Xəbər lenti

Türkiyədə yol hərəkəti təhlükəsizliyini təmin etmək, avtomobil qəzalarının sayının minimuma endirmək üçün qəza törədən sürücülərlə bağlı müxtəlif testlər həyata keçirilir. İki gün öncə növbəti testlərin nəticələri açıqlanaıb. Bu testlərdən biri də il ərzində 3 və daha çox qəza törədən sürücülərin fiziki və psixoloji sağlamlığının yenidən yoxlanılması, onların avtomobil idarəetməsi üçün nə dərəcədə yararlı olmasının növbəti dəfə imtahan edilməsidir.  
Yeri gəlmişkən, Türkiyədəki həmin test zamanı bəlli olub ki, 10 min 600 sürücü il ərzində 3 və daha çox qəza törədib.
Maraqlıdır, Azərbaycanda da bu və ya buna bənzər testlər keçirilə bilərmi? 
Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev hələ ki, Azərbaycanda bu cür testlərin keçirilmədiyini vurğuladı:
“Bizim qanunvericilikdə belə bir şey yoxdur. Bu cür testlər yalnız Türkiyədə deyil, Almaniyada da mövcuddur. Əgər sürücü il ərzində ikinci dəfə sərxoş halda avtomobil idarə etdiyi vəziyyətdə saxlanılarsa, o zaman psixoloji testə cəlb edilir. Onlar bunu onunla əsaslandırır ki, əgər bir sürücü il ərzində iki dəfə sərxoş halda sükan arxasına oturursa, deməli, onun psixikasında hansısa dəyişiklik baş verib ki, belə bir addım atıb.
Hesab edirəm ki, bu cür testlərin bizdə də olmasının elə bir zərəri olmazdı. Istənilən halda təcrübədən də görmüşük ki, inzibati məsuliyyətin gücləndirilməsi yol nəqliyyat hadisələrinin qarşısının alınmasına müsbət təsir göstərir. Əgər qanunvericilikdə bu cür testlərlə bağlı qanun qəbul edilsə, o zaman biz icraçı orqan olaraq bu qanunun tələblərini yerinə yetirməliyik. Ola bilsin ki, nə vaxtsa bizdə də bu cür testlərin tətbiqi mümkün olsun. Bu, bir daha qeyd etdiyim kimi, qanunverici orqanının işidir və mən onların adından nə isə deyə bilmərəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 13-06-2017, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma