Xəbər lenti
Dünən, 19:25

 
18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl Laçın rayonunda 50 mindən çox əhali yaşayırdı. Onlar arasında ermənilər də vardı, amma barmaqla sayılacaq qədər. 1979-cu ildə keçirilən əhalinin siyahıalınmasının nəticələrinə görə, rayonda cəmi-cümlətanı 34 erməni tapılmışdı. Azərbaycan türklərinin sayı 44 665, kürdlərin sayı isə 2 437 nəfər idi. Başqa sözlə, Laçın başdan-ayağa türk yurduydu.
 
Rayon işğal olunandan sonra pərən-pərən düşən Laçınlılar ölkənin 57 şəhər və rayonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. Sayları da artdı. 2014-cü ildə yurd-yuvalarından didərgin salınmış Laçınlıların sayı 80 mini keçmişdi. İndi bəlkə də bu rəqəm 100 minə yaxınlaşır. Əsl sakinlərinin arxada buraxdıqları rayona isə Ermənistanın və dünyanın müxtəlif yerlərindən gətirilmiş ermənilər yerləşdirildi. 
 
Laçının erməniləşdirilməsi 28 il sürdü. Ötən il senyabrın sonlarında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində rayonun yeni qəsbkar sakinləri də ölkəmizdən qovulan soydaşlarına qoşulub İrəvana üz tutdular. Təbii ki, İrəvan hökumətinin onların dərdinə çarə tapacağını umurdular. Üzərindən 8 ay keçməsinə baxmayaraq, hələ də bu ümidləri doğrulmur. “Laçın erməniləri” isə artıq bu vəziyyətə dözmək fikrində deyillər.
 


Ovqat.com-un məlumatına görə, qəsbkar “laçınlılar” bu gün İrəvanda etiraz aksiyası keçiriblər.
 
Tələbləri işlə təmin olunmaları, yaxud qaçqınlıq statusu almalarıdır. Qaçqınlıq statusu istəmələri də səbəbsiz deyil. Onlar bu statusla Avropaya, Rusiyaya getmək istəyirlər. Hesab edirlər ki, qaçqınlıq statusları İrəvan tərəfindən rəsmən təsdiq olunarsa, 1992-ci ildə qəsb etdikləri ərazidən qovulduqlarına görə sığınacaqları yeni ölkədə onların üzünə xoş baxacaqlar, dərhal evlə, müftə yemlə təmin edəcəklər.
 
Etirazçıların bildirdiklərinə görə, inzibati-ərazi olaraq qondarma “DQR”-yə aid rayonun “sakinləri” sayılsalar da, Xankəndidən heç nə gözləmirlər. Gərək onlara 10 noyabr Bəyanatına imza atan Nikol Paşinyan gün ağlasın. Əslində bu məsələdə də çoxbilmiş tərpənirlər. Axı kimdir Avropada tanınmamış “DQR”-nin verdiyi saxta sənədə məhəl qoyan? Ermənistan isə dövlət hesab olunduğundan verdiyi sənəd bəlkə işə yaraya bilər.
 
Aksiyada iştirak edən “Laçın erməniləri”ndən birinin etirafına görə, əksəriyyətinin övladları hazırda Qarabağdakı qanunsuz hərbi hissələrdə xidmət göstərirlər. Belə çıxır ki, indi belə,  ağılları başlarına gəlməyib, öz övladlarını qəsbkar müharibədə hansı güc mərkəzlərinin geosiyasi oyunlarına qurban verməkdən çəkinmirlər.
 
“Laçın ermənilərinin” iş tələbləri də sadə deyil. Heç bir işlərinin olmadığı paytaxtda qalmaq istəmədiklərini etiraf edən etirazçıların torpağa ehtiyacları var. Yalnız kənd yerlərində yaşaya və işləyə bilərlər.


 
Onların bir başqa tələbi isə yaşayış yeri ilə təmin olunmaqdır. Laçından qaçarkən İrəvan hökuməti onlara  bir miqdar kompensasiya pulu vermişdi. Onlar isə bu pulla ev tikə bilməyəcəklərini iddia edir və hökumətdən pul yox, ev istəyirlər.
 
Tələblərinin siyasi olmadığını vurğulayan etirazçılar, saylarının təxminən 13 min nəfər olduğununu, 3 min civarında ailənin Laçini tərk etmək məcburiyyətində qaldığını bildirirlər.
 
"Tezliklə burada olduğumuzdan bir il keçəcək, amma indiyə qədər Ermənistan hökumətindən konkret cavab almamışıq. Buradakı yaşayışımız üçün lazım olan şəraiti nə vaxt təmin edəcəklərini  konkret olaraq bildirsinlər, ya da Rusiyaya, AB ölkələrinə getmək üçün bizə qaçqın statusu versinlər", - etirazçılardan biri mətbuat açıqlamasında deyib.
 
Aksiyaçılar İrəvan hökumətinə problemlərinin həlli üçün 7 gün müddətində vaxt qoyublar. Hökumət bu tələbləri mütləq yerinə yetirməlidir, yoxsa...  “Yoxsa”sı yoxdur. Əks halda nə edəcəklərini heç özləri də müəyyənləşdirə bilməyiblər.
 
Etirazçılar arasında Dağlıq Qarabağa qayıtmaq istəyənlər də var.
 
Məlumata görə bu, “Laçın erməniləri”nin ilk etiraz aksiyası da deyil. Dəfələrlə bu cür aksiya keçirən etirazçıların probleminə İrəvan hökuməti “xala xətrin qalmasın” şəklində baxıb da. Bildirilir ki, onların problemləri Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə keçirilən Qarabağın bərpası üzrə işçi qrupunun iclasında müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 5 623          Tarix: 2-09-2021, 21:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma