Xəbər lenti


Qarabağda baş verən hadisələrdən sonra Türkiyə və türk dünyası arasındakı münasibətlər, Xəzər mərkəzli əməkdaşlıq imkanları haqqında çox danışılır, yazılır. Təvazökarlıqdan kənara çıxsa da, deməliyəm ki, ömrünün önəmli bir qismini bu əməkdaşlığa həsr edən biri olaraq bundan xoşbəxtlik duyuram. Lakin məsələlərin doğru bir zəmində və romantikadan uzaq bir çərçivədə tədqiq olunması artan maneələri aşa bilmək üçün önəmlidir.

Bu çərçivədə, Qarabağla bağlı əldə edilən anlaşmanın ən kritik başlıqlarından biri də 9-cu maddədə yer alan Azərbaycandan Naxçıvana bir nəqliyyat dəhlizinin açılacağının təsbit edilməsidir. Bunun nə qədər önəmli olduğu, eyni zamanda nə qədər risklər daşıdığı haqqında ard-arda yazılar yazacam, fikirlərimi paylaşacam.

Öncəliklə Naxçıvanın necə bir yer olması və nə üçün bu qədər önəmli olması haqqında fikirlərimi bildirmək istəyirəm.
Azərbaycana bağlı bir muxtar respublika olan Naxçıvan Cənubi Qafqazda Türkiyə, Ermənistan və İranın kəsişmə nöqtəsində yer alır.
Naxçıvanın bugünkü sərhədlərini müəyyən edən Türkmənçay (1828), Moskva (1920) və Kars (1921) müqavilələri bir proses olaraq araşdırılarsa, bu yerin böyük mübahisə və mübarizələrə səhnə olduğu anlaşılar. Atatürkün, mahiyyətcə, “Bura “Türk qapısı”dır, bura sahib  çıxmalıyıq” şəklindəki baxışı, əslində, 100 il öncəsinin bu gün əks olunmasıdır.
Əgər 1921-ci ilin o çətin və böhranlı günlərində Türkiyə heyəti dirənməsəydi, Naxçıvanın idarəçiliyi Ermənistana veriləcəkdiÇünki çar Rusiyası dövründən etibarən Türkiyə-Azərbaycan xəttinin nəzarət altında saxlanılmasına həyati məsələ kimi baxılırdı.
İranın da bu həssasiyyətə sahib olduğu aydındır.

Naxçıvan bugünkü mövcud şərtlərdə bir qapı olmaqdan əlavə, sülh və sabitlik üçün bir açar kimi görünməkdədirBelə bir baxış “Türk qapısı”nın yaranması ehtimalına qarşı, sıra ilə Zəngəzur, Naxçıvan və Qarabağ həmlələrini meydana çıxarmış və onlar geostrateji baxımdan bir-birindən ayrılması çətin olan bir bütün halını almışdır.

Bu önəminə görə ermənilər Naxçıvanla bağlı da torpaq iddiası irəli sürmüşlər və etik olmayan, saxta qaynaqlarla, eynilə Qarabağda olduğu kimi, burada da öz müqəddəratını təyin etmə haqqını təmin edəcək bir demoqrafik dəyişiklik hədəfləmişlər. Hətta 1921-ci ilin əvvəllərində Naxçıvanda referendum keçirilmiş və xalqın 90%-dən çoxu Azərbaycanın idarəçiliyində qalmağın lehinə səs vermişdir.
Naxçıvanın fiziki olaraq Azərbaycanın digər bölgələrilə əlaqəsini itirməsinə səbəb olan və onu coğrafi olaraq məhdudlaşdıran başqa bir hadisə də “Zəngəzur dəhlizi”nin bir oldu-bitdi ilə Ermənistana verilməsidir. Bu gün Zəngəzur Ermənistan ərazisindədir. Halbuki Naxçıvanın yüksək təpələrindən qarşıdakı Qarabağda yer alan və işğaldan azad edilən Zəngilan sərhəddini görmək olur.

Aydın olur ki, Naxçıvan Muxtar Respublikası öz tarixi kimliyi, strateji mövqeyi və demoqrafiyası ilə məhdud ərazisindən çox böyük olan bir potensiala sahibdir.
Görünən odur ki, son dövrdə Azərbaycanın hərbi sahədə əldə etdiyi irəliləyişə paralel olaraq, onlar da öz imkanlarını inkişaf etdirmişlər.
Mənə məlum olan və ilk dəfə burada açıqladığım rəqəmə görə, Qarabağın azadlığı uğrunda aparılan mübarizədə, son savaşda 5 istiqamətdə Naxçıvanın təqribən 800 xüsusi təyinatlısı iştirak etmişdir.

Bununla birlikdə, sahəsinə görə Azərbaycanın 6,3%-ini təşkil edən Naxçıvanın çox ciddi bir istehsal gücü vardır. Kəndlərdən şəhərlərə köçü əngəlləmək üçün hazırlanan layihələrin həyata keçirilməsi sürətləndirilibdir. Beləliklə, 480 min əhalisi olan Naxçıvan əkinçilik və heyvandarlıq sahəsində gözlənilən həcmdən daha çoxuna nail ola bilər.

Əgər lazım olan işlər görülərsə və dəstəklər ortaya qoyularsa, burada qastronomiya turizmini sürətlə inkişaf etdirmək mümkündür. Heyvandarlıq sahəsində ciddi imkan və qabiliyyətə sahib olan Naxçıvanda əkinçilik məhsullarının tamamına yaxını öz torpaqlarında istehsal olunur.
Şuşa zəfərindən həmən öncə görüşdüyümüz Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Kənardan tək bir çöp belə gəlməsə, 1 il ərzində özümüzə yetəcək qədər ərzağı hazır etdik” demişdi. Sədr görüşümüzdə bir müjdəni də vermişdi: “Türkiyə ilə Naxçıvan arasındakı gömrük qapısı yenilənib və daha müasir hala gətirilib”.
Bura Bolqarıstanla Türkiyə arasındakı mövcud qapı nümunə götürülərək, yenilənibdir. Açılışını Türkiyə və Azərbaycan prezidentləri edəcəkmiş, ancaq koronavirus infeksiyası səbəbilə təxirə salınıb. Məncə, bu açılışı önümüzdəki günlərdə görəcəyik.

Naxçıvan, eyni zamanda Azərbaycanla Türkiyə arasındakı əlaqələrin qovşaq nöqtəsidir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə Naxçıvanın rəhbəri Heydər Əliyev idi. Əliyev Naxçıvanın yeganə çıxış nöqtəsi olaraq Türkiyəni görürdü. 1992-ci ildə “Naxçıvan qapısı”nın və ya “Həsrət körpüsü”nün açılması ilə əlaqələr inkişaf etməyə başladı. Erməni tərəfinin körpünü havaya uçurmaq üçün hazırlıq görməsi belə, ictimaiyyətə bəlli olmuşdu. Açılışda iştirak edən dövrün Baş naziri Süleyman Dəmirəl “Burada cərəyan edən hadisə sadəcə bir körpü açılışı deyildir. 70 il ərzində bir-birindən ayrı qalmış insanların vüsala çatmasıdır” deyərkən, Heydər Əliyev də “Bu gün böyük bir bayramdır, yetmiş illik kor düyün çözülmüş, dəmir pərdələr parçalanmışdır. Bizi artıq bir-birimizdən bir tək Allah ayıra bilər” demişdir.

Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 759          Tarix: 21-11-2020, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma