Xəbər lenti


"“Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb. O, statusunda uşaqpulu tələbi ilə çıxış edən müxalifət nümayəndələri və ekspertlər haqqında aşağılayıcı ifadələr işlədib: "Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etməyib".

İ.Məmmədov daha sonra bu məsələ ilə bağlı partiyasının mövqeyini açıqlayıb: "Sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər. Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1`dən aşağı düşüb. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında, əlbəttə, doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.

Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideynlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərclənməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideynləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s".

İ.Məmmədov bildirib ki, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub: "ReAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.

Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik".

Qeyd edək ki, İlqar Məmmədovun bu mövqeyi kəskin tənqidlərə və ictimai qınağa səbəb olub. Xüsusən müxalifət düşərgəsində təmsil olunan şəxslər, ekspertlər ona sərt cavab veriblər.

Azərbaycan Demokratik Rifah Hərəkatının rəhbəri (ADR), iqtisadçı Qubad İbadoğlunun ona cavabı digərlərindən fərqlənir. O, yazır: "Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporativ, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökumətyönlü mövqedə dayana bilərsiniz. Amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları "yaramaz", "debil" adlandırasınız. Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil, 12 aydan ibarətdir, ildə 1 milyon uşağa 100 manat ödəniləndə 1 milyard deyil, 1,2 milyard manat edir), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz?...

Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, büdcə fondlarının şəffaflığını, hesabatlılığını, məmurların gəlir bəyannaməsini tələb edin.

Siz, İlqar Məmmədov, siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksikonunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikrə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olun mühiti daha da korlamayın!
Siz, İlqar Məmmədov, yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz "yaramaz" və "debil" ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə, debat aparmağa hazıram. Amma öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!"



Ana səhifəyə qayıt        Baxış: 3 270          Tarix: 2-04-2021, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma