Şirvan sakini həyətində bu yerlər üçün xarakterik olmayan qəribə heyvana rast gəlib. Heyvanı tutan Ağasəməd İbrahimov onun adını və hansı növə aid olduğunu müəyyən etməkdə çətinlik çəkib.
APA məlumat verir ki, "çağırılmamış qonaq" üçün balaca bir sığınacaq hazırlayan ev sahibi dördayaqlı yırtıcının nə ilə qidalandığını bilmədiyindən ona hər gün bişmiş yumurta yedizdirir.
İnternet üzərindən aparılan axtarışla müəyyən etmək mümkün olur ki, latınca adı “vormela peregusna” olan bu nadir ekzotik yırtıcının yayılma arealı şimal-qərbi Monqolustan və Çin, Balkan yarımadası, Ön Asiya və qərbi Avropaya qədər gedib çıxır. Bizim ərazilərdə də bu yırtıcıya rast gəlmək mümkündür. Ancaq Aranda onu indiyədək görən olmayıb.
Əsasən səhra şəraitində yaşayan perequznanın gövdəsinin uzunluğu 27-38 santimetr, yetkin növünün çəkisi 350-750 qram olur. Səhra siçanları ilə qidalanan bu canlının müvəqqəti sığınacaqda vəziyyəti o qədər də münasib görünmədiyi üçün ev sahibləri onu zooparka və ya yaxınlıqda yerləşən həvəskar ekzotik heyvan kolleksionerlərinə təhvil verməyi düşünür.
Paylaş: