Aktyor, xalq artisti Rasim Balayevin məlum müsahibəsi ətrafında qalmaqal səngimək bilmir. O, “Yeni Müsavat”a son açıqlamalarının birində Respublika Kinematoqrafçılar İttifaqı haqda da danışıb. Bildirib ki, İttifaqdan onunla maraqlanan yoxdu. Aktyorun bu sözlərindən sonra Kinematoqrafçılar İttifaqından musavat.com-a açıqlama göndərilib. Qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, Rasim Balayev sözügedən təşkilatın üzvü deyil: “O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da həmin vəzifəni daşıyır”.
Ə.Vəliyev bildirib ki, buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra İttifaqın sədri Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlamışıq, vəziyyəti ilə maraqlanmışıq: “Ona “nə köməklik lazımdır, edə bilərik” deyilib. Rasim Balayev bildirib ki, jurnalistlər onun haqqında tamamilə yalan məlumat verib, vəziyyəti əladır, heç bir köməyə də ehtiyacı yoxdur. Çünki yaxşı təqaüd alır. Xalq artisti Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə, reklam və seriallara da çəkilir və özünün də dediyi kimi, istədiyi qonorarı əldə edə bilir. Buna baxmayaraq Kinematoqrafçılar İttifaqı adından qeyd edək ki, xalq artisti Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, “çünki o, Rasim Balayevdir”.
Xatırladaq ki, xalq artisti Rasim Balayevin “dərmanlara pul çatdıra bilmirəm” deməsi ictimaiyyətdə geniş müzakirələrə yol açmışdı. Bununla bağlı məsələ ötən həftə Milli Məclisin plenar iclasında da müzakirə edildi. Deputat, xalq artisti Zeynəb Xanlarova səhiyyə, mədəniyyət və turizm nazirlərinə müraciət edərək Rasim Balayevə dəstək olmağı xahiş etmişdi.
Rasim Balayevin Kinematoqrafçılar İttifaqının bəyanatına cavabı olarsa, onu dinləməyə, fikirlərini çap etməyə hazırıq.
Paylaş: