Xəbər lenti
Bu gün, 12:51
Bu gün, 11:04
Bu gün, 10:54
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
“Tanıdıqlarim, gördüklərim, bildiklərim” kitabından səhifələr
DÜNYAYA PƏNCƏRƏ AÇAN İNSAN
Əziz müəllimim, tanıdığım insanlar içərisində bənzəri olmayan Məmməd bəy Xələfov haqqında yazmaq həm imkansızlıq qədər çətin, həm də su içmək qədər asandır.
Çətindir, ona görə ki, onun çoxcəhətli fəaliyyətini, azərbaycanlı kişisinin bütün məziyyətlərini özündə birləşdirən şəxsiyyətini bir məqalə, bir kitabla əks etdirmək qeyri-mümkündür. Asandır, ona görə ki, 5 il (1971-1976-cı illər) onun dekan olduğu hüquq fakültəsinin tələbəsi olmuşam.
Mən, Məmməd müəllimin ictimai-siyasi, pedaqoji fəaliyyətini açmaq iqtidarında deyiləm və buna mənim bacarığım çatmaz. Lakin tələbə-müəllim, tələbə-dekan münasibətlərimizi xarakterizə edən tələbəlik illəri ilə bağlı üç hadisəni danışmaq istəyirəm.
Mən, orta məktəbi 1966-cı ildə əla qiymətlərlə qurtarmışam. Həmin illər hüquq fakültəsinə daxil olmaq müşkül məsələ sayılırdı. Odur ki, sənədlərimi Az.NKİ-nin geoloji-kəşfıyyat fakültəsinə verdim və ora qəbul olundum. 1971-ci ilə qədər həmin fakültənin axşam, gündüz və qiyabi şöbələrində təhsilimi davam etdirdim. Lakin hüquqşünas olmaq arzusu məni rahat buraxmırdı.
1970-ci ilin axırlarında eşitdim ki, respublikanın yeni rəhbərliyi hüquq fakültəsinə qəbulu xüsusi nəzarətə götürüb və qəbulun keçirilməsini fakültənin dekanına tapşırıb.
1971-ci ildə institutdan öz xahişimlə xaric olub, qəbul üçün sənədlərimi hüquq fakültəsinə verdim və yüksək balla qəbul olundum.
Bizim 872-ci qrupda, əsasən, 3-5, hətta 10 il dalbadal hüquq fakültəsinə sənəd verib qəbul ola bilməyən kasıb uşaqları oxuyurdular.
Bu da onu göstərirdi ki, qəbul imtahanları obyektivlik şəraitində keçmişdir və bu işdə dekanımız, professor Məmməd Xələfovun müstəsna rolu olmuşdur.
Təsadüfi deyildi ki, semestrdə 22 nəfərdən 10-12, bəzən 15 nəfər əlaçı olurdu. Müəllimlərimiz deyirdilər ki, hüquq fakültəsinin tarixində, bəlkə də belə çalışqan və savadlı qrup olmayıb.
Məmməd müəllim həddindən artıq intizamsevən, tələbkar və zəhmli adam idi. Onda yalanı tutmaq bacarığı var idi. Nə qədər ağır olsa da, düz söz tələb edərdi. Haqq-ədalət onun üçün hər şeydən üstün idi. Biz tələbələr dəfələrlə onun ədalətli və mərd insan olmasının şahidi olmuşuq.
Birinci kursda yay imtahan sessiyasının axırıncı imtahanı "Məhkəmə statistikası" fənnindən idi. Əvvəlki imtahanlardan tələbələrin, demək olar ki, hamısı əla və yaxşı qiymət almışdılar. "Məhkəmə statistikası" asan fənlərdən sayıldığına görə bir çoxlarımız səhlənkarlıq edərək yaxşı hazırlaşmamışdıq. Həmin imtahandan 5-6 nəfərimiz qeyri-kafi qiymət aldıq.
Sessiyanın qurtarmasına üç gün qalırdı. İmtahan sessiyası müddətində kəsiri düzəldə bilməsəydik, təqaüddən məhrum olurduq. Məmməd müəllimin zəhmindən çəkindiyimiz üçün "göndəriş" almaq məqsədilə ADU-nun komsomol təşkilatına, partiya təşkilatına, prorektora, hətta rektora müraciət etdik, heç bir kömək olmadı. Sessiyanın axırıncı günü qərara gəldik ki, nə qədər "təhlükəli" olsa da Məmməd müəllimə müraciət edək. Yoldaşlarımın məsləhəti ilə Məmməd müəllimin yanına getdim. Məmməd müəllim qeyri-kafi qiymət almağımızdan narazılığını bildirib dedi, bir günə necə hazırlaşıb imtahan verə bilərsiniz? Mən əsl həqiqəti Məmməd müəllimə bildirdim:
- Məmməd müəllim, "Məhkəmə statistikası" ən asan fənndir. Müəllimlə münasibətimizin yaxşı olmasına arxayın olub, imtahana yaxşı hazırlaşmamışdıq. İndi, "ağlımız başımıza gəlib", bizə imkan versəniz, nəinki "kafi", hətta "yaxşı" qiymət ala bilərik.
Məmməd müəllim gülümsədi və katibəsini çağırıb bizə göndəriş yazdırdı, həmin müəllimi evindən gətizdirdi, axşam saatlarında biz imtahan verib "yaxşı" qiymət aldıq.
İkinci xatirəm Məmməd müəllimin içtimai-siyasi düşüncəsi ilə bağlıdır. 1960-cı illərin axırı, 1970-ci illərin əvvəli Azərbaycanda cənublu-şimallı vahid Azərbaycan, Azərbaycan dilinin dövlət dili olması, azərbaycançılıq ideyalarının, milli özünüdərkin, bir sözlə, milli şüurun ilkin cücərtiləri dövrüdür. Bizim hüquqşünas ixtisasına yiyələndiyimiz illər həmin ideyaların ilkin şəfəqləri dövrünə təsadüf edirdi.
Qrupumuzun bir çox üzvləri 1972-ci ilin bahar bayramını ümumbakı bahar bayramına çevirmək üçün güclü təbliğat aparırdılar. Yataqxanada bizim otaq, bir növ mərkəz olmuşdu. Demək olar ki, bütün institutlardan nümayəndələr gəlir, həmin bayramı necə keçirəcəyimiz barədə fikir mübadiləsi edirdik. Çoxlu əngəllərə və maneələrə rast gəlirdik. Bu barədə hamı yekdil deyildi. Universitetdə yalnız kimya fakültəsi iclas keçirdi. Biz isə hüquq fakültəsinin bütün kurslarının, nümayəndələrinin, bir çox müəllimlərimizin, musiqiçilərin və şairlərin iştirakı ilə "Arzu" kafesində geniş tədbir keçirdik. Bizim, xüsusən mənim bu fəaliyyətim, təbii ki, bir çoxlarının gözündən yayınmadı. Adını çəkmək istəmədiyim Sov.İKP tarixi müəllimi məni gözümçıxdıya salırdı. Dərsdə verdiyim sualları "Marksizmdə təftişçilik" adlandırır, özümə isə "Trotskiçi" deyirdi. Məni bir neçə dəfə dərsdən çıxartmışdı. Günlərin bir günü müəllimim Əli Əliyev məni yanına çağırıb bildirdi ki, dünən axşam bir məclisdə idik. Müasir tələbəlikdən söhbət düşmüşdü. Həmin müəllim dedi ki, indiki gənclər arasında elələri vardır ki, antisovet təbliğat aparırlar, millətçi kimi yetişirlər. Onların nəinki tələbə olmaq, hətta azadlıqda gəzməyə haqları yoxdur. Misal olaraq sənin "fəaliyyətindən" danışdı. Məclisdə olan bir DTK əməkdaşına sənin adını yazıb verdi. Bundan sonra sən "Sov.İKP tarixi" dərsində sakit otur, danışma və sual vermə.
Həmin gündən mən özümü yığışdırdım. "Sov. İKP tarixi" dərsində sakit oturur və heç bir sual vermirdim. 1972-ci ilin aprel ayında qəzetlərdə belə bir məlumat dərc olundu: "Qarşılıqlı razılaşmaya əsasən 1972-ci ilin aprel ayının 24-26-da ABŞ Prezidenti R.Nikson Moskvaya rəsmi dostluq görüşünə gələcəkdir".
Mən "Sov. İKP tarixi" dərsində müəllimə dedim, üç ay öncə R.Nikson ÇXR-ə səfər edən zaman siz bu səfəri Çin millitarizmi ilə Amerika imperializminin yaxınlaşması kimi qiymətləndirdiniz, indi R.Niksonun SSRİ-yə səfərini necə qiymətləndirəcəksiniz?
Müəllim bu sualdan qəzəbləndi, yenə məni "Trotskiçi", "təftişçi" adlandırdı. "Sənin yerin tələbə auditoriyası deyil, səninlə ayrı yerdə danışmaq lazımdır. Çıx mənim dərsimdən və mən söz verirəm ki, sənin universitetdən xaric olunmağın üçün məsələ qaldıracağam", - dedi. Mən auditoriyadan çıxaraq dəhlizdə dayanıb, ağır düşüncələrlə siqaret çəkirdim. Birdən Məmməd müəllimi görüb tez özümü yığışdırdım. "Dərsdə niyə yoxsan?" - deyə soruşdu. Məni Sov. İKP tarixi müəllimi artıq neçənci dəfədir ki, dərsdən çıxarır, haqsızlıq edir, mən belə yerdə oxumaq istəmirəm", - deyə cavab verdim.
Gözlədiyimin əksinə olaraq, Məmməd müəllimin çöhrəsi mülayimləşdi və məni otağına apardı. “Əyləş” - dedi. İlk sualı belə oldu: "Universitetdən nə üçün çıxmaq istəyirsən?" Mən Bahar bayramı ilə əlaqədar fəaliyyətimdən, həmin müəllimlə olan ixtilaflarımdan, onun məni siyasi səbatsızlıqda təqsirləndirməsindən, bir neçə dəfə dərsdən çıxarmasından və adımı yazıb DTK-mn əməkdaşına verməsindən danışdım.
Məmməd müəllim məni çox diqqətlə dinləyirdi. Sözümü qurtarandan sonra dedi: "Sizin bahar bayramı ilə əlaqədar fəaliyyətinizdən xəbərim var. Siz düzgün iş görmüsünüz. Hər bir millət öz yaxşı ənənələrini yaşatmalıdır. Bu tədbirinizdə iştirak edə bilməməyimə təəssüf edirəm. İctimai-siyasi vəziyyətlə əlaqədar başa düşmədiyin məsələlər olanda hər adamdan soruşmaq lazım deyil. Gəlib məndən soruşarsan. Mən sənin suallarında heç bir antisovetçilik, niillətçilik görmürəm. Müəllim tərəfindən sənin adının DTK əməkdaşına verilməsinə görə narahat olma. Bu yaramaz hərəkətinə görə müəllim cavab verməli olacaq, indi isə get, otur dərsində."
Fasilədə Məmməd müəllimin katibəsi auditoriyaya gəlib, həmin müəllimi dekanın yanına çağırdı. Onların arasında nə danışıq getdiyini mən bilmədim. Yarım saatdan sonra müəllim pörtmüş halda auditoriyaya qayıtdı. Bu hadisədən sonra müəllim sessiyanın axırına qədər hüquq fakültəsində görünmədi.
Üçüncü kursda oxuyurduq. Tələbə yoldaşım Ələkbər Qəmərli ilə axırıncı dərsdən icazə ahb "Neftçi"nin oyununa baxmağa getmişdik. Çətinliklə iki bilet alıb çıxmaq istəyirdik ki, qonşu kassanın qabağında Məmməd müəllimi bir yoldaşla dayanan gördük. Əvvəlcə qaçmaq istədik. Çünki Məmməd müəllim intizam sevən, ciddi və tələbkar adam idi. Fikirləşdik ki, görsə, bizi danlayar. Lakin Məmməd müəllimin şəxsiyyətinə olan hörmət və məhəbbət qorxu hissinə güc gəldi və biz ona yaxınlaşaraq, iki biletimizin artıq olduğunu bildirdik. Məmməd müəllimin üzündə xoş təbəssüm yarandı. “Futbola gəlmisiniz?” - deyə biletləri qəbul etdi. Biz isə təzədən bilet alıb, ayrı bölmədə futbola tamaşa etdik.
Xatirəmi bu böyük insana, az da olsa, layiq ola biləcək sözlərlə tamamlamaq istəyirəm. Həm ciddiliyi, həm də mülayimliyi, həm cəsarət və qətiyyətliliyi, həm ədalətliliyi, həm böyük alimliyi, həm inzibatçılığı, həm yüksək bəyliyi, həm də sadəliyi özündə birləşdirib ömrü boyu olduğu kimi görünən bu İnsanı bütövlükdə vəsf etmək çətindir. Ona görə də mən məqaləmi məşhur fransız yazıçısı Anri Barbüsün sözləri ilə bitirmək istəyirəm. 1934-cü ildə o, SSRİ-yə gəlir və bir müddət Stalinin qonağı olur. Vətənə qayıtdıqdan sonra "Dünyaya pəncərə açan insan" adlı bir kitab yazır. Həmin kitabda Stalini belə təsvir edir. "Geyimi ilə əsgərə, hərəkəti və yerişi ilə kəndliyə bənzəyən bu insan zəkasına görə dahidir".
Eyni sözləri Məmməd müəllim haqqında daha geniş miqyasda demək olar. Məmməd müəllim kəndli qədər sadəliliyi, əsgər qədər intizamlılığı, dahi qədər zəkası ilə biz tələbələri üçün dünyaya pəncərə açmışdır.
Belə müəllimlər və rəhbərlər var idi.
Mən 1966-1971-ci illərdə Az NKİ-nin geoloji-kəşfiyyat fakültəsinin axşam və gündüz şöbələrində oxumuşam. Mənə dərs demiş iki müəllimin haqqında danışmaq istəyirəm.
Malik Ramazanzadə fizika kafedrasının müdiri və professoru idi. «Fizika» dərsliyinin müəllifi idi. Ucaboylu, şuxyerişli və zəhmli adam idi. Görkəmindən boksçuya oxşayırdı. Gəncliyində boks idman növü ilə məşğul olmuşdu.
Bizə mühazirə oxuyarkən elmlər namizədi idi. Doktorluq dissertasiyasını sonralar 70-ci illərdə müdafiə edə bilmişdi. Deyirdilərdi ki, ona görkəmli alim Azad Mirzəcanzadə mane olur. Belə ki, Azad Mirzəcanzadə namizədlilik dissertasiyasını müdafiə edərkən, Malik müəllim ona mane olmuşdur. Azad Mirzəcanzadə gənc yaşlarında doktorluq dissertasiyasını müdafiə etmiş, məşhur alim olmuş və indi o, Malik Ramazanzadənin doktorluq dissertasiyası müdafiə etməsinə mane olur. Nə qədər düzdür, yalandır, deyə bilmərəm, amma hər halda, belə söz-söhbət tələbələr arasında gəzirdi.
Malik müllimin mühazirələri institutun böyük zalında olurdu. 120-150 tələbənin iştirak etdiyi mühazirələrdə, necə deyərlər: «milçək uçsaydı, vızıltısı eşidilərdi». Gur səsi ilə aram-aram danışırdı. Öz deməsinə görə, ilk mühazirəsini həmişə məşhur alim, fizik Faradey və yazıçı Maksim Qorkinin həyatına həsr edirdi. Onların hər ikisi yetim olmuş, səfil və dilənçilik həyatı yaşamışdılar. Deyirdi ki, bilmirəm biclikdəndir, yoxsa giclikdəndir Maksim Qorkinin elə əsərlərini tərcümə edib, dərsliyə salıblar ki, sonradan onu axtarıb oxuyan olmur. Malik müəllim mövzunu bu sözlərlə yekunlaşdırırdı:
«Hər ikisi səfil və dilənçi olmuş bu şəxslər zəhmət hesabına çox ucaldılar. Faradey Böyük Britaniya Birləşmiş Krallığı Elmlər Akademiyasının Perzidenti, Maksim Qorki isə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin sədri oldu».
Malik müllim imtahanlarda həmişə güzəşt edərdi. Lakin prinsipiallığı ilə də fərqlənirdi. İnstitutda söz-söhbət gəzirdi ki, Azərbaycan KP MK-nin birinci katibi Vəli Axundovun oğluna qeyri-kafi qiymət vermiş, təkrar imtahanda da güzəştə getməmişdi. Buna görə də Vəli Axundovun oğlu öz ərizəsi ilə institutdan xaric olmuş və Tibb İnstituna daxil olmuşdu. Bu, həmin dövrdə prinsipiallığın və əxlaqi-mənəvi dəyərlərin göstəricisi idi. Bəli, belə müəllimlər və belə rəhbərlər var idi.!!!
"Vicdanım bilirdi, axı!"
Aslan Vəzirzadə - Geologiya Mineralogiya elmləri namizədi, professor, kristalloqrafiya kafedrasının müdiri idi. Arıq, ortaboylu adam idi. Həmişə eyni geyimdə olurdu. Həmin dövrdə Bakı şəhərində bəlkə də yeganə adam idi ki, XX əsrin əvvəllərindəki avropalılar kimi geyinirdi və rəftar edirdi. Bunun səbəbi var idi. 1911-ci ildə Peterburq Dağ-mədən İnstituna daxil olmuş, 1913-cü ildə yaxşı tələbə kimi təhsilini davam etdirmək üçün Almaniyaya göndərilmişdi.
1914-cü ildə 1-ci Dünya müharibəsi başladıqdan sonra, çətinliklə Fransaya getmiş və təhsilini orada tamamlamışdı. Rus, alman və fransız dillərini mükəmməl bilirdi. Fransada Kommunist partiyası sıralarına daxil olmuşdu. 1920-ci ildə vətənə qayıtmış, 1921-ci ildə ərizə verərək Kommunist parityası sıralarından xaric olmuşdu.
Aslan müəllimin xüsusi danışıq tərzi var idi. O, mədəniyyət və əxlaq mücəssəməsi idi. Ən şuluq və pinti tələbə də onun mədəniyyəti qarşısında aciz qalırdı.
Deyirdi ki, gündə 4 saat yatır. Bir dəfə yemək yeyir. Səbəbini soruşduqda:- “bu həyat insana bir dəfə verilib, onu səmərəli keçirtmək lazımdır”, deyirdi
Ən böyük xobbisi filateliya idi. Tanınmış filatelist idi. XIX əsrdən qalma markaları var idi. Sonralar 70-ci illərdə o, dünyasını dəyişərkən vəsiyyətnaməsinə əsasən həmin kolleksiyalar yaxınlarına deyil, Leninqrad Elmitajına verilmişdi. (Deyilənlərə görə həmin kolleksiyanın qiyməti bir milyon manatdan artıq imiş).
Kristalloqrafiya fənni asan dərslərdən hesab olunurdu. İmtahan yox idi. Məqbul yazılırdı. Aslan müəllim deyirdi ki, 40 illik müəllimlik fəaliyyətimdə heç kimə «qeyri-məqbul» yazmamışam. Onun prinsipi belə idi ki, müəllim tələbəni öyrətməyə borcludur. Aslan müəllim dərslərində elə şövqlə və həssaslıqla danışırdı ki, bu fənni öyrənməmək mümkün deyildi.
Bizdən bir kurs yuxarıda oxuyan Adil adında bir oğlan dərslərdə iştirak etmir və məqbul vaxtı Aslan müəllimə çoxlu xahişlər etdirir. Adilin atası hörmətli adam idi. Nə qədər xahiş edirlərsə, mümkün olmur. Deyirlərdi ki, hətta prorektor da Adilin xahişini edib. Lakin Aslan müəllim deyir ki, mən onu öyrətməsəm, məqbul yaza bilmərəm. Nəhayət, Adil Aslan müəllimin yanına gəlir. Aslan müəllim 3 gün ərzində (şənbə, və bazar günü daxil olmaqla) ona fərdi qaydada dərs deyir və sonra məqbul yazır. Soruşurlar ki, Aslan müllim bu qədər əziyyət çəkdiniz, kim biləcəkdi, elə «məqbul» yazardınız da. Aslan məüllim isə bu suala “mənim vicdanım baxırdı və görürdü. Mən fənni öyrətmədən, ona necə məğbul yazardım?” cavabını verir.
Ələmdar MƏMMƏDOV
hüquqşünas
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar