Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak ilə XVIII zirvə görüşü işə başlayıb.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro zirvə görüşünü açaraq Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edib. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini deyib və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan edib. Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.
Azərbaycan prezidenti İlham Əliyev nitqində deyib ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb: “2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.
Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.
Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər".
Dövlət başçısı deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var: “Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu”. Dövlət başçısı Xocalı soyqırımından və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədən də danışıb: “Təəssüf ki, BMT-nin qətnamələri həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilib. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.
2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında biri uşaq olmaqla, altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazanıb. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir".
Prezident deyib ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir: “Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilib. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.
Dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafından da danışıb. “Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə ”Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyllilik səviyyəsində isə 5-ci yerdədir".
Prezident eyni zamanda Azərbaycanın dünya enerji təchizatında rolundan danışıb: “Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.
Prezident ölkəmizin zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malik olduğunu diqqətə çatdırıb: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız ”Bakı Prosesi" təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin Baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirib. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınıb".
Sonra zirvə görüşü prezident İlham Əliyevin sədrliyi ilə davam edib. Tədbirin gündəliyi qəbul edilib, Büro üzvləri seçilib, xüsusi qonaq olan dövlətlərin və təşkilatların siyahısı təsdiqlənib.
Daha sonra BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edib. BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo Baş katib Antonio Quterreşin müraciətini oxunub.
Digər çıxışlarda Qoşulmama Hərəkatının qarşısında mühüm vəzifələrin durduğu bildirilib, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Çıxışlardan sonra prezident İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sessiyasını bağlı elan edib. Zirvə görüşü sonra işini ümumi debatlarla davam etdirib.
Bakı zirvə görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar