Xəbər lenti

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun oğlu Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir.
Bu barədə “RİA Dagestan” agentliyi bildirir.
Agentliyin məlumatına görə parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.
Tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə iyunun 20-nə olan məlumata görə binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı. “Bəzi məlumatlara görə bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var. Habelə fəhlələr arasında dolaşan şaiyələrə görə Rusiya İstintaq Komitəsinin yerli idarəsinin rəhbərinin də bu tikintiyə aidiyyatı var. Görünür inşaatçıların saymazyana hərəkətinin də səbəbi buradan qaynaqlanır, onlar KİV-lərdə tikintinin qanunsuz olması barədə yazılanlara əhəmiyyət vermirlər”-“RİA Dagestan” bildirir.
Abbas Abbasovun oğlu Aydın Abbasov keçmiş deputatdır, bir vaxtlar Azərbaycanda da biznes aktivləri mövcud idi.
Xatırladaq ki, Dərbənddəki Nizami parkı tarixi-mədəni əhəmiyyətə malikdir, orada əsaslı tikinti qadağandır. Xüsusən də parkın ərazisində 2015-ci ildə XVI əsrə aid qəbiristanlıq aşkar edilib. Lakin park baxımsızlıqdan xarabalığa və zibilliyə çevrilib, o cümlədən virtualaz.org saytı dəfələrlə bu haqda yazıb. Nizaminin parkda yerləşən heykəli də baxımsızlıq ucbatından zədələnib. İndi isə Dağıstan məmurları dahi şairin adını daşıyan parkın abadlaşdırılması əvəzinə onun ərazisinin tikinti meydançasına çevrilməsinə şərait yaradıblar.(Virtualaz.org)

 




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 21-06-2017, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma