Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Məlum olduğu kimi, bir müddət əvvəl Naxçıvan Daxili İşlər Nazirliyində ciddi kadr və struktur islahatları baş vermişdi. Naxçıvanın Daxili İşlər naziri öz hesabına məzuniyyətə (adına gedər-gəlməz məzuniyyəti də demək olar) göndərilmiş və ardınca MR DİN-də bir sıra mühüm mühüm şöbələr ləğv olunmuşdu. Ləğv olunmuş şöbələr:
Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.
Göründüyü kimi, aparılan “struktur” islahatları nəticəsində Naxçıvan DİN-nin sadəcə adı qalmış, nazirlik içi tamamən boşaldılmış mücrü halına gətirilmişdi. Sözsüz ki, bu “struktur islahat”larının hansısa mühüm səbəbləri olmalıdır və Muxtar Respublika rəhbərliyinin indiyədək atılan addımlara aydınlıq gətirməməsi müxtəlif versiyaların meydana çıxmasına şərait yaradır. Bəziləri bunu ailədaxili məsələlərin idarəçiliyə yansıması kimi, bəziləri isə Naxçıvanın artıq muxtar hüquqlarından mərhum edilməsi prosesinin başlanması kimi qiymətləndirirdilər. Maraqlıdır ki, hər iki versiyanı əsaslandırmaq üçün ciddi əsaslar da var.
Ovqat.com-un Naxçıvandakı yüksək dairələrdən əldə etdiyi bəzi məlumatlar bu islahatların yalnız MR DİN ilə məhdudlaşmadığını, həmçinin iqtisadi strukturları da əhatə etdiyini göstərir. Bu da Muxtar Respublikada tədrici siyasi islahatların başlanmasından və mövcud rəhbərliyin yavaş-yavaş şələ-şüləsini yığışdırıb bölgəni təhvil vermək ərəfəsində olduğunu göstərir.
Bildirildiyinə görə, Muxtar Respublikanın hardasa bütün iqtisadi gücünü əlində saxlayan kürd əsilli Türkiyə vətəndaşı Emin Uçar rəhbərlik etdiyi “Gəmiqaya” Holdinqindəki vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə 2018-ci ilə qədər Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini vəzifəsində çalışan Asəf Məmmədovun təyin olunduğuna dair xəbərlər var.
Qeyd edək ki, Asəf Məmmədov işdən çıxarıldıqdan sonra barəsində müxtəlif xoşagəlməz məlumatlar yayılmış və onu məişət pozğunluğunda günahlandıran xəbərlər media qurumlarına servis edilmişdi. Hətta bu faktlar üzə çıxdığına görə Asəf Məmmədovun intihar etdiyinə dair məlumatlar da nüfuzlu saytlar tərəfindən yayılmışdı. Üzərindən az keçməmiş Asəf Məmmədovun özü media orqanlarına açıqlama verərək “intihar etmədiyini” və haqqında yayılan qarayaxma xəbərlərin yalan olduğunu bildirmişdi. Görünən bu idi ki, kimlərsə onun işdən uzaqlaşdırılması ilə kifayətlənməmiş, nüfuzdan salaraq tamamən bitirmək yolunu tutmuşdu. İddialara inansaq, bu qarayaxma kampaniyasının başında Emin Uçara yaxın dairələr dayanırdılar. Bildirilir ki, “Gəmiqaya” Holdinginə nəzarət hələ 2018-ci ildə Asəf Məmmədovun nəzarətinə verilmək istənilirmiş. Bundan xəbər tutan Emin Uçar Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov vasitəsilə Asəf Məmmədovu tamamilə zərərsizləşdirməyə çalışmış və öz istəyinə qismən nail olmuşdu. İndi isə Asəf Məmmədovun “Gəmiqaya”nın rəhbərliyinə gətirilməsi onun da asan qırılan qoz olmadığını göstərir.
Maraqlıdır ki, Asəf Məmmədovun işdən uzaqlaşdırılmasında mühüm rol oynayan Məhərrəm Talıbovun da bu hadisədən sonra Naxçıvandakı mövqeyi sallanmağa başlamışdı. Ötən ilin aprel ayında onun nəzarətində olan “Dizayn” Holdinqdə audit yoxlamaları aparılmış və ciddi maliyyə saxtakarlıqları aşkarlanmışdı. Hətta holdinqin formal sahibi İlqar Sadıqov bir neçə günlüyə həbs də olunmuşdu. Halbuki onun bu yeyintilər və saxtakarlıqla heç bir əlaqəsi yox idi. Sadəcə Məhərrəm Talıbovun sürücüsü olduğundan “Dizayn” firması onun adına rəsmiləşdirilmişdi. Görünür, cidanı cuvalda gizlətməyin mümkünsüzlüyünü anlayan Muxtar Respublika rəhbərliyi binəva sürücünün yaxasını buraxmaq məcburiyyətində qalmışdı.
“Gəmiqaya” Holdinqin indi başqa sahibləri də var. Naxçıvan Daxili işlər nazirinin sabiq müavini Tahir Alahyarovun qardaşı Zakir müəllimin də “Gəmiqaya” Holdinqdə yüksək vəzifəyə gətirildiyinə dair xəbərlər almışıq. Zakir Allahyarovun təcrübəli mühəndis olduğu bildirilir. Holdinqdə yüksək vəzifəyə gətirilənlərdən biri də Naxçıvanın ən korrupsioner sabiq məmurlarından sayılan və uzun müddət Naxçıvan Şəhər Dövlət Notariat Kontorunun rəhbəri vəzifəsində işləyən, bu səbəbdən də el arasında “Notarius Səfiyar” kimi tanınan şəxsdir. Qeyd olunur ki, Zakir Allahyarovla Asəf Məmmədov yeznə-qayındır.
Şəkildə: Asəf Məmmədov
Məlumata görə, Naxçıvanın digər holdinqləri də artıq “hərraca” çıxarılıb. Daha doğrusu, Naxçıvan rəhbərliyi hakimiyyət gücündən istifadə edərək, əllərindəki demək olar ki, bütün özəl müəssisələri keçmiş məmurlara zorla satıb. Məlumat mənbəyimiz bunu Vasif Talıbovun hakimiyyətdən uzaqlaşdırılması ehtimalı ilə izah edir. İddiaya görə, hazırda Naxçıvandakı hakimiyyətin tədricən Bakıya təhvil verilməsi prosesi gedir və şələ-şüləsini toplamaq havasına girən rəhbərlik obyektlərini baha qiymətə keçmiş məmurlara sırıyır. Artıq 5 ulduzlu “Təbriz” və “Duzdağ” hotellərinin keçmiş məmurlardan birinə xeyli baha qiymətə satıldığı bildirilir. Hotellərin hansı məmura və neçəyə satıldığı dəqiqləşdirilir.
“Nəqşi-cahan” motel və restoranının da çıxdaş edildiyinə dair məlumatlar var. Bilirilir ki, obyekti Naxçıvan şəhər icra hakimiyyətini sabiq başçısı Vüqar Səfərova xeyli baha qiymətə satıblar. Səfərov indi oranı qardaşı ilə bərabər işlədir. İddialara inansaq, “Nəqşi-cahan”ın yeni sahibi obyekti almaq istəməsə də, ona keçmişdəki xətaları bir-bir xatırladılıb, dolayısıyla “ya alacaqsan, ya da içəridə yatacaqsan” seçənəyi ilə qarşısında olduğu diqqətinə çatdırılıb. Məcburən böyük mülk sahibi olan Vüqar Səfərov indi yeni obyektində qonum-qonşudan aldığı borcları çıxarmaq üçün qollarını çırmalayıb qardaşı ilə birlikdə müştərilərinə xidmət edir.
Naxçıvan “xanlığının” öz mülkiyyətini və sərmayəsini xarici ölkələrə köçürdüyü iddia edilir. Bildirildiyinə görə, bu işdə onlara ən çox dəstək verən və yol göstərən də özgəsi yox, “Gəmiqaya” Holdinqin keçmiş rəhbəri Emin Uçardır. Kürd əsilli bu iş adamının köməkliyi ilə varidatını Gürcüstanın Batum, BƏƏ-nin Dubay şəhərlərinə və Belarusa köçürən “xan” ailəsinin sorağını bundan sonra xarici dövlətlərdən ala biləcəyik. Eynilə Bakı nefti ilə milyardlar qazanıb İsveçdə dünya elminin inkişafına yatıran Nobel qardaşları kimi. Yeganə təsəllimiz isə o olacaq ki, bu dəfə Azərbaycanın dotasiyası ilə varlananlar öz familiyamızı və adımızı daşıyacaqlar.
Naxçıvan MR-in maliyyə qurumları da “xanlığın” nəzarətindən çıxarılıb. Xatırladaq ki, Azərbaycandan aldığı dotasiya hesabına yüzminyonlarla dollar sahibinə çevrilən Naxçıvan hakimiyyəti 2015-ci ildə baş verən devalivasiya zamanı xeyli səxavətlənmiş və banklara kredit borcunu köhnə məzənnə ilə almağa qərar vermişdi. Nə umruna, pul özgənin, çul özgənin. Respublika hakimiyyətinin dotasiyası hesabına bir növ kredit borclarını silən Naxçıvan rəhbərliyinin bu addımı o zaman Azərbaycanda nüfuz qazanıb ən yüksək vəzifəyə can atmaq səyi kimi qarşılanmışdı. Məhz bu səbəbdən də devalivasiya gərginliyi səngiyən kimi, Muxtar Respublikadakı bir çox bankların yerli filiallarının ləğv edilmiş, yerlərində heç bir muxtar statusu olmayan şöbələr yaradılmışdı. "Kapital Bank ASC-nin Naxçıvan MR Baş İdarəsi" belə banklardan biri idi. Ötən il bu filial tamamilə ləğv edilərək yerində yaradılan rayon şöbələrinə bütün rəhbər kadrlar Bakıdan təyin olunmuşdu. Bildirilir ki, bankın yeni rəhbərliyi tərəfindən keçmiş fəaliyyəti diqqətlə araşdırılıb və külli miqdarda çirkli pulların yuyulması və müxtəlif ofşor hesablara köçürülməsi ilə bağlı məlumatlar toplanıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdi. Baş Prokurorluğun Naxçıvana ezam olunmuş komissiyasının yoxlamaları nəticəsində də milyonlarla manat pulun mənimsənildiyi iddiaları öz təsdiqini tapmışdır. Yaxın günlərdə bununla bağlı qalmaqallı cinayət işinin başladılacağı və bir sıra bankirlərin qoluna qandal vurulacağı gözlənilir.
Qısası, aldığımız məlumata görə, Naxçıvanın bütün idarə strukturlarının tamamilə Azərbaycana inteqrasiya ediləcəyi gözlənilir. İndiki hakimiyyətin səhv və ya şüurlu şəkildə vəzifəyə yerləşdirdiyi kimliyi və fəaiyyəti şübhəli şəxslərin cəzalanacağı gözlənilir. İddialara görə, Naxçıvanın “Azərbaycanlaşdırılması” prosesində ilk işin Daxili İşlər Nazirliyindən başlanılması da təsdüfi deyil. Həm keçmiş, həm də bir müddət əvvəl gedər-gəlməz məzuniyyətinə göndərilən Daxili İşlər nazirlərinin fəaliyyətində dövlət təhlükəsizliyinə zidd məqamların aşkarlandığı iddialar arasındadır. Növbəti təmizlənmə işinin Gömrük Komitəsində aparılması gözlənilir.
Xatırladaq ki, Sədərək gömrük-keçid məntəqəsinin sədri Mirməhəmməd Seyidov hələ 2014-cü ildə Qars hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. Dilucu sərhəd keçid məntəqəsində aparılan əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi, 10 daşıma şirkətinin sahibi olmaqla, ümumilikdə 17 nəfər göz altına alınmışdı. Türkiyə böyük beynəlxalq qalmaqala yol açmamaq və düşmənləri sevindirməmək üçün Mirməhəmməd Seyidovu Azərbaycana təhvil versə də, Naxçıvan rəhbərliyi də sanki Ankaranın açığına bu adamı nəinki cəzalandırmamış, əksinə vəzifəsini bir az da yüksəldərək Naxçıvan Dövlət Gömrük Komitəsinə sədr müavini təyin etmişdi. Üzərindən bir neçə il keçməmiş yeni vəzifəsindən uzaqlaşdırılan M.Seyidovun bir müddətdən sonra da intihar xəbəri gəlmişdi. İddialara inansaq, Seyidovun işində bir sıra qaranlıq məqamlar var və bu məqamlar Naxçıvan gömrüyünün indiki rəhbərliyinin də başını ağrıda bilər.
Məlumat üçün bildirək ki, Naxçıvanın indiki gömrüyünün sədri Səhət Həbibbəyli Ramiz Mehdiyevin sağ əli olan və qələmə aldığı mədiyyələri ilə uşaqlarına gün ağlayan akademik İsa Həbibbəylinin oğludur.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar