Xəbər lenti

  

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin xatirələrinin yer aldığı “Arazın o tayında dörd il” adlı kitab İran Xarici İşlər Nazirliyinin Nəşrlər İnstitutu tərəfindən nəşr edilib.

Ovqat.com İranın rəsmi informasiya agentliyi İQNA-ya istinadən bildirir ki, bu, İran İslam Respublikasının xarici siyasət tarixi silsiləsindən 11-ci cildidir. Kitabın müqəddiməsində Mohsen Pakayin yazıb:

“Mən Bakıya 2012-ci ilin sentyabrında – iki ölkə münasibətlərində gərginliyin pik həddində olduğu vaxt yollandım. O vaxt İran və Azərbaycanın səfirləri ən azı altı dəfə Xarici İşlər Nazirliklərinə çağrılmışdılar. Hər iki tərəfdən casusluq və terror əməliyyatlarını planlaşdırmaqda ittiham olunan 60 nəfərin həbs edilməsi ikitərəfli münasibətləri daha da gərginləşdirmişdi. Gərginliyin pik nöqtəsi 2012-ci ilin yayına təsadüf edirdi; yəni mənim missiyamın başlamasından iki ay əvvəl və Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsindən sonra. Gərginlik İranın Azərbaycandakı səfirinin Tehrana dönməsinə belə, səbəb olmuşdu. Demək olar ki, heç nə yerində deyildi və iki ölkə bir-birinə etimadı itirmişdi. Azərbaycan rəsmilərilə ilkin görüşlər qarşılıqlı giley və şikayətlərlə müşayiət olunurdu. Ancaq müsbət cəhət bu idi ki, tərəflər mövcud vəziyyətdən razı deyildi. Hər iki tərəf münasibətlərin normallaşmasını istəyirdi. Təbii ki, belə bir şəraitdə mənim prioritetim qarşılıqlı etimadın yaradılması idi”.

Girişin son hissəsində deyilir:

“Mən İran İslam Respublikası ilə Azərbaycan arasında münasibətlərin perspektivlərini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, iki ölkə əlaqələrindəki müsbət tendensiya gələcəkdə də yüksələn xətlə inkişaf edəcək. Məsul şəxslərin dəyişməsi münasibətlərin inkişafına mane ola bilməz. Bu gün Azərbaycan rəsmiləri nəinki keçmişdəki ritorikadan istifadə etmir, iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə genişlənməsi hər iki hökumətin diqqət mərkəzindədir. İndi, Azərbaycan anti-İran mövqeyində deyil. Əksinə, o, öz maraqlarını İran-Rusiya istiqamətində axtarır. Səfirliyin səyləri, eləcə də Xarici İşlər Nazirliyinin dəstəyi bu strateji dəyişikliyi mümkün edən amillər arasındadır”.

Qeyd edək ki, bundan əvvəl Mohsen Pakayin Zambiya, Özbəkistan və Taylandda səfir kimi işlədiyi dövrlərə aid xatirələrini “Yaşıl torpaqda beş il, Timur torpağında dörd il və qızıl torpaqda qırx ay” başlığı ilə dərc etmişdi.

O, həmçinin “Peyğəmbər prinsipləri ilə diplomatiya”, “Şimali Afrika və Avropada Əhli-beyt sevgisi”, “Böyük Peyğəmbərin səfirləri”, “Afrikada siyasət və hakimiyyət”, “Amerika neokonservativləri ilə tanışlıq”, “50 illik İran-Tayland münasibətləri”, “Heydər Əliyev və İranla daimi dostluq perspektivi” (Azərbaycan dilində) kitabların müəllifidir. Diplomat Mahatir Məhəmmədin müəllifi olduğu “İslam və dünya müsəlmanları” və s. kitabları isə tərcümə edib.




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 1-11-2019, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma