Xəbər lenti

Fazil Mustafa 

Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar:

Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar;

İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb;

Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət.

Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?

Belə anlaşılır ki, əksəriyyət üçün bu hadisələrdən ən vahimi Zaranın "Jara"ya gəlməsi sayılır. Əlbəttə, erməniçiliyi təbliğ edən birisinin hansı statusla olursa olsun, kimin himayəsi ilə olursa olsun, Azərbaycana gətirilməsi amoraldır, yolverilməzdir. Adamın indiyədək Azərbaycanla bağlı hansısa müsbət məsajı yoxdur və bundan sonra da belə bir məsajı gözlənilmir, o halda cəmiyyətin heysiyyatı ilə oynamağa nə zərurət var? Xüsusilə də Gəncə hadisələrinin ajiotajı hələ gündəmdən qalxmamış cəmiyyətdə yenidən emosional ajiotajın yaranmasına nə lüzum var?

Ancaq yenə də bu hadisəyə bir keçici epizod kimi baxılmalıdır, çünki bir qərarla çözüləsi məsələdir və ümid edirəm ki, səlahiyyətli şəxslər ictimai rəyi nəzərə alıb bu yanlış addımı dayandıracaqlar.

İkinci məsələ də, yəni ağacın kölgəsidə daldalanmağa görə pul tələb edilməsi ölkənin turizm perspektivi üçün xoşagələn hal deyil, lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özülləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar. Ancaq düzəlməyəcək, dəyişməyəcək, cəza ilə bərpa olunmayacaq məhz üçüncü hadisədir, üçüncü!

Həmin hadisəni də erməni əsilli Zara törətməyib, hətta erməni əsilli Zara bizə düşmən olmasına rağmən, bu hadisəni törətməz, bunu Azərbaycan vətəndaşı, öz azərbaycanlımız içi sızlamadan, ürəyi ağrımadan rahatlıqla, məsuliyyəsizliklə törədib və təbii ki, hansısa cəza almayacağına arxayınçılıqla törədib. Ağacın dibinə kimyəvi turşu tökərək məhv edənlərin bizə oxuduğu mənəviyyatsızlıq, inanın ki, Zaranın hətta ermənicə, rusca bizə oxuyacağı mahnıdan daha ağır gələcək. Bu, ağacı kəsməkdən də daha dəhşətli qətliamdır, ağacı zəhərləyərək öldürmək bəlkə də dünyada analoqu olmayan bir vəhşilikdir və bu vəhşiliyi törədənlər də bizimlə bir ölkədə, bir səmanın altında rahatca yaşayırlar.

Zara da cəhənnəmə, turistdən kölgələnmək üçün tələb olunan 5 manat da cəhənnəmə, mahiyyət budur ki, gözümüzün önündə öldürülən bu ağacların artıq kölgəsi olmayacaq və bizlər də bu halımızla özümüzdən müştəbeh durumda ərəb turistlərin pintiliyindən, vəhşiliyindən hər gün ağızdolusu danışacağıq. Öz oturduğu budağı kəsməkdən də o tərəfə getmişik e... Artıq kölgəsinə sığındığımız ağacı zəhərləyib öldürürük. Bu kölgə olmayandan sonra heç o uşaq da kölgələnmək istəyən bir Allah bəndəsindən 5 manat pulu da istəyə bilməyəcək...




Ana səhifəyə qayıt        Baxış: 1 245          Tarix: 25-07-2018, 02:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma