Xəbər lenti

2018-ci il prezident seçkilərinə hələ çox zaman var. O vaxta qədər ola bilər ki, hökumətlə bağlı yeni qərar qəbul olunsun, yaxud bununla bağlı heç bir qərar qəbul olunmasın.
Moderator.az xəbər verir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov struktur islahatları və baş nazirlə bağlı Musavat.com-a açıqlaması zamanı bildirib. Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını hökumətdəki dəyişiklik gözləntiləri ilə əlaqələndirənlərə cavab olaraq S.Novruzov deyib ki, bu, doğru deyil:
“Biz hər il ənənəvi şəkildə Milli Məclisin sessiyasını uzadırıq. Son 20 ildə müddət uzadılıb, bu da sırf iqtisadi qanunların qəbulu və digər məsələlərlə əlaqədardır. Ancaq mətbuatdan oxuyuram ki, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması Nazirlər Kabinetində dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu, sırf texniki xarakter daşıyır və Nazirlər Kabineti ilə heç bir bağlılığı yoxdur”.
YAP funksioneri hökumətdəki dəyişikliklər gözləntisi barədə bunları söyləyib:
“Hökumətlə bağlı ortada hələ bir şey yoxdur. Bu, cənab prezidentin səlahiyyətinə daxildir. Çox adam deyirdi ki, mart-aprel ayında vitse-prezidentlər təyin olunacaq. Onda da mən demişdim ki, kimin nə vaxt təyin olunması prezidentin səlahiyyətinə aiddir”.
 
S.Novruzov baş nazir postuna şanslı olan şəxslərlə bağlı da maraqlı fikirlər səsləndirib: “Elələri var ki, özlərini yada salmaq istəyirlər, adını qəsdən yayırlar ki, ictimaiyyətdə onunla bağlı reaksiyanı öyrənsinlər, yaxud hər hansı bir kampaniya başladılsın. Biz illər boyu belə halların şahidi olmuşuq. Bu gün də cənab prezident kimi məsləhət bilirsə, azad edəcək, kimi məsləhət bilirsə, təyin edəcək. Amma reallıqda bu gün hələ belə bir məsələ yoxdur. Nə partiyada, nə hökumətdə bununla bağlı müzakirələr aparılıb. Sadəcə, struktur islahatları gedir, Administrasiyada dəyişikliklər olub, yəqin ki, digər qurumlarda da ola bilər”.
 
Deputat bir məqamı da qeyd edib: “Hökumət mütəmadi olaraq Milli Məclisdə hər ilin mart ayında hesabat verir, o hesabata baxılır və təsdiq olunur. O cümlədən hansısa nazirin, hökumət üzvünün işi, fəaliyyəti cənab prezidentin birbaşa səlahiyyətinə daxildir. Pis işləyən halda, o, tutduğu vəzifədən azad edilir. İndiyə qədər bizdə hökumətin bütövlükdə buraxılması halı olmayıb, ancaq seçki dövründə bu proses olur, sonradan yeni təyinatlar başlayır”.
 
S.Novruzov baş nazirin yaşının 80-i adlamasında da problem görmür: “Yaşın nə fərqi var ki? Yaş insanın iş əmsalına təsir göstərən amil deyil. Elə gənc var ki, nə yeni ideya verə, nə işləyə bilir, nə iş fəaliyyəti var. Amma elə yaşlı nəslin nümayəndəsi var ki, kifayət qədər idarəçilik təcrübəsinə malikdir, bu gün də dövlətimiz üçün çalışır, fayda verir. Odur ki, yaşın əsas götürülməsi düzgün deyil. Hər bir insan bir gün qocalacağını düşünməlidir. Deməli, onda ona da deyəcəklər ki, sən yaşlı olduğun üçün tutduğun mövqedən kənara çəkilməlisən”.
S.Novruzovun qənaətincə, çeviklik də yaşla bağlı məsələ deyil: “Ümummilli liderimizin kifayət qədər yaşı var idi. Bütün ətraf dövlətlərin başçıları ondan cavan idi. Amma onun bir faizi qədər dövləti idarə edə bilmirdilər. Odur ki, məsələyə kollektiv şəkildə yox, fərdi yanaşmaq lazımdır. Məsələn, biz 65 yaşla əlaqədar qanun qəbul etdik. Amma onun effekti olmadı, sonradan məcbur olduq qanunu dəyişdik. Çünki bir insan 65 yaşında elmlər doktoru, professor olur, ancaq məhsul verən vaxt deyirik ki, tutduğun vəzifədən uzaqlaş! Onda bunun məhsuldarlığı nə dərəcədə olur? O cümlədən dövlət idarəçiliyində danışmaq yaşla bağlı deyil. Bu, insanın özünün psixologiyası və işgüzarlığı ilə bağlı məsələdir. Nə qədər cavan kadrlar, icra başçıları səriştəsizliyinə, dövlət idarəçiliyini bilmədiyinə görə tutduğu vəzifədən azad olunub? Burada söhbət sırf dövlətə, millətə xidmətdən, işgüzarlıqdan gedir”.

 




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 10-06-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma