Xəbər lenti

  

   Dərviş Cavanşirin ruhuna bir salavat   

       DƏLİ

Oyna deyirdilər,dəliyə,oyna!
Oyna deyirdilər,dəliyə,oyna...
Əgər oynamasan,
başını əzərik yoxsa bu daşla...
Dəli də əlinə daş yığa-yığa,
qaçırdı torpaq yollara...
bəlkə torpaq yolda 
onu daşlamağa daş tapmadılar.
Şeytan daşlamağa Allah evində 
daş tapılırsa,
bir yetim başını əzməyə 
quru səhrada da kəsək tapılar....
1998

SAXLAYIN BU KARVANI

Yerdə qumlar qaynayır,göydən od-atəş yağır.
Dəvələr ilğımlardan təşnə-təşnə su içir.
Günün ilkindi çağı uzaqdan ağır-ağır
Ayağı pöşülənən qoca bir dərviş keçir.

Dayan,a dərviş baba,yenə nə köçhaköçdü?
Gördüyün karvan ötdü,sürdüyün dövran keçdi.
Dünya yaranışından fələk bizlərlə öcdü,
Bilmirdinmi arğacın üstündən əriş keçir?

Köhnə yaram qövr edir,bağrəm olur qan gedir...
Neçə təxti-Süleyman əlində fərman gedir.
Saxlayın bu karvanı...məndə olan can gedir,
Çərxi dönsün fələyin,bu nə gərdişdi keçir?

02.08.1990

SƏNİ AND VERİRƏM

Səni and verirəm
yandırdığın şama,
qərib olduğumu
heç kimə demə...
Gecələr
şam işığında
mənim üzümə 
salavat düşür...
Pərvanələrin dilini 
anası da bilmir
şam işığı 
bilən qədər.
Odlu-odlu danışmağı 
pərvanələrdən öyrənmişəm,
sevməyi də eləcə...
Gecələr 
şam işığında
orucağız analar 
oxuyar duamızı...
Ayrılaq deyirsən,ayrılaq...

  QANLI YUXULAR YOZULMUR

Deyirdin yuxuda qan qovuşuqdu,
Mən görən yuxular yozulmur,ana.
Əski əlifbadı alın yazım da,
Əvvəli sonundan oxunur,ana.

Düzüymüş yazıya pozu yox sözü,
Yazdı torpağıma,daşıma yazdı.
Gördü mürəkkəbi quruyur fələk,
Batırıb gözümün yaşına yazdı.

Qan qana qovuşdu,qan da torpağa,
Torpaq çəkməyəni qan çəkir,ana.
Qanlı köynək oldum düşmən əlində,
O da yaxasını yan çəkir,ana.

Çox da ki,adımı od oğlu qoydun,
Mən pərvanə qanı tökmüşəm axı.
Qan oyanan vaxtı bu nə yuxuydu,
Yuxuda pərvanə görmüşəm axı?

Kişilər heç zaman tökülən qanı
Tökdüyü qanlarla yerdə qoymayıb.
Allaha xoş gedər əl-ələ versək,
Allah əlsizləri darda qoymayıb...

Deyirdin yuxuda qan qovuşuqdu,
Mən görən yuxular yozulmur,ana.
Əski əlifbadı alın yazım da,
Əvvəli sonundan oxunur,ana.
1990

UZAQDAN GÖRÜNÜM GEDİM

Köçümü çəkim dünyadan,
Seçməyim ağı qaradan.
Al bezi məni yaradan,
QAraya bürünüm gedim.

Göz yaşın yusun körpünü,
Seli uçursun körpünü.
Gözünə qiyamət günü 
Uzaqdan görünüm gedim.

O kimdi döyür özünü,
Əzrayıl öyür özünü.
Yaxın gəl,öpüm gözünü,
Gəlməmiş ölümüm,gedim.
05.05.1990

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 18-07-2017, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma