Xəbər lenti

 

Hər kəsə məlumdur ki, vətənimizdə, Azərbaycanda hər il beynəlxalq yarışlar keçirilir. Bu yarışlar ölkəmizin dünyada tanınması üçün xüsusi ilə əhəmiyyətlidir. Bu səbəbdən də ev sahibliyi etdiyimiz yarışlara həm maddi, həm də mənəvi cəhətdən ciddi hazırlıqlar edilir.

Vətənimizdə keçirilən bu yarışlar Azərbaycan Türk mədəniyyətini, adət-ənənələrini, incəsənətini, tarixini misafirlərə tanıtmağı da qarşısına məqsəd qoyur. Bizim misafirsevərliyimiz, qonaqpərvərliyimiz qonaqlarımızın da diqqətini xüsusi ilə cəlb edir. Bu səbəbdəndir ki, qonaqlarımıza yardımcı olsun deyə xüsusi "könüllülər" adlandırılan qrup təşkil edilib.

Həqiqətən, bu işi layiqi ilə görən könüllü həmvətənlərimiz var. Mənim ətrafımda, dostlarımın arasında da xüsusi ilə bu işə önəm verən tanışlarım az deyil və onlara vətənimizə xidmət məqsədiylə çalışdıqları üçün təşəkkür edirəm.

Amma bu işdə çox da doğru yolu tutmayanlar da var. Sizə vətənimizdə misafir olan və burda çalışan əslən İngilis olan bir tanışımızın qarşılaşdığı və təəccübləndiyi bir hadisədən bəhs edəcəyəm. Belə ki, uzun müddətdir Azərbaycanda yaşayan və Bakıda bir şirkətdə həmin dostumuz şəhərdə gəzərkən onun yarışlar səbəbi ilə vətənimizə gəldiyini zənn edən 6 nəfərlik gənc könüllü qrupu ona tərəf gələrək "Xoş gəldiniz, bizlər könüllüyük və sizin yardıma ehtiyacınız varsa, kömək edə bilərik" deyirlər. Bizim əcnəbi dostumuz ,"Sağ olun mən artıq yerli sayılıram, buranı taniyiram " deyərək cavab verir. Bunun üzərinə söhbətə başlayırlar.

Bizim xarici dostumuz qrupdakıların aralarında fərqli dildə yəni Azərbaycan Türkçəsində danışmadığını görür və " siz Azərbaycandan deyilsiniz hər halda ?" deyə sual edir. Məlum olur ki, iki könüllü əslən Azerbaycanlı deyil. Bunu öyrəndikdən sonra əcnəbi dostumuz digərlərinin də Azərbaycanlı olmadığını zənn etdiyini, başqa dildə danışdıqlarını söyləyir. Düşünün, bunu eşidən eslən Azərbaycanlı olan dörd nəfər sevinərək" Sağ  olun, bizi azərbaycanlı kimi görmədiyinizə sevindim" deyirlər.

Hansı səbəbdən belə sevindikləri soruşulduqda isə  cavab olaraq əslən Azərbaycanlı olan bu 4 nəfərin ortaq cavabi belə olur "azərilər, ya da siz necə deyirsiz, azərbaycanlılar çox da mədəni olmurlar, mədəniyyətsiz olurlar, çağdaş olmurlar. Bizi onlara oxşatmadığınız üçün sağ olun."

Bunun üzərinə xarici dostumuz "Sizin düşüncəniz heç də doğru deyil, gənclər, mən çox zaman oldu burda çalışıram və tanışlarımızın çoxu Azərbaycanda böyüyüb və çox mədəniyyətli  dəyərli insanlardı. Həm siz burda Azərbaycanı tanıdmalısınız. Mən artıq buranın yerlisi sayılıram və burda tanışlarım olmasa sizin düşüncənizlə hərəkət etseydim, Azərbaycanın əhalisini və mədəniyyətini yanlış anlamış olardım" deyir.

Sizə bəhs etdiyim bu hadisədən xəbərdar olduqdan sonra, mənə bu hadisəni  təəccüblə  danışan əcnəbi dostumuza xüsusi təşəkkür etdim. Çünki, bu dost özünün Azərbaycanlı olduğunu deyən və başqa dildə danışmaği, fərqli milllətdən biri kimi görünməyi mədəniyyət hesab edən sözdə "həmvətənlərimizə" yaxşı dərs vermişdi. Ama bu gəncələrin düşüncə tərzi məni çox məyus etdi. Sən Azərbaycanda yaşa, Azərbaycanın suyunu iç, burada böyü, amma arada bir dil öyrən, özünü müasir hesab et və Azərbaycan xalqını mədəniyyətsiz hesab et! Bu hal həqiqətən dəhşətdir və çox üzücüdür.

Bizim yaxşı bir deyimimiz var: "Tısbağa qınından çıxdı qınını bəyənmədi". Ama loru dillə desək,  bunlar heç qınlarından da çıxmayıblar, qının içində ola-ola , bu qına sığına-sığına qınlarını bəyənmirlər. Düşünün, öz dilində danışmayan və öz mədəniyyətini bəyənməyib ədabazlıq edənlər  Azərbaycanımızı necə tanıda bilərlər? Türk dünyasının görkəmli düşünürü şairi Bəxtiyar Vəhabzadə necə də gözəl deyib:

Ey öz doğma dilində danışmağı ar bilən

Bunu iftixar bilən

Modalı ədəbazlar

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Qoy bunlar mənim olsun.

Ancaq Vətən çörəyi,

Bir də ana ürəyi Sizlərə qənim olsun.(1)

BU MİSRALAR HƏR ŞEYİ DEYİR ƏSLİNDƏ. Şairin digər misraları da tam bu mövzunu əhatə edir :

Gülmə öz kökünə, ayıbdır sənə!

 “Ot kökü üstündə bitər, unutma,

Köhnə damğasını vurub atana,

Özgədən özünə sən ata tutma!()

  və ya

Nəsənsə, özün ol,

Kökündən yapış!

Dünənə arxalan,

Bu gündən yapış! ()

Qısaca sizlərə bildirmək istəryirəm ki, dəyərli  həmvətənlərim, "könüllü" olunca ilk öncə düşünün ki, nəyə könüllü olursunuz. Sizlər Azərbaycan Türk Yursdunu tanınmasına xidmət edirsiniz. Tanıdığım və bu işi layiqincə yerinə yetirən soydaşlarıma təşəkkür edirəm. Digərlərinə isə sadəcə  tutduqları yolun doğru olmadığını bildirmək istəyirəm.

Unutmayin, dünyanin dörd bir yanında yaşayan soydaşlarımız vətənin adini uca tutur və dilini yaşadır.Güney Azərbaycandakı Azərbaycanlı Oğuz Türkləri öz mədəniyyətini ,dilini yaşadmaq üçün mübarizə aparır. Azərbaycanda hər il yüksək səviyyəli beynəlxalq yarışlarin keçirilmə səbəbi mədəniyyətimizi, tariximizi dünyaya tanıtmaqdır. İdmançılarımız adımızı ucaltsın deyə mücadələ edirlər. Lütfən bu əməklərə kölgə salacaq davranışlar sərgiləməyin!

  Aynur Talıblı

 




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 13-05-2017, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma