Xəbər lenti
                                                       
   
 

Aynur Talıblı
İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü magistri


Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir, desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu, bizim kimlik kartımız, bəlgəmiz olar.
 “Bir dil necə çirklənər”-deyə, sual edə bilərsiniz.
Əgər biz öz dilimizə gərəksiz, yabancı, milli olmayan sözlər daxil ediriksə, bu dilimizin çirklənməsinə gətirib çixarır.
Digər tərəfdən, əgər bunu özümüzü müasir, “modern” göstərmək üçün edəriksə, bu artıq dilimizə qarşı cinayətdir! Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq və inad edirik . Deyəsən, ”vsyo”, “uje”, ”tak”, ”davay”, ”mama”, “papa” kimi sözləri işlətmək bəzilərinə xoşdur. Niyə, bunun səbəbi nədir?
Bu suallara verəcəyimiz şablon, qəlib cavablar hazırdır. Sizə onlardan bir-iki örnək yazım: “Biz rusların əsarətində idik”, ”Rus dili beynalxalq dillərdən biridir”, “Rusya bizim qonşumuzdur” və s.
“Rus qonşunuzdur”- deyə, Azərbaycan dilinin əvəzinə rus dilində də danışmalısınız?!
100 ilə yaxın rus işğalında qalmağı bəhanə edənlərə gəlincə, xatırladaq ki, artıq müstəqil olmağımızdan 30 ilə yaxın müddət keçib. Artıq bu bəhanəni bir kənara qoymaq lazımdır! Bunu da qeyd edim ki, Rusiya bizim sadəcə qonşumuz deyil,erməniyə dəstək verən, mədəniyyətimizin və dilimizin inkişafının önünü kəsən bir gücdür.
Məsələn, Gürcüstanı götürək. Gürcülər rus dilində danışmağın daşını çoxdan atıblar! Digər tərəfdən ağzınızı əyə-əyə “Rus dili beynəlxalq dildir” deyirsinizsə, sizin eviniz və Bakı küçələri nə konfrans zalıdır, nə də akademik arenadır. Əgər oralarda Azərbaycanımızı təmsil edərkən danışsanız, bu daha yararlı olar. Siz rus və ya da ingilis dilində danışmağa beynəlxalq arenada, akademik məkanlarda davam edin. Əks halda Bakı küçələrində xüsusilə də “Torqovı” adlandırdığınız yerdə rusca danışmağa davam etsəniz, bu sizi, “modern” yox, öz ana dilində danışmağı ar bilən, dilinə dəyər verməyən biri kimi göstərəcəkdir.
Bilirəm, bəziləri “dil bilmək yaxşıdır” kimi ifadələr işlədəcək. Amma onlara bunu bildirmək istərdim ki, sizə “dil bilməyin”- demirik. Dəyərli həmvətənlərim, hətta erməninin də dilini öyrənin, ama türk-Oğuz yurdu olan Azərbaycanda türkçə danışmaq sizin və bizim boynumuzun borcudur! Əks halda Azərbaycan türkçəsində danışanlara “çuşka” deyərək alçaldıldığınız dönəmə geri dönərik ki, bu da bizin milli kimliyimizin və şəxsiyyətimizin alçaldılması deməkdir!
Milli diliduyğusu, düşüncəsi, vətən, millət sevgisi olmayanlar, dilini qorumayanlar vətənini, millətini, dövlətini qorumazlar! Onu da qeyd edim ki, artıq vətənimizdə illərdir beynəlxalq yarışlar keçirilir və ölkəmizə qonaqlar gəlir. Əgər biz onların qonaq olduğu zamanlarda da öz vətəndaşlarımızla rusca danışsaq, bu yaxşı hal olmayacaq. Necə ki bundan əvvəlki yarışmada İngiltərədən gələn bir qonağın verdiyi ”Hələ də Azərbaycanda dövlət dili rus dilidir?” sualı ilə üzləşəcəksiniz. Unutmayın, biz onlara öz dilimizi-Azərbaycan türkçəsini tanıtmalı və sevdirməliyik. Sonda unudulmaz ədibimiz Məhəmməd Hüseyn Şəhriyardan iki misra ilə fikrimi bitirmək istərdim:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu dil əsil olmaz.





Ana səhifəyə qayıt        Baxış: 1 541          Tarix: 27-04-2017, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma