Gecə saatlarında nəşi Bakıya gətirilən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Birinci Fəxri Xiyabanda dəfn edilib. Məhşur alimlə vida mərasimi Milli Elmlər Akademiyasının binasında keçirilib. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi ölümündən 23 gün sonra Bakıya gətirilərək dəfn edilib.
Alimin cənazəsini gətirən təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Alimin nəşi cənazə namazı qılınması üçün Heydər Məscidinə gətirilib. Məsciddə alimin nəşi islam qaydalarına uyğun olaraq dəfnə hazırlanıb və onun yaxınları bir cərgə olaraq cənazə namazı qılıblar. Namazdan sonra alimin ruhuna dualar oxunub.
Daha sonra xüsusi avtomobilə qoyulan Lütfi Zadənin nəşi vida mərasimi üçün Milli Elmlər Akademiyasına aparılıb. Vida mərasimində Prezident İlham Əliyev və hökumət üzvləri iştirak ediblər. Mərasimdə görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Dövlət başçısı mərhumun ailə üzvü ilə söhbət edib, dərin hüznlə başsağlığı verib. Azərbaycanın xalq artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Vida mərasimindən sonra alimin nəşi dəfn olunmaq üçün I Fəxri Xiyabana yola salınıb və orada dəfn edilib. Dəfn mərasimində yüksək vəzifəli dövlət rəsmiləri, ayrı-ayrı qurumların rəhbərləri, elm adamları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Lütfi Zadə dünya elminə 6 önəmli nəzəriyyə gətirib. Onlardan biri olan qeyri-səlis məntiq nəzəriyyəsi isə alimin dünya elminə ən böyük töhfəsi olub. Dünya şöhrətli alim sentyabrın 6-da 97 yaşında Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında vəfat edib.\xezerxeber.com\
Paylaş: