Bu gün Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” rəhbəri Etibar Pirverdiyev hesabat verərkən gərgin anlar yaşanıb.
Strateq.az xəbər verir ki, Etibar Pirverdiyev öncə baş verən qəza ilə əlaqədar Prezidentdən və Azərbaycan xalqından üzr istədikdən sonra çıxışını davam etdirmək istəyib. Lakin Prezident İlham Əliyev onun çıxışını sərt suallarla dayandırıb:
– Biz bilirik son 15 ildə nələr görülüb. Sən qəzanın səbəblərini de və nə üçün ölkəni qaranlıq bürümüşdü?
Etibar Pirverdiyev:
– İyun ayında gündəlik elektrik istehsalını götürdükdə görürük ki, ayın əvvəlində 50-55 milyon arası enerji sərfiyyatı olub, son bir həftədə isə bu rəqəm 70-75 milyona çatmışdır…
Prezident:
– Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə əlaqələndirirlər. Bizdən də daha isti ölkələr var, orda belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər və qəzanın fəsadlarının aradan qaldırılması prosesi aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək. Bizim kifayət qədər enerji gücümüz var. Biz hazırda xarici ölkələrə elektrik enerjisi ixrac edirik. İsti havalarla bağlı istehlakın artması qəza səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz isə sadəcə olaraq, utanmalısınız – xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu qədər əziyyət vermisiniz isti havada. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar… İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin ziyanını hesablasaq, görərik, nə qədər ölkəyə iqtisadi ziyan dəyib.
Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. Hazırda Şimal-2 ES tikilməkdədir. Son 15 ildə 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sektoru çökməsin. Nə üçün Bakıda, Sumqayıtda və s. şəhərlərdəki elektrik stansiyaları qəza baş verəndə fəaliyyət göstərmir? Bunun səbəbləri haqda danışmalısınız, bunun izahatını verməlisiniz. Qəza səbəbi kimi istiliyin göstərilməsi məni qane edə bilməz.
Bir daha deyirəm, Yaqub Eyyubov və bütün komissiya üzvləri, məsələni ciddi araşdırmaq lazımdır, hamı fəal işləməlidir və qısa müddət ərzində birinci, xüsusilə ikinci qəzanın səbəbləri haqda mənə məruzə edilməlidir”.
Paylaş: