Prezident İlham Əliyev görkəmli opera müğənniləri, xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.
Ovqat.com Xezerxeber.az-a istinadən məlumat verir ki, dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafindakı xüsusi xidmətlərinə görə Fidan Qasimovanı "İstiqlal" ordeni ilə təltif edib.
Xalq artisti Fidan Qasımovanı qarşıdan gələn ad günü münasibəti ilə təbrik edən dövlət başçısı, onun fəaliyyətini yüksək qiymətləndirib.
Fidan Qasımovanın hələ sovet dövründə Azərbaycanın Xalq Artisti, SSRİ Xalq Artisti adlarına layiq görüldüyünü vurğulayan Prezident İlham Əliyev, bunu istedada verilən qiymət kimi xarakterizə edib.
"Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim. 1997-ci ildə ulu öndərin Sərəncamı ilə siz "Şöhrət" ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim Sərəncamımla "Şərəf" ordeni ilə təltif edilmisiniz. Azərbaycan xalqı sizi sevir",- deyən dövlət başçısı, xalq artistinin müxtəlif ölkələrin səhnələrində ölkəmizi ləyaqətlə təmsil etdiyini bildirib.
Daha sonra prezident "İstiqlal" ordenini Fidan Qasımovaya təqdim edib. Buna görə dövlət başçısına təşəkkür edən xalq artisti Fidan Qasımova, sənətə və sənətkara verilən qiymətə görə minnətdarlığını bildirib.
Florensiyadan yeni qayıtdıqlarını bildirən Fidan Qasımova, dövlət başçısının diqqətinə məşhur vokal müəllimi Leonardo Belisinin Azərbaycanın müassir görkəmi haqqında İtaliyada qürur hissi ilə danışdığını çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: