AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Xalq artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Rasim Balayevin 70 illik yubileyini qeyd edib. “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlanan tədbirdə Mədəniyyət Nazirliyinin, AMEA-nın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, “Veysəloğlu” şirkətlər qrupunun əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorun sənət doğmaları, Türkiyədən olan sənətçilər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan MEK direktoru Leyla İmanova bildirib ki, MEK fondlarında “Rasim Balayev” kateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə də Rasim Balayevin iştirakı ilə çəkilmiş filmlər, intervyular və verilişlər Mərkəzi Elmi Kitabxananın elektron kataloqu ilə yanaşı Milli Rəqəmsal Bazasına daxil edilmiş və istifadəçilərin ixtiyarına verilmişdir. L.İmanova qeyd edib ki, MEK informasiya istehsalçısı olaraq, nəzdində yaradılan Vikipediya Metodik Mərkəzi, “Qorqud” Viki-könüllülər qrupu “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə birlikdə Rasim Balayevin Azərbaycandilli vikipediyadakı səhifəsini redaktə etmiş, ərəb, fars, türk və gürcü dilli vikipediyalarda Rasim Balayevin viki-səhifəsini yaratmış, bununla da informasiya məkanında mövcud boşluq qismən də olsa aradan qaldırılmışdır. Eyni zamanda, MEK tərəfindən Rasim Balayevə həsr olunan film hazırlanmış, MEK-in Youtube kanalında yerləşdirilmişdir. L.İmanova öz çıxışında Rasim Balayevin iştirakı ilə Anar, Tofiq Tağızadə, Eldar Quliyev, Anar Məmmədxanlı, Həsən Seyidbəyli, İsa Hüseynov, Ramiz Həsənoğlu kimi korifeylərin yaratdığı Beyrək, Babək, Nəsimi obrazlarının, dünənin qəhrəman obrazlarının gənc nəslə təsir imkanlarından, kino klassikasına çevrilmiş Azərbaycan filmlərinin bərpasından, gənc nəslin informasiya qavrayışı özəlliklərini nəzərə alınması ilə əsrlərdən, zamanlardan keçən Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Cavid kimi layiqli Azərbaycanlı obrazlarını özündə cəm edən vahid kiber-obrazın yaradılmasından danışıb.
ADMİU-nun Səhnə danışıq kafedrasının müəllimi, Rasim Balayevin tələbəsi olmuş Əlizaman İknurun təqdimatından sonra MEK-in Xalq artistinin həyat və yaradıcılığını əks etdirən “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı video nümayiş olunub.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun sənətindən, yaradıcılığından danışıb. Yubilyarı təbrik edən E.Əliyev aktyora can sağlığı, yaradıcılıq uğurları arzulayıb.
Sonra musiqili tədbirin tərtibatına uyğun olaraq incəsənət və mədəniyyət xadimlərinin çıxışları və ifaları dinlənilib. Çıxış edənlərdən Xalq artistləri –Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Azər Paşa Nemətov, Əməkdar incəsənət xadimləri - şair Baba Vəziroğlu, kinorejissorlar Ayaz Salayev, Şeyx Əbdül Mahmudov, Əməkdar artistlər - İstanbul şəhər bələdiyyə teatrının müdir müavini Məlahət Abbasova, Ötkəm İsgəndərov, Musiqili Dram Teatrının aktyoru Nadir Xasıyev Rasim Balayev şəxsiyyətinin və sənətinin parlaq cizgiləri haqqında öz düşüncələrini bölüşüblər. Muğam ifaçılarından, Xalq artistləri - Zabit Nəbizadə, Teyyub Aslanov, Əməkdar artist Elnarə Abdullayeva, Muğam müsabiqəsinin qalibi Mirələm Mirələmov, xanəndə Elbrus Niftəliyev Azərbaycan musiqisinin ecazkar nümunələri ilə məclisi rövnəqləndiriblər. Xalq artistinin tələbə yoldaşları Vaqif Əsədov, Könül Axundzadə, Elmi Mirzəliyev aktyor haqqında maraqlı və xoş xatirələrini yada salıblar. “Veysəloğlu” şirkətlər qrupu adından şirkətin vitse-prezidenti İlqar Nuri də çıxış edərək Xalq artisti Rasim Balayevi yubiley münasibəti ilə təbrik edib. Sonra ailə adından Rasim Balayevin oğlu Ülvi Balayev çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirib.
Sonda Xalq artisti Rasim Balayev öz ürək sözlərini bölüşüb, yubiley gecəsinin təşkilatçısı olan MEK-ə və bütün sənət dostlarına xüsusi minnətdarlığını və ehtiramını bildirib.
Məlumat üçün bildirək ki, “Rasim Balayev” adlı elektron resurs artıq MEK istifadəçilərinin ixtiyarındadır.
Nərmin Vüqarqızı
Ovqat.com
Paylaş: