Xəbər lenti

 

Tramp hökuməti keşiş Endryu Kreyq Brunsonun sərbəst buraxılması üçün Türkiyəyə iqtisadi təzyiqlərini artıracaq.

Ovqat.com xəbər verir ki, bunu  ABŞ Dövlət Departamentinin keçmiş müavini Amanda Sloat Almaniyanın “DW” nəşrinə müsahibəsində deyib.

Aktuallığını nəzərə alıb müsahibənin tərcüməsini təqdim edirik:

 -Tramp hökumətinin keşiş Brunsonun sərbəst buraxılmamasına bu qədər sərt reaksiya göstərməsini necə izah edərdiniz?

 - Brunson və digər konsulluq əməkdaşlarının həbsinə görə ABŞ-la Türkiyə arasındakı münasibətlər onsuz da gərgin idi. Prezident Tramp və vitse-prezident Pens türk həmkarları ilə bu məsələləri müzakirə etmişlər, hətta NATO zirvəsində Trampla Ərdoğanın görüşündə də eyni mövzu gündəmə gəlmişdi. Əvvəl iki amerikalı senator Ankaraya gedərək, prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Bu təmaslar fonunda ABŞ-da müəyyən bir gözlənti yaranmışdı; türk tərəfinin bu problemin həlli üçün hərəkətə keçəcəyi düşünülürdü. Brunsonun son məhkəmə iclasında sərbəst buraxılmaması böyük xəyal qırıqlığına yol açdı. Həm Konqres, həm də Ağ ev keşişin ev həbsinə yox, azadlığa buraxılmasını gözləyirdi. Hazırda ABŞ-da diplomatik yollarla həll təşəbbüsünün nəticəsiz qaldığı düşüncəsi hakimdir.

-Sizcə, Tramp keşiş Brunsonun sərbəst buraxılmaması təqdirində bunun geniş sanksiyalarla nəticələnəcəyi mesajını Ərdoğanla görüşündə bəyan etməmişdimi? Ərdoğan gərginliyin bu qədər böyüyəcəyini proqnozlaşdırmamış ola bilərmi?

-Trampın ABŞ-ın mövqeyini kifayət qədər aydın şəkildə çatdırmamaq ehtimalı düşünülə bilməz. Danışıqlarda Ərdoğana dəfələrlə ABŞ-ın mövqeyi çatdırılıb.

-Həm prezident Tramp, həm də vitse-prezident Pens Türkiyəyə ciddi və əhatəli sanksiyalar tətbiq edəcəyi xəbərdarlıq edib. Ciddi və geniş sanksiyalarla nə nəzərdə tutulur?

-ABŞ hökumətinin planının nə olduğu tam aydın deyil. Tramp və Pens tweetlerinde bunu ifadə etməklə yanaşı, konkret olaraq nə nəzərdə tutulduğuna aydınlıq gətirmədilər. Ağ evin atacağı addımları gözləyib görməyimiz lazımdır. Ancaq aydındır ki, konqres cəbhəsində Milli Müdafiə Səlahiyyət Qanun Layihəsi ilə bağlı addım atması çox güclü bir ehtimaldır. Bu layihəyə bir müddəa əlavə olunub, həbsdə olan ABŞ vətəndaşları və Türkiyənin Rusiyadan aldığı S-400 raket əleyhinə müdafiə sistemi yenə Türkiyənin F-35 konsorsiumundakı iştirakı ilə əlaqələndirilib, yəni F-35-lərin təhvilinin əngəllənməsinə imkan verilib. Görünən odur ki, yekun səsverməyə gediləcək. Digər bir layihəylə də Türkiyənin beynəlxalq maliyyə təşkilatlarından borc almasına məhdudiyyətlər gətirilməsi hədəflənir. Xülasə, bu, ABŞ-ın Türkiyəyə borc verilməsinə dəstək olmayacağı mənasına gəlir və Ankaranın beynəlxalq sahədə borclanmasını məhdudlaşdıracaq.

-Almaniya ilə Türkiyə arasındakı əlaqələr də keçən il insan haqları müdafiəçisi Piter Steudnerin həbs olunması üzündən gərginləşmişdi. Berlin siyasətində dəyişikliyə getmiş, Ankara üzərində təzyiq üçün iqtisadi tədbirlərə əl atmışdı. Steudnerin və sonra jurnalist Dəniz Ucalın sərbəst buraxılmasından sonra bu təzyiqlər azaldılmışdı. Baş verənlər ABŞ-dakı qəraralıcıların mövqeyinə də təsir edə bilərmi?

-Şəxsən, mən ABŞ-ın Almaniya təcrübəsindən öyrənəcəyi dərslər olduğunu düşünürəm. Həm Almaniya, həm də Rusiya Ərdoğanla yaşadıqları çətinliklərdə, ancaq iqtisadi təzyiq göstərməyə başladıqdan sonra irəliləməyə başladılar. Konqresin qanuniləşdirməyə hazırlaşdığı tədbirlərə baxanda, bənzər bir şəkildə Türkiyə üzərində iqtisadi təzyiq tətbiq edilməsi məqsədini güddüklərini görürsünüz.

 -ABŞ-Türkiyə münasibətlərində bu nöqtəyə gəlinməsi qarşısı necə ala bilər?

 -ABŞ son bir ildə Türkiyə ilə diplomatik dialoq üçün intensiv cəhdlər göstərdi. Keçmiş dövlət katibi Tillerson Türkiyəyə getdi, işçi qrupları yaradıldı. Yeni dövlət katibi Pompeo Çavuşoğlu, Tramp isə Ərdoğanla görüşüb. Həqiqətən, bu problemlərin diplomatik kanallar vasitəsilə həlli üçün ABŞ səy göstərdi. Amma diplomatiya yol nəticəsiz qaldığından alternativ variantlara baxılır. Almaniya ilə Rusiyanın etdiyi kimi iqtisadi tədbirləri işə salmaq ən mümkün variant kimi görünür.

Ankaranın reaksiyası, verdiyi bəyanatlar proqnozlaşdırılacaq xarakterdə idi. Ərdoğanın bir il əvvəl Trampa "ver imamı, al keşişi", yəni bir din addımının digərilə dəyişdirmək təklifi Türkiyədəki məhkəmə sisteminin müstəqilliyi ilə bağlı suallar yaradır. Belə təəssürat ortaya çıxır ki, sözügedən həbs hüquqi deyil, siyasidir. Ərdoğanın girov diplomatiyasına girişdiyi təxmin edilir.

 -Gərginliyin yaxın günlərdə daha da artacağını gözləyirsiniz?

 - Yaxşı olar ki, hər iki tərəf “Twitter” üzərindən aparılan ritorika müharibəsinə son versin. Gərginliyin azaldılması üçün yeni diplomatik kanallar dövrəyə girməlidir. Ümid edək ki, bu baş verəcək.

Çevirdi: Ülkər Fətəliyeva

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 584          Tarix: 27-07-2018, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma