Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 24 aprel-1 may tarixlərində nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilib.
Ovqat.com xədər verir ki, FHN-in İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında təşkil edilən çempionatda 15 komanda və hər komandada 12 idmançı olmaqla, 180 əməkdaş iştirak edib.
Komandalar 4 qrupda mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb. Yarımfinalda Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə Gəncə Regional Mərkəzinin (GRM) komandaları qarşılaşıblar. Bu oyunlarda XRXX DYMX-ə 2-1, MTTİ isə GRM-in komandasına 9-2 hesabı ilə qalib gəlib.
III yer uğrunda görüşdə DYMX GRM-yə 5:2 hesabı ilə qalib gəlib. Final matçında XRXX və MTTİ futbolçuları qarşılaşıblar. Əsas vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasında üstün olan XRXX komandası çempion olub.
Final oyunundan sonra keçirilmiş mərasimdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayev, İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, MTTİ rəisi Amal Teymurov çıxış edərək iştirakçıları təbrik ediblər, onlara uğurlar arzulayıblar.
Onlar IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs ediblər, Azərbaycanın dünyada idman ölkəsi kim tanındığını vurğulayıblar.
F. Musayev çıxışında qeyd edib ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlara dövlət tərəfindən böyük qayğı var: "Biliyimiz kimi, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Deyərdim ki, bu, tək idman tədbiri yox, böyük İslam həmrəylik tədbiri olacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da bu yarışa qatılacaqlar”.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.
Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elmir Quluzadə, ən məhsuldar hücumçu Şünasib Məmmədov, ən yaxşı qapıçı isə Elvin Zeynalov olub.
Paylaş: