Venesuela Prezidenti Nikolas Maduro Bakıda keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Zirvə Görüşündə ölkəsinin aqressiya ilə üzləşdiyini deyib.
Oxu.Az-ın məlumatına görə, N.Maduro bildirib ki, bəzi aqressiv və zərbə vuran hərəkətlər pislənilməlidir.
“Beynəlxalq hüquq bir kənarda qalır, birtərəfli sanksiyalar tətbiq edilir. Venesuela xalqı olaraq, biz sülh tərəfdarıyıq. Bizim iradəmiz əyilməzdir. Biz gələcəyə ümidlə baxırıq”, - deyə N.Maduro əlavə edib.
Venesuela lideri Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün çağırış edib.
N.Maduro Fələstin münaqişəsinin həllinin vacibliyini vurğulayıb. O bildirib ki, bu gün Şimali Koreya, Venesuela, Kubaya məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
N.Maduro qeyd edib ki, bəzi güclər dövlət çevrilişi həyata keçirmək istəyirlər.
“Bunu Venesuelada da həyata keçirmək istədilər. Qoşulmama Hərəkatına üzv ölkələr buna qarşı birləşməlidir. İmperialist dövlətlər həmişə çalışacaq ki, bizim kimi ölkələrə aqressiya tətbiq etsinlər. Biz Qoşulmama Hərəkatına sədrliyi şərəflə yerinə yetirmişik. Biz çoxtərəfli iqtisadi müharibənin içərisindəyik”.
N.Maduro deyib ki, hər gün dövlətlər yeni-yeni çağırışlarla üzləşir.
“Biz tarixi məqam yaşayırıq, buna görə də birgə müqavimət göstərməliyik. BMT-yə üzv ölkələrin böyük bir hissəsi Qoşulmama Hərəkatında təmsil olunur. Bizim ölkələrin ərazisində böyük sərvətlər var. Amma imperialist güclər bizə qarşı öz məqsədlərindən əl çəkmir.
Biz bu və ya digər dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz imperialist yanaşmadan qurturmalıyıq. İmperialist ölkələrin maraqları bizim ölkələrə yoxsulluq, aclıq gətirib.
Biz BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa əsaslanmalıyıq. İmperialist dövlətlər bizlərə qarşı çirkin kampaniyalar aparır və bundan ən çox xalqlarımız əziyyət çəkir. Biz buna qarşı çıxış etməliyik və dəyişikliklərə nail olmalıyıq”.
Paylaş: