Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Bölgədə quraqlıq problemi; yağıntılar artsa da, çaylarda sululuq normadan aşağıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ciddi su qıtlığı ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, hazırda Türkiyədəki su anbarlarının bir qismi tamamilə boşalıb, digərlərində isə su səviyyəsi kəskin aşağı düşüb: “Günlük su istifadəsindən tutmuş, aqrar istehsala qədər bütün sahələrdə qənaət rejimində çalışmağa məcburuq. Ölkəmizdə suyun üçdə ikisindən çoxu aqrar istehsalda istehlak olunur. Suvarma sistemlərinin inşasını sürətləndirir, yeraltı su anbarlarının tikintisinə başlamışıq. Bu il mövsümi normalarından az olan yağışlar ölkəmizi ciddi bir quraqlıq təhdidiylə üz-üzə buraxıb”.Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, payızda ölkəyə düşən yağıntının miqdarı 2019-cu ilin eyni dövründəki 74,3 millimetrə qarşı 65,8 mm olub. Bu, 11 faiz azalma deməkdir. Özü də yağıntıların azalması Türkiyənin bütün ərazilərində müşahidə olunmaqdadır.
Türkiyə ərazisində quraqlığın şiddətlənməsi mənbəyini oradan götürən Kür və Araz çaylarında daha az suyun olacağı deməkdir ki, bu da Azərbaycanda vəziyyətin ötən ilkindən də acınacaqlı olacağı deməkdir. Məsələ burasındadır ki, qardaş Türkiyədə indi təhdidlər yaradan quraqlıq artıq 3 ildir Azərbaycanda ciddi problemlərə yol açmaqdadır. Ötən ilin iyulunda Prezident İlham Əliyevin yanında məhz bu məsələ ilə bağlı müşavirə keçirilib. Orada verilən məlumatda bildirilib ki, 2020-ci ilin iyuluna ölkənin əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcud olub ki, bunun da 8,6 milyard kubmetri ölü həcm idi. Əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdu.
Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, 2020-ci ildə ölkənin su ehtiyatları 2019-cu illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılmışdı. Proqnoza əsasən, 2020-ci ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edəcəkdi. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, 2020-ci ilin 6 ayında isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalıb.
Hazırda da Azərbaycan quraqlıq dövrü keçirməkdədir. Payız aylarında yağıntıların miqdarı 2019-cu ilin eyni dövründən çox olsa da, normadan aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Mərkəzinin Proqnozlar bürosunun rəhbəri Gülşad Məmmədovanın verdiyi məlumata görə, 2019-cu ilin dekabrında Bakı və Abşeron yarımadasında 22-39 mm (aylıq normanın 90-133 %), Balakən-Şəki zonasında 13-27 mm (aylıq normanın 28-71%), Qazax-Gəncə zonasında 4-26 mm (aylıq normanın 33-88 %), Mərkəzi Aran rayonlarında 8-25 mm (aylıq normanın 27-60%) yağıntı düşmüsdüsə, 2020-ci ilin dekabrında bu, Bakı və Abşeron yarımadasında 42-73 mm (aylıq normanın 168-212 %), Balakən-Şəki zonasında 26-74 mm (aylıq normanın 71-185 %), Qazax-Gəncə zonasında 12-29 mm (aylıq normanın 83-140 %), Mərkəzi Aran rayonlarında 17-50 mm (aylıq normanın 114-210%) təşkil edib.
Yağıntıların artmasına baxmayaraq, ölkənin çaylarında sululuq az olaraq qalmaqdadır. Qurumun hidrologiya mərkəzinin direktoru Asif Verdiyevdən aldığımız məlumata görə, hazırda daxili çaylarda qış azsululuq dövrü müşahidə olunur. Belə ki, bu dövrdə çaylarda sululuq əsasən yeraltı su hesabına formalaşır.
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130%-ni, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normanın 40-195%-ni, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla normanın 70-85%-ni təşkil edir.
Yanvarın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 92,0 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 112 m3/s olmaqla, ongünlük normanın 70 %-ni təşkil etmişdi.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 25,0 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 28,0 m3/s olmaqla, ongünlük normanın 42 %-ni təşkil etmişdi.
Yanvarın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 349 sm (2020-ci il yanvarın 13-də bu rəqəm 420 sm təşkil etmişdi), Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 181 sm (2020-ci il yanvarın 13-də 263 sm təşkil etmişdi), Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyərək 141 sm (2020-ci il yanvarın 13-də 187 sm təşkil etmişdi), Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 13 sm artaraq 163 sm olub (2020-ci il yanvarın 13-də bu rəqəm 145 sm təşkil etmişdi).
Bu göstəricilər o deməkdir ki, qışın qalan aylarında və yazda yağıntıların miqdarında kəskin artım olmasa, Azərbaycan ötən ilkindən daha böyük su problemi ilə üzləşə bilər. Türkiyədən axan Kür və Arazda suyun gözlənilən azalması ilə yanaşı bizim Şimaldakı su mənbəyimizlə bağlı da problemimiz var. Belə ki, ölkənin şimal-şərqini - xüsusilə də Abşeron yarımadası və Bakı şəhərini su ilə təchiz edən Samur çayının suları da Rusiya ərazisində formalaşır, kiçik bir hissəsi Azərbaycan ərazisinə düşür. “Azərsu” ASC-nin verdiyi məlumata görə, bilavasitə Samur çayından götürülən su hesabına formalaşan Ceyranbatan su anbarı Bakı və Sumqayıt da daxil olmaqla, bütövlükdə Abşeron yarımadasının su təchizatında orta hesabla 55 faiz paya malikdir. Yay aylarında suya tələbat artanda bu pay 66-67 faizə qədər yüksəlir. Bundan əlavə, Samur çayından çəkilən kanallarla şimal-şərq rayonlarında torpaqların suvarılması həyata keçirilir. Uzun illər boyu Azərbaycan Samurdan öz ehtiyacları üçün su götürməkdə problem yaşamayıb. Lakin son illərdə Dağıstanda yaşanan quraqlıqlar onların da Samurdan daha çox su almasını tələb edir. Bu isə yerli hökumətin Azərbaycanın çaydan istifadəsinə məhdudiyyət qoyulması təklifi ilə mərkəzi hökumətə müraciət etməsinə səbəb olub. Ötən ilin yayında məhz bu müraciətlə bağlı Rusiya tərəfi ilə Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-si arasında danışıqlar aparıldı. Danışıqların nəticələri hələ açıqlanmayıb...
Cari ildə Azərbaycanın su təchizatında yeganə pozitiv gözlənti işğaldan azad olunan ərazilərimizdəki su mənbələrinin dövriyyəyə cəlb olunması perspektividir. Qarabağın dağlıq hissəsi, həmçinin Laçın-Kəlbəcər ərazisi bolsulu çaylarla zəngindir. Bu barədə ötən noyabrın 25-də Kəlbəcər rayonunun azad olunması münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev də məlumat verib: “Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlayıb və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”.
Qarabağ ərazisində ən böyük su anbarı Sərsəngdir. Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Ondan sonra gələn Suqovuşan su anbarı Azərbaycanın nəzarətində olsa da, Sərsənglə bağlı hələlik bunu demək mümkün deyil. Gözləntilər budur ki, mənbəyini artıq azad olunmuş Kəlbəcər ərazisində götürən Tərtər çayının suyuna möhtac olan Sərsəng su anbarından Azərbaycanın suvarma məqsədilə istifadə etməsi yaxın vaxtlarda mümkün olacaq.
Dünya SAKİT,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar