“Müəllimlərin yerdəyişməsi zamanı məktəblərdə gender amili də nəzərə alınır. Bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə rekord sayda vakant yer çıxarılacaq. Hazırda vakant yerlərin toplanılması prosesi aparılır”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il vakant yerlərin sayının daha çox olmasının səbəbi bu yerlərin yeni mexanizmlə toplanmasıdır: “Əvvəllər vakant yerləri yerli təhsil şöbələri özləri müəyyən edirdi. Lakin bu il yerli şöbələrin nümayəndələri Təhsil Nazirliyinə dəvət edildi və onlarla birlikdə müəllimlərin dərs yükü hesablandı. Buna uyğun olaraq da vakant yerlərin elan edilib-edilməməsinə yerli təhsil şöbələri deyil, Təhsil Nazirliyi qərar verib”.
E.Bağırov bildirib ki, yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllimlərin iş yerinin dəyişməsinin təhlili hələlik aparılmayıb: “Amma vakant yerlər daha çox ibtidai sinif, texnologiya, təsviri incəsənət fənləri üzrədir. Şəhər yerlərində Azərbaycan dili, riyaziyyat fənləri üzrə müəllim sıxlığı olduğundan bu fənlər üzrə vakant yerlərin sayı azdır”.
O həmçinin əlavə edib ki, bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəllimlər arasında qadın müəllimlər üstünlük təşkil edir. Lakin şəhər yerlərində qadın, kənd məktəblərində kişi müəllimlərin sayı daha çoxdur.