Xəbər lenti
Dünən, 19:25

 

Azərbaycan torpaqlarının işğalını 26 ildir rəsmiləşdirə bilməyən Ermənistan və onun toplumu hələ də mifik “hərbi qələbə” eyforiyasından qurtulmayıb. Halbuki 2016-cı ilin aprel məğlubiyyəti fantastik tələblərin əsirinə çevrilmiş düşmən tərəfini, nəhayət, reallığa köklənməyə vadar eləməli idi. Demək, daha bir, lakin daha ağrılı aprel qulaqburmasına ehtiyac olacaq.

Zaman-zaman vurğularımız kimi, Ermənistanda hakimiyyət dəyişikliyindən öncə Qarabağ məsələsinə populist yanaşma dəyişməlidir. Çünki Azərbaycan heç vaxt öz qanuni və halal torpaqlarında ikinci qondarma erməni dövlətinin qurulmasına, yaxud “xristian anklavı”ının yaradılmasına imkan verməyəcək. Bunu gözləyənlər boşuma gözləyir.

*****

Yaranmış durumda “ən pis sülh müharibədən yaxşıdır” deyiminin anlamı qalmır. Çünki sülhlə bitməyən atəşkəs ən əvvəl Azərbaycana sərfəli deyil. Azərbaycan öz ərazisində işğalçı qoşunların illər boyu mövcudluğuna seyrçi qala bilməz. O səbəbə Bakının ən azından, “çağırılmamış qonaqları” mütəmadi şəkildə narahat eləmək, onları yad evə soxulmalarına peşman eləmək, vaxtaşırı canlı və başqa itkilərə məruz qoymaq taktikası davam edəcək.

Bu taktikaya erməni toplumunu daima müharibə xofu içində saxlamaq da daxildir. Çünki məhz müharibə xofu Ermənistandan kütləvi köçün dayanmasına imkan vermir və işğalçı orduya çağırışçı problemi getdikcə daha qabarıq şəkildə özünü göstərir. Erməni siyasiləri və hərbçilərinin özləri də eyni dərəcədə müharibə xofu işindədir. Ancaq erməni toplumu anlamalıdır ki, Ermənistanın normal və təhlükəsiz inkişafı yalnız Dağlıq Qarabağ məsələsində ciddi dönüş olacağı və Azərbaycan və Türkiyə sərhədlər açılacağı halda mümkün ola bilər. Bütövlükdə Güney Qafqazda daimi sabitliyin tək şərti, heç sübhisiz, Qarabağ konfliktinin ədalətli həllidir.

Azərbaycan, əlbəttə ki, öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və sülh danışıqlarının səmərə verməməsi fonunda ilk fürsətdəcə özünün ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu il də davam edəcək hərbi təlimlərin, qardaş Türkiyə və Pakistanla, digər dost-müttəfiq ölkələrlə ortaq hərbi manevrlərin, getdikcə güclənən hərbi və hərbi-texniki əməkdaşlığın tək hədəfi budur. Bakı məxsusən də NATO üzvü Türkiyə ilə bu yöndə əməkdaşlığı ilbəil dərinləşdirir.

*****

“Qarabağ müharibəsi onu tətikləyənlərin, iki xalqı toqquşduranların arzuladıqları nəticələrə gətirmədi. İşğal edilmiş Dağlıq Qarabağ səpələnmiş ermənilik üçün ümumi ev və ya iri erməni biznesi üçün afşor zona ola bilmədi. Bu gün heç kəs, o cümlədən Ermənistan tərəfindən tanınmayan ”DQR"də sosial-iqtisadi böhran yaşanır. İnsanlar hərbi əməliyyatların bərpasından qorxurlar".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb.

Müəllif daha sonra yazır: “Tanınmayan respublikanın ərazisində həqiqətən nə baş verdiyini öyrənmək çətindir, çünki orada xüsusi informasiya rejimi hökm sürür: müxalif nəşrlər yoxdur, müstəsna olaraq, rejimin nəzarətində olan yerli KİV-lər fəaliyyət göstərir. Burada hər şey təbliğat üzərində qurulub. Yerli televiziya axırıncı siyahıya almanı nümunə gətirərək əhali artımı haqda danışır, guya sayın 200 minə yaxınlaşdığını iddia edir. Ekspertlər isə qeyd edirlər ki, əhalinin real sayı 50 mindən bir qədər artıqdır - o da Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə birgə. Ancaq hətta bu rəqəm də şübhə doğurur, nədən ki, əhalinin bir çoxu ərazidə daimi yaşamır” (Rəsmi statistikaya əsasən, konflikt başlayanadək Dağlıq Qarabağda 140 min erməni, 40 min azərbaycanlı yaşayıb - “YM”).

Babayanın sözlərinə görə, Dağlıq Qarabağda adamlar əsasən Rusiyada və başqa ölkələrə gedib orada vətəndaşlıq almağı bacarmış qohumlarının göndərdiyi pulun hesabına yaşayır: “Kim ki, həmin ölkələrdə kök salıb ora həm də öz qohumlarını aparıb. Gənclər Qarabağdan qaçır. Təkcə ona görə yox ki, iş yeri tapmaq mümkün deyil (sənaye praktik olaraq yoxdur, kənd təsərrüfatı isə dağ yerlərində ciddi dotasiyalar tələb edir), həm də o səbəbə ki, onların gələcəyə inamı yoxdur. Əksəriyyət başa düşür ki, gec-tez ”DQR" Azərbaycanın tərkibinə qayıdacaq".

Məqalədə daha sonra deyilir: “Qarabağın indiki əhalisi müstəsna olaraq hərbçilər və onların ailələri, habelə buradan çıxıb getmək imkanında olmayan yaşlı adamlardan ibarətdir. Gələcəyə inamın olmaması ən əvvəl onunla bağlıdır ki, hər an döyüş əməliyyatları bərpa ola bilər. Azərbaycan bu torpaqların itkisi ilə heç vaxt barışmayacaq. Və aydındır ki, sadalanan problemlərin həlli qarşıdurmanı dərinləşdirməkdən yox, bölgədə sülh bərqərar etməkdən keçir. Hansı ki, iqtisadi layihələrin həyata keçməsinə kömək edəcək. Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində olması - bu ərazilərin inkişafı və əhalinin rifahı üçün yeganə yoldur. Bunu sağlam düşüncəli insanların hamısı başa düşür - bircə separatçı rejimin geosiyasi oyunlar oynayan rəhbərliyindən savayı”.

*****

Dağlıq Qarabağ konfliktinin həlli təbii ki, regionun azərbaycanlı əhalisinin öz doğma ata-baba yurduna qayıtması ilə müşayiət olunmalıdır. Yəni nizamlama mütləq iki icmanın dinc birgə yaşayışı təmin edilməsinə gətirməlidir. 

Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və icma üzvləri ilə görüşüb. Bu haqda icmadan yayılan məlumatda deyilir. Görüş zamanı A.Kasprşik icma rəhbəri Tural Gəncəliyevi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb. İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.

*****

Yada salaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.

O da diqqətçəkicidir ki, Anjey Kasprşikin T.Gəncəliyevlə görüşüb onu Milli Məclisə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi seçilməsi münasibətilə təbrik etməsi İrəvanda hay-küyə səbəb olub. “Hayastan” Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan bildirib ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “elə indi telefonu götürüb Kasprşikə zəng vurmalıdır” və ona etirazını bildirməlidir. Çünki görüş faktının özü bir yana, Vardanyanın fikrincə, Kasprşikin Gəncəliyevi Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi parlamentə seçilməsi münasibətilə təbrik etməsi “təhlükəlidir”.

“Bundan əlavə, erməni tərəfi bu informasiyanın təkzib edilməsini tələb etməlidir. Əgər təkzib olmasa o zaman erməni tərəfi danışıqları dayandırmalıdır”, - o bildirib.

Göründüyü kimi, erməni tərəfdə Qarabağ məsələsinə münasibətdə radikal, hətta faşist yanaşma davam edir. Halbuki bölgədə Ermənistan da daxil, böyük sülhün tək formulu bəlli - ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq, savaşa deyil, əməkdaşlığa başlamaq. Bu isə əlbəttə ki, ilk növbədə işğalçı ölkənin davranışından asılı olacaq. Zaman gedir. Getdikcə də Azərbaycanla bahalı silah yarışında kasıb Ermənistan daha da kasıblaşır, əhalisi daha dilənçi kökə düşür... 

dia.az




Ana səhifəyə qayıt        Baxış: 271          Tarix: 17-02-2020, 04:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma