Xəbər lenti

 

Göyçay rayonunda sel suları kənd təsərrüfatına da ciddi ziyan vurub.

 

Göyçay rayon icra hakimiyyətindən APA-nın yerli bürosuna bildiriblər ki, sel suları Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün də təhlükə yaradıb.

 

Sel suları Göyçay çayının yatağının xeyli genişlənməsinə səbəb olub, torpaq uçqunu nəticəsində kənd sakinlərinin meyvə bağları, tərəvəz əkini sahələri çay yatağına düşərək məhv olub. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndlərdə sakinlərlə görüşərək əhaliyə dəyən ziyanın məbləğini hesablayır. 

 

Rayon fövqəladə hallar komissiyasının sədri İ. Vəliyev APA-nın yerli bürosuna bildirib ki, Göyçayda selin törətdiyi fövqəladə vəziyyətlə əlaqədar Göyçay çayının sol tərəfindəki yaşayış məntəqələrinin sakinlərinə zərurət olarsa kömək edilməsi üçün təcili tibbi yardım-həkim briqadası yaradılıb. Qızılağac kənd həkim məntəqəsində yerləşdirilən ixtisaslı həkim briqadası təcili tibbi yardım avtomobili və lazımı dərman preparatları ilə təmin olunub. Bundan əlavə, Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən avtomobili Göyçay çayının sol sahilinə keçirilərək orada fəaliyyəti təmin edilib. Zərurət olarsa yanğından mühafizə hissəsinin Qaraməryəm bölməsi də köməyə gələcək. Göyçay çayının sol tərəfindəki 38 yaşayış məntəqəsində rayon əhalisinin 60 faizi yaşayır. Hazırda insanların kəndlərdən Göyçay şəhərinə avtobuslarla gəlişi Ucar şəhərindən keçməklə və gediş haqqı artırılmadan təmin edilir. Həmin yaşayış məntəqələrinin çörək və digər ərzaq məhsulları ilə təmin edilməsi, kəndlərdən meyvə-tərəvəz məhsullarının mərkəzi bazara gətirilməsi üçün işlər görülür”.

FHN: Göyçayda körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb

FHN və "Azəravtoyol" ASC-nin mütəxəssisləri Göyçayda qəzalı vəziyyətə düşən körpüyə ilkin baxış keçiriblər.

 

Respublikanın bəzi dağlıq ərazilərində 1 və 2 iyun tarixlərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi  uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb.

 

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə vizual texniki baxış keçiriblər. İlkin baxış zamanı müəyyən olunub ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılıb, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulub. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına  səbəb olub. Mütəxəssislərin fikrinə görə, körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilib. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək.

 

Hazırda FHN-nin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternativ körpünün salınması üçün təkliflər hazırlanır. Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət  sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından (əlavə 35 km) istifadə etmək tövsiyə olunur.




Ana səhifəyə qayıt        Baxış: 958          Tarix: 3-06-2018, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma