İyunun 10-u axşam saat 20:30 radələrində Şəkinin Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirov bədənin qarın nahiyəsindən iki bıçaq yarası və döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, T. Qədirovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə iyunun 10-u axşam saatlarında Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib. T. Qədirov çayxanada çay içən zaman bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. T.l Qədirov küçəyə çıxan zaman naməlum şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları T. Qədirovu döyərək bıçaqlayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Paylaş: