Xəbər lenti
Bu gün, 19:25


Avropanın səmasından barıt və qan iyinin, top gurultusunun, güllə vıyıltısının, insan iniltisinin, heyvan bağırtısının çəkilməsindən 75 il ötür. Məhz bu gün dünya tarixinin ən qanlı, ən çoxqurbanlı, ən faciəvi müharibəsi başa çatıb.
Ancaq düz 75 ildir ki, o müharibənin söz-söhbəti, ağrı-acısı, ona dair mübahisələr bitmir, ilboyu davam edir, ildönümlərdə isə daha da şiddətlənir.
Necə olmuşdu II dünya müharibəsi? Bu, çox uzun bir söhbətin mövzusudur. İndilikdə əsas odur ki, o müharibə nələrə səbəb olmuşdu...
18-45 yaş arasında olan, bir neçə ilin içində məhv olan milyonlarla gənc, yetkin insan... milyonlarla insanların saxlandığı və məhv edildiyi Buhenvald, Osvensim, Dahau və başqa ölüm düşərgələri... qaz kameraları... yəhudi gettoları... almanlar və ruslar tərəfindən eyni kütləviliklə və eyni həvəslə öldürülən polyaklar... hitlerçilərlə əl-ələ çalışan qəddar İtaliya faşistləri... Xorvatiya ustaşları... acından ölmək təhlükəsi qarşısında qalanda tarana gedən partizanlar... onlara yardım etdikləri üçün kütləvi şəkildə güllələnən mülki sakinlər... bir xəndəkdə yüz-yüz, min-min dəfn edilən naməlum əsgərlər... ayaqlarını, qollarını itirən, kar, kor, lal olub geri dönən milyonlarla hərbçi... düşmən tərəfindən ələ keçirilən yaşayış məntəqələrində əsir götürülən və zorlanan (7 yaşdan 77 yaşa qədər) yüz minlərlə qadın... yandırılmış kəndlər... darmadağın edilmiş, xarabazarlığa çevrilmiş şəhərlər... əzəli sahibindən alınıb başqa ölkələrə verilmiş ərazilər... hərbi qənimət adıyla dinc əhalidən yağmalanmış və saysız-hesabsız qatarlarda daşınan sərvətlər... səfil günə qoyulmuş ölkələr... başlanğıcda müzəffər millət psixozu yaşayan milyonların yerini alan, müharibə dəhşətlərindən psixikası pozulmuş milyonlarla insan... dövlət qurmağa, ölkə olmağa sıfırdan başlayan Avropa... Budur müharibə. Daha dəqiqi, onun müdhiş yaşantılarının bir hissəsi bunlardır. O müharibədə bir gün yaşamayan, 10 may 1945-də və ondan sonrakı aylarda doğulan və indiyədək sağ qalan insanların artıq 75 yaşı var. Ancaq onlar da II dünya müharibəsinin iztirablarını bəs qədər yaşayıblar.
Müharibəni görmüş, savaşlarda iştirak etmiş və hələ də yaşayan 90-95 yaşlı veteranlar da var. Onlar bir gün belə Hitlerin dünya ilə apardığı müharibəninin dəhşətlərini unutmadılar, unuda bilmədilər.
O sonuncu Avropa müharibəsi oldu. Ondan sonra Avropada heç bir dövlət özündən zəif gördüyü dövlətin ərazisini işğal etmək üçün silaha əl atmayıb. Bəlkə yalnız SSRİ-nin 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya hücumlarını qeyd emək olar – bu müdaxilələr isə rejimi dəyişmək məqsədi ilə olub.
Aradan keçən 75 il II dünya müharibəsinin əsas qalib və məğlublarını açıq şəkildə müəyyənləşdirb.
Qaliblər: SSRİ (Rusiya), ABŞ, Böyük Britaniya, Fransa. (Sonuncunun bu siyahıda olması xeyli şərtidir, çünki Fransa dövləti almanlara tam təslim olmuşdu, sədəcə partizanlardan ibarət müqavimət hərəkatının hesabına qaliblərin sırasında yer alır).
Məğlublar: Almaniya, İtaliya, Yaponiya.
Yerdə qalan dövlətlər isə əsasən zərərçəkənlər sırasında yer alanlardır. O balaca dövlətlər müharibənin əvvəlində Hitlerin, sonrasında isə ya ABŞ-ın, ya da SSRİ-nin səfində olublar və təbii ki, müharibənin nəticələrinə baxaraq özlərini qalib hesab edirlər (Hitler qalib gəlsəydi, onlar yenə qaliblərin sırasında olacaqdılar).
Bizim kimi xalqlar da var – oğulları müharibənin qarşı duran cəbhələrində yer alan millətlər. Ukraynalılar, moldovanlar, belaruslar...
Təkcə bu fakt göstərir ki, II dünya müharibəsi bizim üçün milli ölüm-qalım məsələsi olmayıb. Biz sadəcə iki vəhşi, iki yırtıcı rejimin arasında qalmışıq. Təşbehimizi təbiətdən götürəsi olsaq, deyə bilərik ki, bir timsahla köpək balığının qovğası zamanı süpürləşmə zonasında qalmış kiçik balıq olmuşuq, ya da bir ayıyla bir pələngin boğuşmasında ayaq altda qalan kirpi kimi...
Acı gerçəklik budur: faşizm üzərində qələbə bəşəriyyət üçün nə qədər vacib, lazımlı idisə, o qələbəni qazanan tərəfin ən böyüyüyün uzun illər boyunca Avropanın bir yarısında bərqərar etdiyi rejim bir o qədər zərərli, amansız idi. Daha pisin yerini nisbətən az pis almışdı.
Moskva düz 44 il ərzində Hitlerdən azad etdiyi Avropa xalqlarını (almanların bir qismini, macarları, polyakları, çexləri, slovakları, rumınları, bolqarları və s.) əsarət altında saxladı, zaman-zaman onların liderlərini repressiyaya uğratdı, əzdi, öz iradəsinə tabe etdi. Şərqi Avropa yağışdan çıxıb yağmura düşmüşdü.
SSRİ respublikaları da o sırada idi. İlk baxşdan, Baltikyanı ölkələr üçün Hitler Almaniyasının tərkibində olmaq daha sərfəli olardı. Hitler dünyanı tutub getməyəcəkdi, onun ölümüylə faşizm süquta uğrayacaqdı, Almaniyanın kölgəsi yavaş-yavaş o ölkələrin üstündən çəkiləcəkdi.
Belə görünə bilər ki, Qafqaz ölkələrinin xalqları heç də alman faşizminin qırıb-çatdığı xalqlar sırasında olmayacaqdı. Ancaq Hitlerin 30 milyon slavyanı məhv etmək kimi bir planı olub. Bu plan barədə sənəd Nürnberq məhkəməsində açıqlanıb.
Bununla belə, faşizm elə bir cinayətkar ideologiyadır və onu özünə rəhbər seçən siyasi partiyalar elə bir cinayətkar birliklərdir ki, qətiyyən sağ-solları bəlli ola bilməzdi. Onlar bu gün dost-müttəfiq saydıqlarını 3-5 ildən sonra düşmən adlandıra, kütləvi şəkildə məhv edə bilərdilər. Necə ki, Stalin müharibədən sonra bütöv xalqlara qarşı sürgün (deportasiyas-genosid) siyasəti yeritdi. Halbuki o xalqların oğulları müharibədə can qoymuşdular. 500 qəhrəmana görə “sağ ol” almayan millətlər 5 satqına görə Orta Asiyaya köçürüldülər.
II dünya müharibəsi çox mürəkkəb olduğu qədər də ziddiyyətli keçmişə malikdir, ona görə də fərqli yanaşmalara səbəb olur. Bu, “Böyük Vətən Müharibəsi” adlanmazdan çox, “Almaniya-Rusiya müharibəsi” və ya “Almaniya-SSRİ müharibəsi” adlandırılmağa layiqdir.
Belə görünür ki, II dünya müharibəsinin siyasi nəticələri tam olaraq formalaşıb başa çatmayıb, bütünlüklə tarixə qovuşmayıb. Bəzi siyasi mübahisələr bu üzdəndir. Ancaq bu müharibədə 600 mindən çox vətən övladı itirdiyimiz üçün biz onu heç zaman unuda bilməyəcəyik, mümkün olmayacaq.
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 572          Tarix: 9-05-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma