Xəbər lenti


"Mən ona zəng etməmişəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun ona qarşı səsləndirdiyi sərt ittihamlara münasibət bildirərkən deyib. Politoloq sabiq prezidentin ittihamlarını cəfəngiyyat adlandırıb:

"Ayaz Mütəllibov bunu min dəfə danışıb. Hamısı yalandır. Birincisi, mən ona zəng eləməmişəm. İkincisi, nə vaxtdan Qorbaçov öz siyasətini və addımlarını Xalq Cəbhəsinin manifestləri ilə müəyyənləşdirib? Təkzib edirəm. Mütəllibovun şüurunda həmin bəyanat mənim zəngimə çevrilib. Çünki həmin bəyanatı Azadlıq Radiosu ilə mən oxumuşam. Onu sadəcə oxumaq mənə tapşırılıb. Yazıq lap qocalıb. Artlq 20 ildir bunu təkrar edir”.

Hikmət Hacızadə həmin vaxt Azərbaycan və Ermənistanda vəziyyətin kəskinləşməsi ilə bağlı AXC İH-nin bəyanatını da redaksiyaya təqdim edib: 

"Azərbaycana ərazi iddiasına düşən və Kremlin fitnələrinə uyan qüvvələrin təşəbbüsü ilə başlanıb dörd il davam edən Azərbaycan Erməni münaqişəsi yeni mərhələyə qədəm qoymuşdur. Sovet ordusu, SSRİ DİN qoşun hissələri və Azərbaycanın hüquq-mühafizə orqanları SSRİ Prezidentinin fərmanından bir il sonra, nəhayət, 1991-ci ilin aprelin 30-da dinc əhaliyə qarşı terrorçuluqla məşğul olan qanunsuz erməni hərbi dəstələrini tərksilah etməyə başlamışdır.
 
Mərkəzi hakimiyyətin bu tədbirinə prinsipcə tərəfdar çıxan AXC İdarə Heyəti belə hesab edir ki, sovet qoşunlarının Azərbaycan və Ermənistanda apardığı bu gecikmiş əməliyyatlar İttifaq rəhbərliyinin SSRİ Konstitusiyasına uyğun olaraq Azərbaycan ərazisinin bütövlüyünü qorumaq vəzifəsinin dərki və onu yerinə yetirməklə bağlı deyil.

Bu, hər şeydən əvvəl, Azərbaycan Ali Sovetinin növbəti sessiyasında yeni ittifaq müqaviləsinin müzakirəsi, respublika ictimaiyyətini bu müqavilənin imzalanmasının zəruriliyinə inandırmaq, Azərbaycandakı kommunist rəhbərliyinin nüfuzunu qaldırmaq, Azərbaycanı mərkəzə daha möhkəm bağlamaq, erməni kommunistlərini hakimiyyətə qaytarmaq və Ermənistanı İttifaqdan çıxmağa imkan verməmək məqsədi güdür.

Sərhədyanı rayonlardan və DQMV-dən gələn xəbərlər ziddiyyətlidir.

Dinc əhalinin üzərində zorakılıq hallarının olması ilə bərabər, onu təkzib edən xəbərlər gəlir. AXC İH bir daha bildirir ki, o, hər hansı zorakılığa qarşıdır və əgər baş vermiş hadisələrdə doğurdan da belə hallar olubsa, onu qətiyyətlə pisləyir.

AXC İH belə hesab edir ki, münaqişənin nizama salınması üçün ilk növbədə Ermənistan rəhbərliyi DQMV-nin Ermənistana birləşdirilməsi qərarını ləğv etməli, Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi dəstələri ləğv olunmalı, Azərbaycanın milliyyətcə erməni vətəndaşları Azərbaycan Konstitusiyasına sözsüz əməl etməli, başqa halda Azərbaycan qanunvericiliyindən doğan məsuliyyət daşımalıdırlar.

AXC-nin Azərbaycan-Ermənistan münaqişəsinin həlil konsepsiyası AXC Proqramındakı sərhədlərin toxunulmazlığı və insan hüquqlarının toxunulmazlığı prinsiplərinə əsaslanır.

İnsan hüquqlarına dair beynəlxalq sazişləri, azad iradə və humanizm qayələrini rəhbər tutan AXC Azərbaycanda və Ermənistanda azlıq təşkil edən millətlərin və qaçqınların arasında insan hüquqlarının gözlənilməsi barədə narahatlıq keçirən və Zaqafqaziyada milli münaqişələrin həllinə kömək arzusunda olan demokratik ölkələrin, təşkilatların nümayəndələri və ayrı-ayrı şəxslərlə əməkdaşlıq etməyə hazırdır.

AXC artıq bəzi nümayəndələri anti-Azərbaycan kampaniyasının növbəti mərhələsinin qızışdırmağa girişmiş informasiya vasitələrinə müraciət etməyi vacib sayır ki, Zaqafqaziyada baş verən hadisələri işıqlandırdıqda təmkinli və maksimum obyektiv olsunlar.

21 may 1991- ci il.AXC İH iclasına sədrlik edən: İsa Qəmbərov.” (Bax: "Azadlıq” qəzeti 26 may 1991-ci il)

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov mətbuata açıqlama verib. Açıqlamada "1991-ci ilin aprel günlərinin birində mənə AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə zəng etdi və məndən kəndlərin bandit birləşmələrindən təmizlənməsi əməliyyatına son qoymağı xahiş etdi. Sən demə, onlar Ermənistan nümayəndələri ilə danışıqlar aparırlarmış! Fakt odur ki, "demokratların” seperat danışıqları öz işini gördü. Bu "demokratların” birgə bəyannaməsi Qorbaçova məlum oldu və o, Dağlıq Qarabağ ərazilərinin azad edilməsi üçün uğurla davam edən əməliyyatın dayandırılmasına sərəncam verdi”, - deyə sərt ittiam irəli sürüb.



Ana səhifəyə qayıt        Baxış: 2 427          Tarix: 4-06-2020, 13:26      


Paylaş:   

Ən çox oxunanlar