Xəbər lenti




“Biz Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti qiymətləndirərkən həmişə ondan çıxış eləməliyik ki, Azərbaycanla müharibə hələ bitməyib. Tərəflər arasında yalnız atəşkəs barədə razılaşma var, Azərbaycanla dinc, siyasi razılaşmamız yoxdur”.
Musavat.com-un məlumatına görə, bu sözləri NovostiNk.net portalına Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan söyləyib.

Sözünə davam edən erməni general deyib:
“Azərbaycan Silahlı Qüvvələri “arsax”la (dırnaqlar bizimdir – red.) təmas xəttində və Ermənistanla sərhəddə dayanıb. Bu o deməkdir ki, qərar vermə, səfərbərlik və müharibənin başlaması arasındakı vaxt intervalı olduqca azdır. Bunlar bilməli olduğumuz və heç vaxt unutmalı olmayacağımız reallıqlardır. Müharibə ehtimalı var. Ancaq mən onu hələ ki, yüksək hesab etmirəm. Nə qədər qəribə olsa da, hətta Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları da buna sübutdur. O, yaxınlarda bəyan elədi ki, müharibənin başlaması üçün uyğun şərtləri gözləyəcəklər. Bu, çox mühüm nəticədir, demək ki, bu gün belə şərait yoxdur”.

Vaqarşak Arutunyan
İşğalçı ölkənin keçmiş müdafiə nazirinin fikrincə, müharibə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiyanın da maraqlarını cavab vermir.
“Münaqişənin erməni tərəfləri: Ermənistan və “arsax” məsələni özləri üçün çoxdan həll ediblər və aydındır ki, onlar hərbi əməliyyatların bərpasında maraqlı deyillər. Digər bir sual budur ki, İrəvan və Stepanakert (Xankəndi – red.) Bakının həm Ermənistanla sərhəddə, həm də “arsax”la təmas xəttində hərbi təzyiq göstərmək strategiyasına kəskin və qətiyyətli cavab verməlidir. Çünki bununla Azərbaycan Ermənistan cəmiyyətində qorxu atmosferi yaratmaqla danışıqlarda Ermənistan rəhbərliyinin güzəştlərinə nail olmağa çalışır”, - deyə, o qeyd edib.
V. Arutunyan Azərbaycanın hərbi üstünlüyünü də etiraf edib, ancaq öz aləmində bunun guya həlledici olmadığına erməni auditoriyasını inandırmağa cəhd göstərib.

“Bu gün Azərbaycanın bir sıra silah növlərində üstünlüyü var. Ancaq bu üstünlük onlarda 90-cı illərin əvvəllərində də var idi, hətta bəzi silah növləri üzrə üstünlük onlarla dəfə böyük idi. Bu gün bizim gücümüz özümüzü effektiv şəkildə müdafiə etməklə yanaşı, həm də preventiv zərbələrlə Azərbaycanın hücumunu anındaca önləmək imkanı verir. Raket sistemlərimiz Azərbaycandakı bütün hədəfləri əhatə edir. Gəncə, Sumqayıt, Bakı və bu şəhərlərdəki bütün iqtisadi potensial bizim zərbə qüvvələrimizin hədəfindədir”, - deyə, erməni general özündənrazı şəkildə əlavə edib.
Bizim şərh: Ondan başlayaq ki, məntiqlə müharibə bitməyibsə, hansı ki, bunu rəsmi Bakı da zaman-zaman bəyan edir, “müharibənin yalnız birinci fazası başa çatıb” deyir, demək, cəbhə xətti sabah İrəvandan da keçə bilər. Keçmiş yüksək çinli hərbçi kimi Arutunyan bunu da bilməmiş deyil. Azərbaycanın əl-qolunu bağlayan tək amil isə təbii ki, Rusiya faktorudur. Necə deyərlər, “İtə yiyəsinə görə hörmət edərlər”. Bu mənada Bakı, gerçəkdən də, əlverişli fürsəti gözləyir, Moskvanın müharibəyə qarışmayacağına əmin olmaq istəyir.

Çünki Qərb də, Şərq də işğalçının Azərbaycanla savaşda müstəsna olaraq Rusiyaya arxayın olduğunun fərqindədir. İrəvan ümid edir ki, öz hərbi birləşmələrini bütünlüklə Qarabağ cəbhəsinə yönəldəcək və Arutunyanın iddia elədiyi kimi, Bakını, Gəncəni, Sumqayıtı, Azərbaycanın strateji əhəmiyyətli iqtisadi obyektlərini, infrastrukturunu rahatca bombalayacaq və bu zaman cəzasız qala biləcək, nədən ki, arxasında Rusiya olduğundan Azərbaycan heç nə edə bilməyəcək. Rusiya arxada Ermənistanı Bakının zərbələrindən qoruyacaq.

Arutunyan təbii ki, yanılır.
Əvvəla, Ermənistana belə hava zərbələri üçün heç bir fürsət verilməyəcək. İndi nə 90-cı illərdir, nə də Azərbaycan həmin illərdə daxili siyasi didişmələrlə əldən düşən Azərbaycandır ki, düşmən bundan istifadə edib ərazilərimizi rahatca, savaşsız işğal eləsin. Azərbaycanın hava məkanı indi istənilən hava zərbəsinə qarşı mükəmməl şəkildə qorunur. Bunu təkcə Azərbaycan prezidenti demir, eyni zamanda, nüfuzlu hərbi mərkəzlər, sanballı hərbi ekspertlər təsdiqləyir. Onların yekdil rəyincə, Bakı artıq hava məkanında öz üstünlüyünü təmin edib ki, bu da dağlıq ərazilərdə hərbi əməliyyatlar zamanı həlledici faktor sayılır.

Bura qardaş Türkiyədən alınmağa başlayan və birgə istehsalı qurulmaq üzrə olan, Suriya və Liviyada sınaqdan əla çıxmış və “ağıllı” raketlərlə təchiz olunmuş pilotsuz uçan zərbə və kəşfiyyat aparatlarını (PUA) da əlavə eləsək, mənzərə tam aydın olar, düşmən tərəfə nəinki havada, elə yerdə də heç bir şansın qalmadığı qənaəti qətiləşər.

İkinci yandan, erməni general Naxçıvan faktorundan xəbərdar olmamış deyil. Azərbaycanın bu anklav bölgəsinə Türkiyənin də yaxından iştirakı ilə və İrəvanın cəmi 40-45 km-liyində, yəni Ermənistanın düz qulağının dibində zəhmli “hərbi yumruq” formalaşdırılıb. Bu “yumruq” Qarabağ savaşı zamanı düşmənin başına hər an, qəfil və arxadan endirilə bilər. Qars müqaviləsi isə qardaş ölkəyə Naxçıvanın təhlükəsizliyini və varlığına yüz faiz zəmanət vermək hüququ tanıyır. Bundan əlavə, Metsamor AES-i Naxçıvandan vurulması məsələsi var ki, bunun nəticəsi olaraq, Ermənistanın, sadəcə, altı ilə üstü bir olar.

Üçüncüsü, Azərbaycanın neft-qaz infrastrukturuna raket zərbələrinin endirilməsinə Qərbin – ABŞ və Avropa Birliyinin laqeyd qalacağını, buna görə İrəvana “thank you” deyəcəyini düşünməyə belə dəymir. Avropa Parlamentinin (Avropa Birliyi) son qərarları isə bir daha Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa eləmək hüququnu tanıyıb.
Qısası, düşmən Bakıya, Azərbaycanın digər mülki şəhərlərinə hava zərbəsi endirməkdən öncə iki, hətta üç dəfə düşünməli olacaq...
Siyasət şöbəsi,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 220          Tarix: 5-07-2020, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma