Ovqat.com gənc şairə Ülfət Ziyafətqızının bir neçə şeirini təqdim edir:
Ülfət Ziyafət qızı Əkbərli: 1985-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olub. Lənkəran Dövlət Universitetinin filologiya fakültəsi üzrə ali təhsil alıb,ixtısası üzrə müəllimə işləyir.
1998-ci ildən Lənkəranda fəaliyyət göstərən "Ziya" ədəbi məclisinin ilk fəal üzvlərindəndir. Şeirləri "Söz", "Məşəl", "Azərbaycan", "Ulduz","Ədəbiyyat","Aşkarlıq", "Lənkəran", "İmpuls" kimi respublika qəzet ve jurnallarında dərc olunmuş,"Ömürdən yarpaqlar"adlı almanaxda yer almışdı. "Bir ovuc göz yaşı" adlı şeirlər kitabının müəllifidir.
Ailəlidir, bir oglu, bir qızı var.
Gedəcək
Ruhum gözlərimdə əridi sən-sən,
Tükəndi ümidlər, tükəndi mən-mən..
Sənin yoxluğunla sənli həsrətdən
Tutundum ömrümün son anı kimi..
Bu sevgi qürurun başını əydi,
Şeirim əyninə söz yaşın geydi,
Udulan ahlarım sinəmi döydü,
Dilinin "sevmirəm" yalanı kimi..
Sanma yoxluğuna gücüm yetəcək,
Sənli sənsizliklə ömür bitəcək,
Sevdiyin Ülfət də bir gün gedəcək,
Bir gün dönəcəyin gümanım kimi...
Bu dəli sevdaya əsir olandan
Bu dəli sevdaya əsir olandan
Hər gecə yuxular Sənə yozulur.
Min ömrə sığmayan dəli arzular
Bir eşqin ömründə Sənə yazılır.
Adı qoyulmayan bu ssenaride
Daha yorulmusam rol oynamaqdan,
" Sən"adlı şeirler qalıb yarıda,
Bezdim misralara eşq yamamaqdan.
Bir bədənlik ruhum bakirə deyil.
Hər gecə mənimlə sevişir həsrət,
"Biz" rəngli "Sən" yuxum bakirə deyil,
Cəhənnəm ətridir zina məhəbbət.
Ürək
Yaşamadın bu sevdanı
doya-doya,
Yasamadın duyguları
duya-duya..
Doymadıgın bu eşqinə
Doya -doya ağla, ürək..
Öpmədiyin gözlərindən
Tək rəsmini soya-soya
Bağla, ürək..
Çox ağladın
Bu sevginin dirisinə
İndi növbə ölünündür..
Dəli kimi hönkür-hönkür..
Ağla, onun ölüsünə..
Nəfəsində günahları
Dua-dua yuya-yuya
ahla, ürək..
Cox sevdikcə yaralandın,
Sevda yaran
Qoyma sagalsın, ürək.
Öldü eşqin,
öldü bu gün,
Başın sağ olsun,urək..
Kimi
Sürüşdün misramdan, düşdün şerimden,
Düsdün dodağımın söz yaşı kimi.
Sənli xəyalları çırpdım ömürdən,
Çırpdım ürəyimin göz yaşı kimi.
Sən getdin, arxanca qaçdı izlərim,
Qaçdi ta kölgənə çatana kimi.
Sənin həsrətinlə yandı gözlərim,
Yandı, son baxışı dadana kimi..
Əsən küləklərlə oynadı külüm,
Oynadı gözümə dolana kimi.
Demirəm sənsizlik çətindir, gülüm,
Çətini onsuz da ölənə kimi.
Paylaş: