Pomidor sahələrində xəstəlik yayılıb. Ziyanverici həşəratlar hektarlarla ərazidə məhsulun zay olmasına səbəb olub.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, söhbət Masallıdan gedir. Rayonun 3 kəndində - Qızılağac, Halinovka və Hüseynhacılı kəndlərində fermerlərə ciddi ziyan dəyib. Pomidor əkilmiş 20 hektarlıq sahədə bütün məhsul zay olub. Təsərrüfat sahibləri əkilən hər hektara görə təxminən 2 min manat zərər olduğunu deyirlər.
Fermerlər əkin vaxtı əsasən İrandan gətirilən "Fanat" və "Bolqar" sortlarından istifadə ediblər. Bu toxumdan əldə olunan məhsul daşınmaya daha davamlı olduğu üçün pomidor Rusiyaya aparılırdı. Hazırda xəstəlik və qurd məhsulu yetişməyə qoymur. Aparılan dərmanlama işləri də heç bir nəticə vermir.
Bitki mühafizə idarəsi xəstəliyin kəskinləşməsinə və genişlənməsinə əsas səbəb kimi zərərvericilərin yumurta qoyub çoxaldığı alaq otlarının təmizlənməməsini və kortəbii dərmanlamanı göstərir.
Artıq fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumatlar verilib. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılacağı bildirilir.
Paylaş: