Xəbər lenti
Dünən, 19:25

 Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Folklor institutunun şöbə müdiri, filologiya elmləri doktoru, şair Nizami Muradoğludur.
  --- Ötən əsrin yetmişinci illərindən çap olunursunuz, ilk şeiriniz 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub.İlk kitabınız isə 1989-cu ildə “Yazıçı” nəşriyatında işıq üzü görüb. Dünənə boylananda nələri xatırlayırsınız?
   ---İlk növbədə , Məmməd Tahir, əziz dost, məni xatırlayıb yada saldığınız üçün Sizə və saytın yaradıcı kollektivinə təşəkkür edirəm. Sağ olun. Qeyd edim ki, ilk şeirlərim 1971-ci ildə Ordubad rayon qəzetində çap olunubdur. Bir bəndlik şeirlər idi, yığcam, lakonik. O vaxt qəzet “Yeni Ordubad” adlanırdı. Rəhmətlik Malik müəllim qəzetin redactoru, Həsən Valeh məsul katibiydi. Bu qəzet nəinki Muxtar Respublikada, hətta Azərbaycanın çox bölgəsində, o cümlədən Bakıda yaxşı tanınırdı. Qəzetin ünvanına mərkəzdən və Naxçıvanıın rayonlarından məktublar, şeirlər, hekayələr göndərilir, çap olunurdu. Ondan sonra elə həmin ildə “Azərbaycan Gəncləri” qəzeti mənim iki şeirimi filologiya elmləri doktoru Məsud Əlioğlunun təqdimatı ilə çap elədi. Bu belə olmuşdu. Mənim böyük qardaşım Fazil Məsud Əlioğlu ilə dost idi. Qardaşım ədəbiyyat adamı olmasa da, elm adamları ilə dostluq edərdi və elmə çox böyük dəyər verirdi. Bir dəfə söhbətlərinin birində mənim haqqımda danışılır. O zaman mən rayon qəzetində çap olunan şeilərimi fərəhlənərək qardaşıma göndərmişdim. Şeirlərim Məsud müəllimin xoşuna gəlmişdi və qısa bir təqdimatla çapını tövsiyyə etmişdi və bundan sonra mən gənclər içərisində seçildim. Amma mənim Naxçıvanda daha çox tanınmağım akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun birinci kursunda oxuyarkən ilk çıxışım ilə başladı. Əhvalat belə oldu. 1972-ci ilin oktyabr ayı idi. İnstitutda xəbər yayıldı ki, böyük yazıçı Mirzə İbrahimov Naxçıvandadır və tələbə kollektivi ilə görüşə gələcəkdir. Biz dərsdə idik. Bu xəbər mənə necə təsir etdisə, elə o anda 3 bəndlik bir şeir yazdım. Görüşdən qabaq institutun prorektoru Abbas müəllimə yaxınlaşıb Mirzə İbrahimova həsr elədiyim şeiri göstərdim və tədbirdə mənə də söz verilməsini xahiş etdim. Abbas müəllim (Allah rəhmət eləsin, çox yaxşı adam idi) şeiri oxuyub bəyəndi və görüşün sonunda mənə söz verdi. Mən o şeiri oxudum. Zal tələbə və müəllimlərlə doluydu. Məni isə institutda demək olar ki, tanıyan yox idi. Amma şeir bitəndə bütün tələbələr məni ayaq üstə alqışlayırdılar. Şeirin son bəndi beləydi:
Tikanlı məftillər, dəmirdən sərhəd…
Yetməzmi bu qədər rəzalət, nifrət.
 Mirzənin qəlbində dağ boyda həsrət,
Arazdan Təbrizə baxmağa gəlib.

   O gündən sonra institutda şair kimi tanındım. Rəhmətlik Müzəffər Nəsirlini xatırlayıram. O zaman Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinin rəhbəri idi. Mənim haqqımda kitabım çap olunmadan, almanaxlarda, qəzetlərdə və jurnallarda çıxan şeirlərimə görə təqdimat vermişdi ki, yazıçılar ittifaqının üzvü olum. İlk kitabımın da çapı üçün təqdimat vermişdi. Lakin indi o məsələlərə qayıdıb kimlərisə xatırlamaq istəmirəm. Maniələr oldu, məni bir qədər həvəsdən saldılar. İnstitutu qurtaran kimi də hərbi xidmətə getdim. Mən könüllü olaraq əsgərliyə getmişəm. Əgər müəllim işləsəydim getməyə bilərdim. Mən isə ictimai işlərdə çalışmaq, şagird və tələbə ikən çəkdiyim məhrumiyyətlərdən xilas olmaq istəyirdim. Oldum da… Hərbi xidmətdən sonra komsomol təşkilatlarında çalışdım, hətta Naxçıvan şəhər komsomolunun ikinci, Ordubad rayon komsomolunun birinci katibi oldum. Bu, o vaxt üçün böyük vəzifə idi və demək olar ki, şöhrətin zirvəsi idi. Lakin bu işlər məni bədii yaradıcılıqdan bir müddət tamam ayırdı. Ona görə də ilk kitabımın çapı 1989-cu ilə qədər gecikdi. Təəssüf etdiyim odur ki, mən o zaman Bakı ədəbi mühütündən kənarda qalmışam, onu düzgün qiymətləndirə bilməmişəm. Amma nə etmək, keçmişə qayıtmaq mümkün olmadığı kimi təəssüf də nəyisə geri gətirməz. “Keçənə güzəşt deyərlər”.
  ---Ordubad rayonunun Əylis kəndində doğulmusunuz. Əkrəm Əylisli də o kənddə dünyaya göz açıb. Amma siz fərqli mövqelərdə durursunuz: Əkrəmdə ermənilərə, belə demək mümkünsə, rəğbət , sizdə isə nifrət var?
    ---Bəli, mən Əylisdə doğulmuşam, bu kəndi çox sevirəm. Əkrəm müəllim də Əylisdə doğulub. Bizi birləşdirən o kəndin havası, suyu, meyvələrinin tamı, dağlarının gözəlliyi, bağlarının səfasıdır. Bizi ayıran bizim düşüncələrimiz, ailələrimizin fərqliliyidir. Ermənilərə münasibət məsələsində deməliyəm ki, onlar çox nankordurlar. Kəsdikləri çörəyi həmişə tapdalayıblar, xəyanət onların iç sifətidir. Minlərlə türkü bizim kəndlərimizdə qətl ediblər. Parağalı Aşotun, Bistli Nijdenin, Əylisli Arakelin quldur dəstələri nə qədər günahsız, əliyalın insanlarımızı məhv edibdir. Mənim Oruc babamı da öldürüblər. Əkrəm müəllimdə sizin qeyd etdiyiniz kimi ermənilərə rəfbətin qaynağını özü daha yaxşı bilər. Mən bu haqda bir söz deyə bilmərəm.
  ---Uzun müddət ictimai vəzifələrdə çalışmısınız, indi isə elmi işlərlə məşğulsunuz. Bunların ədəbi yaradıcılığınıza necə təsiri olub?
 --- İctimai işlərdə çalışdığım zamanlar, demək olar ki, yaradıcılıq işləri tamamilə kənarda qalıbdır. Kim desə ki, mən həm vəzifədə çalışmışam, həm də yaradıcılıq ilə məşğul olmuşam, məndə şübhə oyadar. Çünki vəzifədə işləmək göründüyü qədər də asan deyil. Vəzifənin o qədər problemləri var ki, necə deyərlər; “başını qaşımağa vaxt tapmırsan”. Elmi işlə məşğul olmaq isə tamamilə fərqlidir. Çünki məşğul olduğum sahə bilavasitə bədii yaradıcılığım ilə əlaqəlidir. Hətta deyərdim ki, elmi sahədə çalışmağım bədii yaradıcılığıma müsbət təsir göstərir.
 --- Şərqin böyük dühası Hüseyn Cavidin həyatında bəhs edən mənzum pyes yazmısınız.Belə bir mövzuya müraciət hansı zərurətdən yarandı?
   ---Mən hələ ilk dəfə institutun birinci kursunda oxuyarkən Cavid əfəndinin taleyi ilə maraqlanmışdım. O zaman Hüseyn Cavidin və digər represiya qurbanlarının haqqında məlumat az idi. Hüseyn Cavidin harada dəfn olunduğu heç bilinmirdi. Deyirdilər ki, Hüseyn Cavidin qəbri yoxdur.  Bu fikir məni narahat edirdi. Onda yazmışdım:
Bir sözdən necə də sıxıldı qəlbim,
Az qaldı uşaq tək gözlərim dola.
Deyirlər məzarı yoxdu Cavidin.
 -Cavid ölməyib ki, məzarı ola.
  
Cavidlərin həyatını öyrəndikcə içimdə bir narahatlıq keçirirdim. Hüseyn Cavidin, oğlu Ərtoğrolun taleyi gözlərimin önündən getmirdi. Sanki bu insanların başına gələn hadisələrin şahidiydim.Xüsusilə Ərtoğrolun acınacaqlı taleyi məni narahat edirdi. 1987- ci ildə Ərtoğrola həsr etdiyim “Bu dünyanın məzarları ağlamaz” adlı bir şeir yazdım:
Bu dünyanın məzarları ağlamaz,
Üstündə torpağı, daşı ağlamaz.
Dərd ilə ovunar dərdi insanın
Quruyar gözünün yaşı ağlamaz.

   Şeir hansısa, unutmuşam, qəzetdə, sonra da kitabda çap olundu. 2009 – cu ildə Ərtoğrol Cavidin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq ADPU – də və Konservatoriyada keçirilən tədbirlərdə bu şeiri oxudum. Mən şeiri oxuduqca adamlar, xüsusilə də qadınlar ağlayırdı. Bütün bunlar mənə də təsir edirdi və elə bil ki, qarşıma öhdəlik qoyur, məni məcbur edirdi ki, bu mövzuya yenidən qayıdım. Elə də oldu. Ərtoğrol haqqında böyük bir poema yazdım, “Bu dünyanın məzarları ağlamaz” adı ilə də 2010-cu ildə ayrıca kitab kimi çap elədim. Həmin il də Folklor İnstitutunda elmi fəaliyyətə başladım. Burada yenicə çap olumuş kitabım geniş müzakirə edildi, bəyənildi, kitab haqqında alim yoldaşlarımız xeyli məqalələr yazdılar. Belə demək caizdirsə, artıq mən Cavidlərin həyatına daxil olmuşdum, onlardan ayrıla bilmirdim. Alim dostlarımdan Tahir Orucov da məni Cavidlər haqqında dram yazmağa təhrik edirdi, özüm də həvəslənmişdim. Mən əvvəllər də iki dram əsəri yazmışdım. Lakin onlar mənzum dram deyildi. Qərara gəldim ki, Hüseyn Cavid haqqında yazacağım dram əsəri dahi şəxsiyyətin adına və üslubuna uyğun olmalıdır. Bu məqsədlə ilk növbədə Naxçıvana gedib Cavid əfəndini ziyarət etdim. Sərdabənin içərisində Allahdan əfəndimizə rəhmət diləyib böyük sənətkardan halallıq istədim.
   2012-ci ildə dram əsərini başa çatdırıb “Yaşayan Cavidlər” adlı kitabımı nəşriyyata apardım. Eyni zamanda əsərin tamaşaya qoyulması məqsədi ilə Gənc Tamaşaçılar Teatrına təqdim etdim. Bir müddətdən sonra teatrın direktoru Mübariz Həmidov ilə görüşdüm. Əsər bəyənilmişdi, lakin səhnələşdirilməsinə vəsait tapılmadı. Bu minvalla “Hüseyn Cavid” mənzum dramı mədəniyyət nazirliyinin otaqlarından başlayaraq respublikanın bir çox Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran teatrlarının qapısını döydü. Bir zamanlar Cavid əfəndiyə olan soyuq münasibətlər indi də ona həsr edilmiş əsərə göstərilirdi. Nəhayət, Resbublika Prezidenti cənab İlham Əliyevin ötən il “Hüseyn Cavidin 135 illiyi” münasibəti ilə verdiyi sərəncamdan sonra əsərin üzünə işıq düşdü. Tağı Sadiqin məsləhəti ilə Sumqayıt Dövlət Dram Teatrı əsəri “Zülmətdə nur” adı ilə tamaşaçılara təqdim etdi. Tamaşanın premyerasında Milli Məclisin birinci vitse-spigeri Ziyafət Əsgərov,Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərləri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Muxtar İmanov və digər görkəmli ziyalılar iştirak etdi. Əsərin rejissoru xalq artisti, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümü bu əsərlə bağladı, 50-ci mövsümü də həmin əsər ilə açdı. Hazırda tamaşalar davam edir. Saytın vasitəsi ilə Sumqayıt Dram Teatrının kollektivinə təşəkkürlərimi bildirirəm.
 ---Bakıdan baxanda Naxçıvan necə görünür?
---Naxçıvan qədim tarixə malik olan gözəl diyardır. Orada yaşamaq və işləmək insana zövq verir. Naxçıvan bütünlükdə həm də düşmənin qarşısında dayanan məğrur qala kimidir. Burada yaşayan insanlar dəyanətli, mərd və vüqarlıdır. Onları alqışlayıram. ----Ədəbi planlarınız haqqında oxucuya hansı vədləri verərdiniz?
 --- Hazırda “Hüseyn Cavid” mənzum əsərimin səhnələşdirilmiş “Zülmətdə nur” variantını kitab şəklində çapa hazırlayıram. Burada tamaşadan çəkilmiş çoxlu şəkillər də əks olunacaqdır. Əlimdə bir şeir kitabım və bir də çoxdan yazdığım “Qasırğa” romanım vardır. Ümid edirəm ki, yaxın vaxtlarda bu kitablarım işıq üzü görəcəkdir. Sonda qeyd edim ki, sizin sayt yaranan gündən ədəbiyyata, incəsənətə xüsusi diqqət ayırır.
İşlərinizdə sizə və kollektivinizə uğurlar arzulayıram.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 11-12-2018, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma