Xəbər lenti

 GÖZÜNÜN YAŞINI KİRPİKDƏ SAXLA

Dolsa da gözlərin ağlama, gözəl,
Gözünün yaşını kirpikdə saxla.
Dərdimə dərmanı batman demirəm,
Əlində, ovcunda, çimdikdə saxla.

İnanma sağalar ürək yarası,
Ömrümün, günümün ürək parası, 
Susuzluqdan yanır sərçə balası,
Gətirəndə suyu dimdikdə saxla.

Bu yol özgə yoldur, bir daha  dönməz,
Alışıb odlanan bir daha sönməz,
O sevdiyim keçər məni də görməz,
Ölüm karvanımı dimdikdə saxla.

11.07.2018

HƏYAT BİR TAMAŞA SALONU

Həyat bir tamaşa salonu,
Dolub boşalacaqdır.
Ürəyim bileti satılmış
Tamaşaçı oturacağı,
Sən gəlməsən də 
Yeri boş qalacaqdır.

Son zəng çalınır,
Bağlanır qapılar,
Açılır pərdələr.
Həyatın qaranlıq gecəsi,
Səhnədə masa
Və şərab şüşəsi,
Boşdur badələr.

Aktiyorlar qrimlənib,
Tanınmasın deyə.
Nakam bir sevginin
Göz yaşına baxıram.
Yenə mən,
Və boş qalmış oturacaq...
Yaşadığım həyatın 
Tamaşasına baxıram.

01.06.2018

YÜRÜŞ QARABAĞA

Qeyrətinin burax cilovunu,
Qollarından qır buxovunu,
Çıxart içindən xofunu,
Vətən oğlu,
Qalx ayağa, düş qabağa,
Yürüş Qarabağa!

Üsyan torpaq, Yurd uğrunda,
Üsyan Cənubunda, Doğunda,
Üsyan Qarabağ yolunda,
Vətən oğlu,
Qalx ayağa, düş qabağa,
Yürüş Qarabağa!

"Bir kərə yüksələn bayraq..." 
Deyən Məmməd Əmin,
Üç rəngli bayrağı sənə əmin,
"...bir daha enməz" deyin,
Vətən oğlu,
Qalx ayağa, düş qabağa,
Yürüş Qarabağa!

Qəbrini qazan əsgər,
Şəhidliyin yazan əsgər,
Bu yürüşü qazan, əsgər,
Vətən oğlu,
Qalx ayağa, düş qabağa,
Yürüş Qarabağa!

11.10.2018

GƏNCLİK

Dəcəl dağ çayıydı yüyürüb qaçan,
Qıy vuran qartala göylərdə çatan,
Dağlarda oyanıb, dağlarda yatan,
Dağların zirvədə qarıydı gənclik.

Küləklər hay salıb, haray qopardı,
Çiçəklər içindən dərib apardı,
Anamın zəhmətin, tərin apardı,
Ömrümün nübarı, barıydı gənclik.

Eşqə, məhəbbətə divanə idi,
Gözəllər başına pərvanə idi,
Min ətir qoxuyan bir nanə idi,
Qocalıb əpridi, qarıdı gənclik.

Bu yolun sonuna gedəcəyik biz,
Acını şirinlə yeyəcəyik biz,
Hərdən köks ötürüb deyəcəyik biz,
İnsanın dövləti, varıydı gənclik.

21.08.2018

RÜŞVƏTXOR MƏMURLAR YOXUYDU ONDA

Atam hey işlərdi, dinclik bilməzdi,
Gecəsi- gündüzü cüə gedərdi.
Təndir qarsalardı anamın üzün,
Məkə* çörəyimiz kütə gedərdi.

Birinin dərdini mini çəkərdi,
Mehriban baxışdan qəm sökülərdi.
Fikirli, qayğılı olmazdı belə,
İnsanlar üzündən nur tökülərdi.

Yoxuydu o vaxtlar Qarabağ dərdi,
Əsəblər dartılsın, səbiri daşsın.
Gəlməzdi əllərdən əyrilik, biclik,
Görmədim birini yalan danışsın.

Alın ərimizlə hər şey halaldı,
Rüşvəxor məmrlar yoxyd onda.
Bir tikə çörəyə ac adamların,
Nəfisdən gözləri oxyd onda.

Məkə*-qarğıdalı

29.11.2016




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 13-01-2019, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma