Xəbər lenti
Əli Rüzgar (Sadiqov) Paşa oğlu 10 aprel 1998 ci il tarixində Naxçıvan Muxtar Respublikası Şərur rayonu Püsyan kəndində anadan olub. Hal-hazırda  Türkiyənin Istanbul şəhərində yaşayır. Azərbaycan dilində yazdığı şeirlər "Şərurun səsi", "Ədalət" qəzetində," Bölglərdən səslər 3" adlı almanaxda və "Xəzan" jurnalında dərc edilib. Türkiyə türkcəsi ilə yazdığı şeirləri isə İnternet dərgilərində, “Demlenmiş şiirler güldestesi” adlı almanaxda yer alıb.
Uçurtma
Daha külək deyiləm,
Saçlarını uçuram.
Mən özüm öz başıma,
Tökülürəm, uçuram.

Kimdi gələn- gedənim,
Məndən məni yığmağa.
Gözlərimi qıcıram,
Gücüm yox diş sıxmağa.

Ey sinəmə dağ çəkən,
Gözümə yol, memarım.
Mənə bir də ölüm biç,
Nə tam olsun, nə yarım.

Biz
Biz səninlə yad olmuşuq,
Biz ola bilməmişik.
Birlikdə çox gün keçirib,
Gecələr aşırdmışıq.
Ayları öldürmüşük,
Fəsilləri yıxmışıq.
Ulduzlara yanmışıq,
Özümüzə yanmağa köz ola bilməmişik.
Biz səninlə sən olmuşuq,
Siz olmuşuq.
Özümüzə başqalaşıb,
Özgələrə öz olmuşuq.
Şeirlərdə misralaşıb
Romanlarda yazılmışıq.
Sənli-mənli söz ola bilməmişik.
Biz,
Biz ola bilməmişik...
İlk üç
Bəzən yanar bütün meşə,
Kömür üçün, köz üçün də.
Tükədərsən varlığını,
Yeyə-yeyə öz içindən.

Kaş bilsən nə yaxır məni,
Tar dindirəndə tarzəni,
Bacarsan gəl, qopar səni
"Sən"sizliyin ilk üçündən.




Ana səhifəyə qayıt        Baxış: 1 961          Tarix: 30-06-2020, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma