Əziz Elbəyisevərlər! Məqalə üçün başlıq seçdiyim bu yanğılı misralar alim və şair qardaşım Elbəyinin bu sətirlərin müəllifinin əlli illiyi münasibəti ilə yazdığı “Bütövlük sorağında” adlı şeirindəndir ki,bu şeiri bütünlükdə sızə təqdim edəcəyəm. **
...Dünyasını vaxtsız dəyişən dostlar haqqında yazmaq istəyəndə, etiraf edim ki, nədən, hardan başlayacağım mənə çətin və həm də əzablı gəlir. Baxmayaraq ki, artıq mən taleyin hökmü ilə barışaraq bu niskilli , əzablı xatirələrlə dolu epistolyar üslublu bir janrda yazmağa“alışmışam”, ancaq hər hansı bir itkinin, xüsusilə də dost itkisinin ağrısı, əzabı yenə də mənim üçün, M.Araz demişkən, ”çiyinlərdən çətin yenən bir yük olur”... Bu yükü də qəbir evinə qədər daşimaqsa olub-qalan ömrünü yeyib tökür...
**
Pedaqoji elmlər üzrə elmlər doktoru, professor Elbəyi Sadıq oğlu Maqsudovun haqq dünyasına qovuşmasından altı ay keçir. Bu altı ay mənimçün bəlkə də altı dəqiqəlik, altı saniyəlik bir zaman kəsiyidir. Hər dəfə illərlə birlikdə işlədiyimiz Naxçıvan Dövlət Univeristetinə işə gedərkən elə bilirəm ki, hansısa bir döngədə, hansısa bir auditoriyada, ya bir elmi tədbirdə onunla qarşılaşacaq, yenə də“atmacalı”, şirin, ürəkaçan zarafatlarımız başlayacaq. Ancaq min təəssüf ki, bu “elə gəlmələr” indi mənim və Elbəyisevərlər üçün əlcatmaz, ünyetməz , sonu görünməyən intəhasız bir xəyaldır.
**
Mən Elbəyinin bacarıqli, yenilikçi müəllim, bir qələm adamı kimi imzasını mətbuatdan yola saldığımız əsrin 80-ci illərindən tanısam da, izləsəm də onunla şəxsi tanışlğımız 90-cı illərin əvvəllərində, bir az da dəqiq desək, 1991-ci ilin noyabr günlərinin birində başladı. Onda mən Naxçıvan Dövlət Universitetinin ilk mətbu orqanı olan “Fikir” qəzeinin redaktoru idim (1991-1996) və qəzetin birinci nömrəsi də həmin ilin oktyabrın 15-də işıq üzü görmüşdür. Etiraf edim ki, qəzetin birinci nömrəsinin işıq üzü görməsi nəinki universitetin o vaxtkı əsl ziyalılarının (qəzetin ilk 2 və son saylarını axıra qədər qarın ağrısı ilə qarşılayan və özlərini zamanın “patriotları” kimi gözə soxub lili suda balıq tutmaq sevdasıyla yaşayan, ancaq tez bir zamanda maskaları yırtılıb əsl dəyərlərini alan “alim”lər də oldu), eləcə də muxtar respublikanın və muxtar respublikadan kənarda da—ümumazərbaycan miqyasında da böyük əks-səda doğurdu (bu faktın reallığını bilmək üçün qəzetin bir neçə nömrəsində ardıcıl dərc edilən akademiklərin, elm və sənət admlarının, universitet məzunlarının təbrik teleqramlarına baxa bilərlər). Elbəyini də məndən qabaq dost və ixtisas yoldaşı, bu gün elm aləmində özünəməxsus adı, ünvanı olan filologiya elmləri üzrə elmlər doktoru, professor Akif İmanlı ilə birlikdə qəzetin redaksiyasına gətirən “Fikir” qəzetinin doğurduğu əks-səda idi. İlk tanışlığımız elə zarafatla da başladı. Çünki onun səmimiyyəti, istiqanlılığı bu xoş ovqatı yaratdı. O vaxt Elbəyi müəllim orta məktəbdə çalışsa da, universitet mühitində də tanınır və sayğı ilə qarşılanırdı. Sonralar mən bildim ki, universitet rəhbərliyi tərəfindən(onda universitetin rektoru, dəyərli ziyalı, ləyaqətli və alicənab insan, kimya elmləri doktoru, professor Qasım Hüseynov idi) Elbəyiyə olan inam və ehtibara görə onu Pedaqoji fakültədə aparılan Dövlət İmtahan Komissiyasının sədri də təyin etmişdir. Elbəyi müəllimlə ilk görüşümüz sonra əbədi dostluğa, ailəvi doğmalığa çevrildi. Bu görüşdən sonra çox çəkmədi ki, universitetdə Elmi Şura katibliyi vəzifəsi boşaldı və Elbəyi müəllim 1994-cü ildə orta məktəbdən universitet Elmi Şurasının katibi vəzifəsinə dəvət olundu və bununla da taleyini universitet həyati ilə bağladı. O, universitetə bir fəlsəfə doktoru kimi gəldi və elmlər doktoru, professor səviyyəsinə qədər yüksəldi və uzun müddət universitetin aparıcı kafedralarından biri olan Fənlərin tədrisi kafedrasına bacarıqla rəhbərlik etdi. Daima elmi axtarışlarda olan, hər gün bir elmi yeniliyin ovqatı ilə köklənən Elbəyi müəllim 1992-ci ildə “Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəliliyi” mövzusunda namizədlik, 2008-ci ildə isə “Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqivistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Pedaqoji elmlər namizədi və pedaqoji elmlər doktoru alimlik dərəcələri almışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan elmini Pakistanda, Türkiyədə, İranda, Rusiyada keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda ləyaqətlə təmsil edən E.Maqsudov yüzə yaxın elmi məqalənin, ”Ana dili dərslərində dillərarası əlaqələrdən istifadənin ümumi mə sələləri”, ”XX1 əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər”, ”Azərbaycanca –Türkcə, Türkcə-Azərbaycanca qarşılıqlı dilçilik lüğəti”, ”Dillərarası əlaqə təliminin metodikası”, ”Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr”, ”Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar”, ”Azərbaycan dilinini tədqiqi və tədrisi məsələləri” kimi elmi metodiki, ”Ürək bir dünyadır”, ”Sözlər də insan kimidir”, ”Poetik türkəçarələr”, ”Təmsillər” və s.adlı bədii kitabların müəllifidir. “SSRİ Təhsil Nazirliyi və Elmlər Akademiyasının, Türkiyə Cumhuriyyəti Kültür Bakanlığının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, pedaqoji cəmiyyətlərin müxtəlif Fəxri fərmanlarını alan”(faktlar “Ovqat.com”internet saytına 28.05.2018-ci ildə yerləşdirilmiş “Professor Elbəyi Maqsudov vəfat etmişdir” xəbər-materialından alınıb) Elbəyi müəllim Azərbaycanın Əməkdar müəllimi, elm adamları içərisində Naxçıvan Muxtar Respublikasının ilk Dövlət mükafatçısı idi.
**
Gözəl və ləyaqətli ailə başçısı, dost üçün ürəyi də süfrəsi qədər hər zaman açıq və geniş olan bu unudulmaz insan təkcə elm admı deyildi, o, həm də yuxarıda adlarını çəkdiyim bir neçə poetik kitabların müəllifi idi. Onun şeirlərinə bir sira mahnılar bəstələmişdir və inanırıq ki, bundan sonra da bəstəkarlarımız tərəfindən bu xeyirxah iş milli mədəniyyətimiz və incəsənətimizin daha da zənginləşməsi naminə inkişaf etdiriləcəkdir.
**
Əziz Elbəyisevərlər, bu kiçik yazımın əvvəlində Sizlərə vəd etmişəm ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Elbəyi müəllimin mənim 50-illk yubiley tədbirim üçün yazdığı və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanan (tədbirin video yazısı arxivimdədir) “Bütövlük sorağinda” şeirini Sizlərə təqdim edəcəyəm. Vədimə əməl edərək şeiri Sizlərə təqdim etməkələ bu əziz dostumun, elm və qələmdaş qardaşımın müqəddəs ruhunuu və Sizləri Allaha əmanət edirəm!!..
Sonsuz ehtiramla:
Xanəli Kərimli
Filologiya elmləri üzrə
fəlsəfə doktoru, dosent
20 . 11.2018
“Vətəni bütöv olanın ürəyi də bütövdür”
misralarının müəllifi Xanəli Kərimliyə
Körpə maral bağrı yanar
Ovçu görsə yarağında.
Biz də sözlə alışırıq
Şeir,sənət ocağında.
Çox düşərək bərkə-boşa,
Əlli ili vurdun başa,
Bundan sonra,qardaş,yaşa
Yeni əlli marağında.
Zülmət görüb nə yol azdın,
Nə kimsəyə quyu qazdın,
İki gözəl əsər yazdın
Ürəyinin çırağında.
Qəriblikdə daş da solur,
Ana,bacı saç da yolur.
Kəsilməyə baş da olur,
Bütöv Vətən sorağında.
Gün gələr ki,ta yanmarıq,
Ayrılığı heç anmarıq,
Təbriz üçün boylanmarıq
Bir də Araz qırağında.
Onda bütöv olacaqsan,
Sevincindən dolacaqsan,
Tək niskilli qalacaqsan
Elbəyinin sorağında.
ELBƏYİ MAQSUDOV
2001-ci il
Paylaş: