu gün ədəbi mühitimizdə yazıçı, tərcüməçi, kinodramaturq, publisist, tərtibçı və redaktor... kimi tanınan və qırx ilə yaxıdır ki, qələmi ilə özünəməxsus söz sahibi olan Nəriman Əbdülrəmanlı istedad, zəhmət və şəxsiyyət bütövlüyü ilə çağdaş ədəbi mühitimizin yaşarılıq haqqını qazanan qələm sahiblərindəndir.

   Ədəbi düşüncəmizdə illərdir belə bir fikir formalaşmışdır ki, yazıçı üçün mövzu mənbəyi həyatdır, onun düşdüyü və yaşadığı ictimai mühit və coğrafi şəraitdir. Daha doğrusu, həyat yazıçı üçün “yaradıcılıq çeşməsidir” (Qulu Xəlilov). Bu fikrə bizim də şübhəmiz yoxdur, amma bizim fikrimiz budur ki, hər bir yazıçının, şairin, bəstəkarın, rəssamın... mövzusu, hər şeydən əvvəl, həm də sənətkarın  dünyagörüşündən və xarakterindən doğur. Əgər biz ədəbi mühiti  meyvə ağacları ilə  zəngin olan bir bağa bənzətsək, təbii olaraq görəcəyik ki, bu ağaclar eyni torpaqdan, eyni sudan və eyni havadan qidalansalar da, deyək ki, ərik ağacının aldığı qıdanı alma, alma ağacının aldığı qidanı şaftalı ağacı almır. Hər ağac öz ənənəvi geninə uyğun olaraq qidalanır. Ədəbi mühit də belədir. Eyni ictimai-siyasi quruluşda, eyni coğrafi şəraitdə yaşamasından asılı olmayaraq hər bir sənətkarın, qeyd etdiyimiz kimi, həyata, dünyaya baxışı o sənətkarın dünyagörüşündən, xarakterini formalaşdıran əxlaqı, mənəvi dəyərlərdən çox asılıdır ki, burdan da ədəbi mühitin rəngarəngliyi, müxtəlifliyi ortaya çıxır.

  Nəriman Əbdülrəhmanlı XX əsrin 80-ci illər ədəbi nəslinin nümayəndəsidir. Bu nəsil ədəbiyyata bu gün nəsr sahəsində, artıq, söz sahibi olan, özlərinə məxsus ədəbi-ictimai mövqe qazanan S.Alışarlı, Əlabbas, S.Budaqlı, R.Babayev, F.Mustafa, A.Quliyev... kimi nasirlər  verdi. Təbii ki, həmin nasirlər eyni ədəbi mühitdən pərvazlansalar da, hər biri ədəbiyyata öz yazı manerası, öz dəst-xətti və üslubu ilə gəldilər.

    N.Əbdülrəhmanlı, qeyd etdiyimiz kimi, çoxçalarlı yaradıcılıq diapazonuna malik bir qələm adamı olsa da, hər şeydən əvvəl, dili, üslubu, yazı manerası ilə seçilən, istər özündən əvvəl, istərsə də çağdaş ədəbi nəsildaşları arasında kimsəyə bənzəməyən bir yazıçıdır.

   Düzdür, həyatda, ictimai mühitdə tam mənada istər mənəvi, istərsə də bioloji əlamətlərinə görə seçilən, fərqlənən orijinal insan olmadığı kimi, ədəbiyyatda da birmənalı qəbul edilən, təpədən-dırnağa orijinal yazıçı, qələm adamı yoxdur. Bu, dünya ədəbiyyatında da belədir, iki min beş yüz illik ədəbiyyatımızda da. Amma ədəbiyyatda ənənəyə söykənib öz yaradıcılıq yolunu, üslubunu formalaşdırmaq qanunauyğunluğu da var ki, bunu kimsə dana bilməz. Bu mənada, Nəriman  bütün yaradıcılığı boyu ənənəyə, milli düşüncə və çalarlara sadiqliyi ilə yanaşı, öz daxili “mən”ini və zahiri özlüyünü görməyi bacaran və özünü xüsusilə bu gün ”mənəmlik” dövrünü yaşayan, xaos içərisində itib-batmaq təhlükəsi ilə üz-üzə  qalan ədəbi mühitin hər cür stereotiplərindən, mənfiliklərindən qoruyan yazıçıdır. Onun istər tarixi mövzuda yazdığı “Könül elçisi...” (roman-rekviyem), ”Yolçu” (roman-salnamə), ”Qurban” (roman-xronika), ”Taclı” (roman-triptix), istərsə də mövzusu günümüzün reallqlarından alınan ”Yalqız” və “Yolsuz” romanlarında, bir sira povest və hekayələri  özündə birləşdirən “Dönəlgə”, ”Yelçəkən” kimi kitablarında müşahidə etdiyimiz bu özünəməxsus qanunauyğunluğun şahidi oluruq.

  Hər bir yazıçının istər tarixi, istərsə də müasir mövzuya sadiqliyi onun öz əxlaqına və vicdanına, belə demək mümkünsə, sadiqliyindən, etibarlılığından  çox asılıdır. Çünki gerçək tarixdən fərqli olaraq yazıçının “yaratdığı” tarix daha etibarlıdır. Əgər zamanın tarixi bir çox hallarda hər hansı bir hökmdarın, ideologiyanın arzularına, istəklərinə görə yazılırsa (yadımıza salaq, “Nəsimi” filmində Teymurun öz katibinə verdiyi tapşırığı: necə deyirəmsə, elə də yaz, bəzəksiz-düzəksiz, el dilində), yazıçı öz vicdanının, əxlaqının diqtəsi ilə tarixə yanaşdığına görə  onun “yaratdığı” tarıx sözün yaddaşına köçürdüyü tarıxdır, zamanın yaddaşına hopmuş xalqın, millətin dünyagörüşünün, mənəviyyatının, əxlaqının yaddaşının tarixidir. Buna görə də tarixçi əgər tarixin faktlara, sənədlərə hopmuş, onlarda hifz olunan tarixi yazırsa, yazıçısa o tarixdə yaşayan millətin, xalqin tarixi yaddaşını yazır. Nərimanın bir yazıçı kimi yaxşı cəhəti ondadır ki, o qələmə aldığı mövzuların milli yaddaşına həmişə sadiq qalmaqla tarixi-milli yaddaşı özündə,özünü də milli tarixi yaddaşda yaşatmağı bacarıb. Bəlkə də, buna görədir ki, onun oxucu auditoriyası geniş və çeşidlidir.

  Nəriman da həyata, ictimai mühitə bir çox ədəbi nəsildaşları  kimi dəb-dəbəli xan sarayından deyil, “həyatın dibindən” (M.Qorki) gəldiyi kimi ədəbiyyata da həyatın dibindən gəlib. Bəlkə də, buna görədir ki, onun, xüsusilə, çağdaş dövrümüzlə, zamanımızla bağlı qələmə aldığı mövzular da bir çox hallarda “həyatın dibində” yaşayan, həyat və yaşam üçün öz imkanları daxilində mübarizə aparanların taleləri ilə bağlı mövzulardır. Bu mənada, Nəriman (bu fikir bəzən yerli-yersiz işlənsə də...) sözün yaxşı mənasında tale yazıçısıdır. Onun adlarını çəkdiyimiz, xüsusilə ”Yalqız” və “Yolsuz” romanlarında, ”Yelçəkən”, ”İşıqsızlıq”, ”Kişi qırığı”, ”Dönəlgə”... kimi  hekayələrində bu həqiqəti görə bilirik.

   Nərimanın yaradıcılığında illərlə müşahidə etdiyim, sezdiyim  cəhətlərdən biri və bəlkə də, birincisi budur ki, o, yazıçı kımi situasiyaları, obrazın düşdüyü, yaşam uğrunda apardığı mübarizə şəraitini daha qabarıq, daha dinamik verə bilir. Onun obrazlarının ümisizliyində də gələcəyə ümid, işıq var. Yazıçı bəzən qələmə aldığı şəraitin qanunauyğunluqlarına uyğun olaraq obrazlarını taleyin ümidinə qoyur, onların içindəki potensial enerjini, gücü “xərcləməyi” öz ixtiyarlarına buraxır. Sözün bu məqamında Q.Q.Markesin “Yüz ilin tənhalığı” romanı ilə bağlı verilən suala yazıçının verdiyi cavabı xatırlamamaq olmur:

   “Yüz ilin tənhalığı” qeyri-adi romandır, ancaq heç bir çıxış yolu göstərmir?

   -Bu mənim üçün doğmadır. Mənim əsərlərim situasiyanı göstərir, çıxış yolunu yox”.

  Diqqətə çatdırmaq istədiyimiz  fikir üçün yekun olaraq deməliyik ki, Nərimanın da yaradıcılığında bu tipli nüanslar az deyil...

   İ.V.Hötenin məşhur bir fikri var: ”Şairi yaxşı tanımaq üçün ilk öncə onun vətənini görmək lazımdır”. Bu fikir oxucudan, tədqiqatçıdan çox, fikrimizcə, tərcüməçiyə daha çox aiddir. Çünki tərcüməçi üçün hər iki dili bilmək və dillərin bədii çalarlarını mükəmməl şəkildə mənimsəmək başlıca şərt olsa da, bu, hələ hər şey demək deyil. Tərcüməçi həm də tərcümə etdiyi yazıçının, şairin vətəninə, onun millətinin psixologiyasına, adət-ənənələrinə, mənəvi dünyasına dərindən bələd olmalıdır. Əks halda ən təcrübəli tərcüməçi belə çətin ki, ortaya yaxşı  tərcümə əsəri qoya bilə.

  Qeyd etdik ki, Nəriman həm də, sözün yaxşı mənasında,  bacarıqlı, səriştəli tərcüməçidır. Onun ayrı-ayrı xalqların ədəbiyyatından tanınmış, seçmə yazıçıları mükəmməl şəkildə “Vaqifin şirin dilinə” çevirməsi və bu çevrilmələrin də ədəbi ictimaiyyət tərəfindən razılıqla qarşılanması yazıçı yaradıcılığının daha bir aspektindən, çalarından xəbər verir. O, yazıçı kimi bədii yaradıcılığında nə qədər ciddi, tələbkardırsa, tərcümə sahəsində də bir o qədər özünə tələbkar və ciddidir. Bunu Nərimanın ayrı-ayrı vaxtlarda tərcümə və nəşr etdirib oxucu auditoriyasına əmanət etdiyi 47 tərcümə kitabından da görmək olar ki, burada oxucunu yormamaq üçün, təəssüflər olsun, həmin kitabların adlarını  sadalamaq istəmədik. Ancaq, həqiqət budur ki, yazıçının tərcümə əsərləri də (belə demək mümkünsə) çağdaş ədəbi mühitin ahənginə yeni rəng və ahəng gətirib, oxucu auditoriyasının dünyagörüşünün formalaşmasında, onun bəşəri düşüncə və duyğularının inkişafında  müstəsna rol oynayıb və oynamaqdadır.

  İllərin sınağından çıxmış  ”yazıçılıq əxlaqı” deyilən bir termin (buna “deyim” də deyə bilərık) var ki, bu çoxtərəfli anlayışın başlıca qaynağını yaradıcılıq əxlaqı, yaradıcılıq intizamı şərtləndirir. Bu intizama, bəlkə də, ”yazıçının əmək intizamı” demək daha düzgün olardı. Nəriman o qələm sahiblərindəndir ki, o, bir qayda olaraq  hər gününü, Günəşinin doğum anını yazı masası arxasında qarşılayır. Elə buna görə də qirx illik yaradıcılığı dövründə Azərbaycan ədəbi-elmi mühitində müxtəlif xalqların ədəbiyyatını təmsil edən 47 tərcümə kitabının, 15 bədii kitabın, 15 tərtib və nəşrə hazırladığı kitabın, 3 redaktoru olduğu sənədli və bədii filmin, 9 sənədli və bədii filmin ssenari müəllifi, ssenariləri əsasında “Lider” TV-də çəkilmiş 26 sənədli filmin,nəşrə hazır olan müxtəlif səpkili 10 kitabın və 24 tərcümə kitabının, çəkilişini gözləyən 8 ssenarinin, üstəlik də, ədəbi proseslə bağlı vaxtaşırı mətbutda çıxışların müəllifi kimi tanınan Nəriman ədəbi nəsildaşları içərisində çoxlarına nəsib olmayan zəngin və mənalı yaradıcılıq diapazonuna malikdir. Əgər Nərimanın ağır zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qədər ədəbi, elmi dəyərləri ədalət tərəzisi ilə çəkmək mümkün olsaydı, şübhəsiz ki, onun əsərlərinin ümumi çəkisi fiziki çəkisindən ağır gələrdi. Məhz elə bunun nəticəsidir ki, Nərimanın yaradıcılığı ilə bağlı elmi-ədəbi ictimaiyyətə iki qiymətli monoqrafiya (Sabir Bəşirov: ”İşıq adamı”, Bakı, 2010; Yeqzar Cəfərli: ”Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı”, Bakı, 2017) və ədəbi mühitdə kifayət qədər tanınmış onlarla  fikir və düşüncə admlarının tədqiqat xarakterli dəyərli məqalələri vaxtaşırı təqdim olunmuş və təqdim olunmaqdadır.

  N.Əbdülrəhmanlı imzası ölkəmizdən xaricdə də yaxşı tanınır. Onun ədəbiyyatın müxtəlif problemləri ilə bağlı Türkiyənin İstanbul (2009, 2016, 2017), Rusiyanın Voronej şəhərində (2013), Dağistanda (2017), Qazaxıstanın Alma-Ata şəhərində (2017) keçirilən bir sıra beynəlxalq tədbirlərdə ədəbiyyatımızı layiqincə təmsil etməsi bir yazıçı-tərcüməçi kimi Nərimanın yaradıcılığının və ictimai fəaliyyətinin işıqlı səhifələrindəndir.

    P.S. Bu yazımızda qarşıya qoyduğumuz  məqsəd N.Əbdülrəhmanlının çoxşaxəli yaradıcılığını geniş təhlil obyektinə çevirmək deyildi və buna heç ehtiyac da yoxdur, çünki ”görünən dağa nə bələdçilik”. Başlıca məqsədimiz illər boyu damla-damla, zərrə-zərrə beynimdə, düşüncəmdə formalaşdırdığım Nəriman Əbdülrəhmanlı adlı, Nəriman Əbdülrəhmanlı ünvanlı bir yazıçının, fikir və düşüncə adamının obrazının dərk etdiyim məziyyətlərini, çalarlarını nərimansevərlərlə paylaşmaq idi...

    Və bu yazı üçün son olaraq  dünya ədəbiyyatı korifeylərindən olan Viktor Hüqonun bir fikrini yada salmaq istərdim: V.Hüqo  böyük O.Balzakın  dəfni mərasimindəki çıxışında (1850-ci ilin 20 avqustunda) deyir: ”Böyük adamlar özlərinə pyedestal qoyurlar, heykəli isə gələcək ucaldır”.

   Bəlkə də, burada böyük V.Hüqonun  məşhur fikrini xatırlamağımız  çoxları üçün birmənalı qarşılanmayacaq - bu da təbiidir - ancaq Nəriman Əbdülrəhmanlı yazıçı, tərcüməçi, kinodramaturq... kimi 60 illiyinə qədər  bütöv  şəxsiyyəti və dəyişməz yazıçı xarakteri ilə öz pyedestalını da qoymuş və o pyedestal üzərində ədəbi heykəlini də ucaltmışdır.

    Biz də qələm dostumuz Nərimanı 60 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona yaradıcılığın əzablı və şərəfli yollarında uğurlar arzulayırıq.

                                                                                   

 Xanəli Kərimli
Filologiya üzrə fəlsəfə 
doktoru




Ana səhifəyə qayıt        Baxış: 1 277          Tarix: 15-03-2018, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma